Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

Bu gün, 00:12           
Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
Baku TV-nin çəkiliş qrupunun başından keçənlər sadəcə bir media mənsubuna hücum deyil, gözümüzün önündə baş verən tam bir harınlıq və özbaşınalıq nümunəsidir.
Açığını deyək, insanları sağaltmaq, onlar diqqət və qayğı göstərmək adı altında fəaliyyət göstərən "Bioloji Təbabət" Klinikasının rəhbəri küçənin ortasında, kameraların qarşısında zorakılıq edir.
Bir klinika rəhbərinin səviyyəsinə, tərbiyəsinə və dünyagörüşünə baxın: vətəndaş şikayəti əsasında çəkiliş edən jurnalistin üstünə cumur, kameraya zərbə endirib avadanlığı sındırır, operatora xəsarət yetirir. Bu nə özbaşınalıqdır? Bu cür adamlar özlərini kim hesab edirlər?
Mənim üçün ən dəhşətlisi də odur ki, bu hərəkəti edən şəxs bir tibb müəssisəsinin başındadır. İnsana, onun sağlamlığına və hüquqlarına hörmət etməyən, öz hirsini gənc bir operatorun üzərində çıxan, əli ilə, qolu ilə məsələ həll etməyə çalışan bir insan necə klinika idarə edə bilər?
Hələ çöldə, kameranın önündə bu qədər qudurğanlıq edən bir rəhbərlik, görün o klinikanın dördivarı arasında xəstələrə, vətəndaşlara necə davranır!
Adam insanın üzünə baxa-baxa düşünür: görəsən, bu "Bioloji Təbabət" Klinikasının arxasında kimlər durur? Kimlərə, hansı kölgəli fiqurlara arxayındırlar ki, sadəcə vətəndaşın şikayətini işıqlandırmağa gələn media mənsubuna qarşı bu dərəcədə rahat zorakılıq edə bilirlər?
Bəllidir ki, arxasında güclı bir dayaq görməyən heç bir müəssisə rəhbəri gündüzün günortası kameraya zərbə endirməyə, operatoru şikəst etməyə cəsarət etməz. El arasında desək, bunların "krışa"sı kimsə, elə əsas onlar məsuliyyətə cəlb olunmalıdır! Çünki bu harınlığın, bu cəzasızlıq arxayınlığının kökü məhz həmin o arxada duran həvəskarlara, patronlara söykənir.
Məsələ araşdırılanda ilk növbədə bu özbaşınalığa yaşıl işıq yandıran, onları arxayınlaşdıran "himayədarlar" müəyyənləşdirilməli və icraçılardan daha ağır şəkildə cəzalandırılmalıdırlar!
Bu ölkədə jurnalist öz işini görür. Onun işi cəmiyyətə həqiqəti göstərmək, vətəndaşın səsini çatdırmaqdır. Əgər sənin gizlədəcək bir şeyin yoxdursa, niyə kameradan belə qorxursan?
Niyə dərhal vəhşiləşib avadanlıq sındırırsan?
Çünki arxayınlıq var, çünki elə bilirlər ki, arxalarındakı adamlara, pullarına arxalanıb hər kəsi susduracaqlar.
Bura sizin öz şəxsi aləminiz deyil. Mediaya, söz azadlığına və ən əsası insan əməyinə, sağlamlığına edilən bu basqı cəzasız qala bilməz. Bu hadisəyə göz yumulsa, sabah başqa bir həkim, başqa bir müdir çıxıb küçədə hamını döyəcək.
O klinikanın rəhbərliyi və onların arxasında dayananlar törətdikləri bu əmələ, vurduqları ziyana görə qanun qarşısında ən ağır şəkildə cavab verməlidirlər.
Hüquq-mühafizə orqanları bu özbaşınalığın kökünü kəsmək üçün məsələni ən incə detalınadək araşdırmalıdır. Baku TV-nin zərərçəkən əməkdaşlarına da bir daha keçmiş olsun deyirəm, belə harınlıqların qarşısında heç vaxt geri çəkilmək olmaz!
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru