Üzümün insan orqanizminə görünməmiş faydası məlum oldu
Bu gün, 16:18

Üzümün gündəlik rasiona daxil edilməsi insan orqanizminin ultrabənövşəyi şüalanmaya qarşı müqavimətini 30%-dən 50%-ə qədər artıra bilər. Yeni elmi məlumatlar göstərir ki, üzümün dəriyə müsbət təsiri daha genişmiqyaslıdır və demək olar ki, hər kəsə şamil edilə bilər.
Bu barədə "Science Daily" nəşri məlumat dərc edib.
Aparılan elmi təcrübə zamanı könüllülər iki həftə ərzində hər gün üç porsiya təzə üzüm istehlak ediblər. Mütəxəssislər bu pəhrizdən əvvəl və sonra iştirakçıların dərisinin ultrabənövşəyi şüalara qarşı reaksiyasını dərindən araşdırıblar.
Nəticələr göstərib ki, üzüm bütün təcrübə iştirakçılarında dərinin müdafiə sistemini gücləndirib. Alimlər dərinin xarici amillərə qarşı qoruyucu baryerini formalaşdıran proseslərdə ciddi aktivləşmə qeydə alıblar.
"Genlərin ifadəsindəki (ekspressiyasındakı) dəyişikliklər dəri vəziyyətinin yaxşılaşdığını sübut edib. Lakin dəridən başqa, üzüm istehlakı demək olar ki, qaraciyər, əzələlər, böyrəklər və hətta beyin kimi digər bədən toxumalarında da genlərin fəaliyyətinə müsbət təsir göstərir", - deyə ABŞ-dəki Qərbi Yeni İngiltərə Universitetinin Əczaçılıq və Tibb Elmləri Kollecinin professoru və dekanı Con Petstsuto bildirib.
Bundan əlavə, alimlər hüceyrələrin zədələnmə göstəricisi (oksidləşdirici stresin markeri) olan malondialdehid səviyyəsini ölçüblər. Üzüm pəhrizindən sonra iştirakçılarda bu maddənin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşdüyü, bununla da hüceyrə zədələnməsinin minimuma endiyi müəyyən edilib.

