Qızıl, xəzinələr və sirlər: 3 əsrlik qəza və milyardlarla dollarlıq iddialar
Bu gün, 15:24

Kolumbiya sahilləri yaxınlığında üç əsrdən çox əvvəl qızıl, gümüş və zümrüdlərlə birlikdə batmış İspaniya qaleonu "San-Xose” ətrafındakı mübahisələr yenidən alovlanıb. İctimai fəallar və arxeoloqlar hakimiyyəti şəffaf davranmamaqda, mümkün talançılıqda və dünyanın ən qiymətli sualtı arxeoloji abidələrindən birinə lazımi qaydada yanaşmamaqda ittiham edirlər.
Bu barədə "The Art Newspaper” yazır.
"San-Xose” qaleonu 1708-ci ildə İspaniya irsi uğrunda müharibə zamanı Britaniya donanmasının hücumundan sonra batıb. Gəmidə olan təxminən 600 nəfərin əksəriyyəti həlak olub. Gəmi ilə birlikdə 600 metrdən artıq dərinliyə İspaniyanın hərbi kampaniyasını maliyyələşdirmək üçün nəzərdə tutulmuş böyük həcmdə qiymətli metallar və daş-qaşlar da qərq olub.
Kolumbiya hökuməti 2015-ci ildə gəminin tapıldığını elan etdikdən sonra "San-Xose” dünyada ən çox mübahisə doğuran gəmi qəzalarından birinə çevrilib.
Abidəyə mümkün müdaxilə ilə bağlı ittihamlar
Bu yaxınlarda Kolumbiyanın sualtı mədəni irsinə ictimai nəzarət təşkilatı olan "Veeduría Nacional para el Control Social del Patrimonio Cultural Sumergido de Colombia” ölkənin baş prokuroruna açıq məktub ünvanlayıb.
Sənəddə 2016 və 2022-ci illərdə gəmi qəzası yerinə icazəsiz müdaxilə edildiyi, həmçinin batmış gəminin məxfi koordinatlarının açıqlanmış ola biləcəyi iddia edilir.
Təşkilatın rəhbəri Fransisko Munyos Atuesta bildirib ki, abidəyə mümkün zərər vurulması ilə bağlı əvvəlki şikayətlər hakimiyyət tərəfindən lazımi şəkildə araşdırılmayıb.
2024-cü ildə qaleonun batdığı ərazi rəsmi olaraq qorunan arxeoloji zona statusu alıb və Kolumbiya Antropologiya və Tarix İnstitutunun nəzarətinə verilib.
Arxeoloqlar arasında fikir ayrılığı
Dəniz arxeoloqu Rodriqo Paçeko Ruis tərəfindən aparılan sualtı görüntülərin təhlili də əlavə suallar doğurub. O, 2015 və 2016-cı illərdə çəkilmiş fotolar arasında fərqlər aşkar edib.
Alimin sözlərinə görə, bu dəyişikliklər həm təbii proseslərin, həm də insan müdaxiləsinin nəticəsi ola bilər. Bununla belə, o vurğulayıb ki, mövcud məlumatlar qəti nəticə çıxarmağa imkan vermir.
2025-ci ilin sonlarında sualtı robotlar vasitəsilə qəza yerindən top, çini fincan və üç sikkənin çıxarılması da yeni tənqid dalğasına səbəb olub. Bir sıra ekspertlər bu addımı vaxtından əvvəl atılmış və elmi baxımdan kifayət qədər əsaslandırılmamış hesab edirlər.
Milyardlarla dollarlıq iddialar və xəzinə uğrunda mübarizə
Vəziyyəti qaleonun yükünə mülkiyyət hüququ ilə bağlı uzun illərdir davam edən hüquqi mübahisələr daha da mürəkkəbləşdirir. Ən böyük iddialardan biri ABŞ-ın "Sea Search Armada” şirkəti tərəfindən irəli sürülür. Şirkət gəmini hələ 1980-ci illərin əvvəllərində tapdığını bildirir.
"Sea Search Armada” təxminən 10 milyard ABŞ dolları məbləğində kompensasiya tələb edir. Şirkətin hesablamalarına görə, bu məbləğ xəzinənin ümumi dəyərinin yarısına bərabərdir. Mübahisə hətta Daimi Arbitraj Məhkəməsinə qədər çıxıb.
Kolumbiyalı tədqiqatçılar xəbərdarlıq edirlər ki, mümkün kompensasiya ödənişləri dövlət üçün ciddi maliyyə yükünə çevrilə bilər.
Bütün münaqişələrə baxmayaraq, mütəxəssislərin əksəriyyəti bir məsələdə həmfikirdir: "San-Xose”nin əsl dəyəri onun xəzinəsində deyil, təqdim edə biləcəyi tarixi məlumatlardadır.
Arxeoloqların fikrincə, gəmi XVIII əsrin əvvəllərində dənizçilik, ticarət və hərbi tarix haqqında mühüm bilik mənbəyidir. Buna görə də onlar hakimiyyəti qızıl axtarışına deyil, artıq dünyanın ən qiymətli sualtı arxeoloji obyektlərindən biri hesab edilən bu abidənin qorunmasına və elmi tədqiqinə diqqət yetirməyə çağırırlar.
@Qaynarinfo

