Ürəyi məhv edən əsas amil açıqlandı
Bu gün, 17:18

"Yuxu çatışmazlığı ürəyi yağlı qidalardan daha tez məhv edir".
TASS xəbər verir ki, rusiyalı kardioloq, tibb elmləri namizədi Elvira Xaçirova xroniki yuxu çatışmazlığının və yuxu apnoesinin (yuxu zamanı tənəffüsün 10 saniyə və ya daha çox dayanması) ürək-damar sistemi üçün zərərli qidalanmadan daha təhlükəli olduğunu bildirib.
Mütəxəssis pis xolesterinin, kərə və donuz piyinin ürəyə zərəri barədə geniş yayılmış mifi təkzib edərək qeyd edib: "Bu, köhnəlmiş və zərərli bir yanaşmadır. Hazırda biz gənc pasiyentləri yuxusuzluq və tənəffüs problemlərinə görə itiririk. Bu, istənilən yağlı qidadan daha təhlükəlidir. Yağlı yeməklərdən uzaq duran, lakin həftədə 60 saat işləyən arıq insanlarda infarkt riski, səkkiz saat yatan və steyk sevən şəxslərə nisbətən daha yüksəkdir".
Həkimin sözlərinə görə, apnoe zamanı insan 10-60 saniyə nəfəs ala bilmir. Bu zaman qanda oksigen səviyyəsi kritik həddə - 60-70 faizə qədər düşür. Ardınca orqanizmə güclü adrenalin və kortizol dozası ifraz olunur, ürək döyüntüsü sürətlənir, təzyiq isə kəskin yüksəlir:
"Bu hal gecə ərzində dəfələrlə təkrar olunur. Bir gecədə ürək 200-400 belə "mikroinfarkt" vəziyyəti yaşayır. Nəticədə miokard (ürək əzələsi) aşınır, damarlar isə elastikliyini itirir".
E.Xaçirova vurğulayıb ki, apnoedən əziyyət çəkən insanlarda ciddi pəhriz saxlasalar belə, hipertoniya riski dörd dəfə yüksəkdir. Xroniki yuxusuzluq infarkt riskini 45 faiz artırır, ağır apnoe xəstələrində isə yuxuda ürək dayanması nəticəsində qəfil ölüm ehtimalı üç dəfə yüksəkdir. Mütəxəssis diaqnoz təsdiqləndikdən sonra mütləq həkimə müraciət edərək müalicəyə başlamağı tövsiyə edib.

