Texnoloji Asimmetriya və Strateji Məhdudiyyətlər: Ermənistanın "Yasin" Seçimi (ANALİZ+FOTOLAR)
2-06-2026, 16:27

...Bu mənzərənin ən paradoksal məqamı isə “Yasin” sursatının Ermənistan Hava Qüvvələrinin əsas daşıyıcı platforması olan Rusiya istehsalı “Su-30SM” qırıcı təyyarəsi ilə inteqrasiya problemidir və burada məsələ artıq sadəcə texniki çətinlikdən çıxıb sistematik strateji qüsura çevrilir. Müasir hərbi aviasiyada qırıcı təyyarə ilə onun daşıdığı idarəolunan silah sadəcə mexaniki olaraq qanadın altına asılmır. Onlar həm də ortaq rəqəmsal proqram dili ilə bir-birilə “danışmalı”, real-vaxt məlumat mübadiləsi aparmalı və koordinat yenilənməsini eyni şəbəkə standartı çərçivəsində həyata keçirməlidirlər.
...Ən mükəmməl analoq isə İsrail istehsalı SPICE sursat ailəsidir: SPICE-250, SPICE-1000 və SPICE-2000 variantları. Bu sistemin ən radikal fərqi naviqasiya texnologiyasındadır. “Yasin”, Türkiyə və Rusiya sistemləri hədəfi tapmaq üçün peykə möhtacdırsa, SPICE sistemi Elektro-Optik və Hədəf Tanıma texnologiyası ilə işləyir. Bombanın burnunda kamera var və o, yaddaşındakı yüksək rezolyusiyalı fotoşəkillərlə yerdəki hədəfi vizual olaraq müqayisə edərək özü tapır. SPICE üçün regionda hər hansı bir ordunun tətbiq edəcəyi GPS/GLONASS boğucu sistemlərinin heç bir əhəmiyyəti yoxdur, peyk siqnalı olmadan, tamamilə kor elektromaqnit mühitdə belə 60-125 km məsafədən hədəfi 1 metrlik dəqiqliklə vurur. “Yasin” isə peyk siqnalı kəsildikdə tamamilə aciz qalır və müasir döyüş meydanında bu fundamental fərq həlledici amildir.
...“Yasin” sursatının ən ciddi struktur zəifliyi onun radioelektron mübarizə mühitindəki həssaslığıdır və bu zəiflik bir neçə təbəqədə təzahür edir. Birinci və ən kritik problem mülki tezlikli peyk siqnallarından asılılıqdır. ABŞ ordusu öz JDAM və oxşar sursatlarında REM təsirini minimuma endirmək üçün xüsusi şifrələnmiş “M-Code” hərbi GPS siqnallarından istifadə edir ki, bu siqnallar yalnız NATO müttəfiqlərinə və xüsusi strateji tərəfdaşlara verilir. İran isə bu şifrələrə çıxışı olmadığı üçün “Yasin” sursatı açıq, kommersiya təyinatlı mülki GPS və GLONASS siqnallarına arxalanır. Mülki peyk siqnalları hərbi tezliklərə nisbətən çox zəifdir, müasir radioelektron mübarizə kompleksləri bu tezlikləri kilometrlərlə uzaqdan asanlıqla kor edir. REM aktiv olan zonada “Yasin” peyk koordinatını tamamilə itirir və yalnız daxili ətalətli naviqasiya sisteminə keçməyə məcbur olur.
Şahin Qocayev
TEREF


