Boşanma rəqəmləri şoka saldı: Biz artıq Avropanı da keçdik – Azərbaycan ailəsi ÇÖKÜR!
8-05-2026, 15:24

Bir vaxtlar cəmiyyətin ən möhkəm dayağı sayılan Azərbaycan ailəsi indi ciddi sınaq qarşısındadır. Rəsmi statistikalar göstərir ki, ölkədə boşanmaların sayı sürətlə artır və artıq bu göstərici Avropa ortalamasını geridə qoyur. Mütəxəssislər xəbərdarlıq edir ki, ailə dəyərlərinin aşınması, iqtisadi çətinliklər, sosial şəbəkələrin təsiri və fərdi azadlığın ön plana çıxması cəmiyyətdə dərin sosial dəyişikliklərin yaşandığını göstərir.
Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, Azərbaycanın uzun illər Avropanı nümunə kimi qəbul etməsi bəzi hallarda yanlış istiqamətlərin formalaşmasına gətirib çıxarıb:
“Avropanın nümunə kimi qəbul edilməsi artıq müəyyən mənada yanlış seçim olduğunu göstərir. Biz Avropa dəyərlərini inteqrasiya etməyə çalışdıqca, təbii ki, sosial dövlət modeli, sosial himayə və idarəetmə prinsipləri baxımından öyrənəcəyimiz çox məqam var. Amma digər tərəfdən Avropanın ailə modeli artıq böhran həddini yaşayır və biz də bu nümunələri önə çəkdikcə ailə dəyərlərinin aşınması prosesi sürətlənir”.
Sosioloqun sözlərinə görə, maddi çətinliklər və sosial təsirlər ailə institutuna ciddi təsir göstərir:
“Maddi imkanların məhdudlaşması, iqtisadi çətinliklərin həddindən artıq qabardılması, sosial şəbəkələrin təsiri və fərdi azadlığın ailədən üstün tutulması artıq Azərbaycanda sosial gündəmə çevrilib. Erkən evliliklər və qohum nikahları ilə bağlı qadağalar da müəyyən dinamikanın azalmasına təsir edən amillərdəndir”.
Naib Niftəliyev qeyd edib ki, ailə böhranı dərinləşdikcə evliliklərin sayı azalır, boşanmalar isə artır:
“Ailə gərginliyi və ailə böhranı artdıqca qurulan ailələrin sayı azalır. Bunun müqabilində boşananların, eləcə də ailə həyatını rəsmi və qeyri-rəsmi şəkildə tərk edənlərin sayı artır. Bu artıq təbii dinamikanın nəticəsidir. Bir tərəfdən ailə qurmağın çətinlikləri, digər tərəfdən artan qayğılar və sosial təsirlər bu prosesi sürətləndirir”.
Sosioloq hesab edir ki, fərdi maraqların və şəxsi azadlığın ön plana çıxması ailə münasibətlərini dəyişdirib:
“Azərbaycanda ailə anlayışı dəyişməyib, sadəcə ailəyə münasibət dəyişib. Azadlıq anlayışı, fərdi məqsədlər, karyera və şəxsi maraqlar daha çox ön plana keçir. Xanımlar da buna təşviq edilir. Amma nəzərə almaq lazımdır ki, həm karyeranı, həm də ailə həyatını eyni anda idarə etmək ciddi çətinliklər yaradır”.
Ekspert vurğulayıb ki, ailə institutunun zəifləməsi bütövlükdə cəmiyyətə təsir göstərir:
“Ailənin sağlam təməl üzərində qurulması cəmiyyətin rifahını, inkişafını və gələcəyini müəyyənləşdirir. Ailə problemləri artdıqca davranış problemləri, sosial gərginlik və digər çətinliklər də çoxalır. Əgər boşanmaların sayı evliliklərin sayını keçirsə və bu göstərici 60 faizə çatırsa, bu artıq yalnız Avropanı keçmək deyil, ailə dəyərləri ilə bağlı bütün toxunulmaz məqamların aşılması deməkdir”.

