Al yüzlərlə təhlükəsizlik boşluğu tapdı, proqramçıları çətin vəziyyətdə qoydu

Dünən, 17:34           
Al yüzlərlə təhlükəsizlik boşluğu tapdı, proqramçıları çətin vəziyyətdə qoydu
Kibertəhlükəsizlik proseslərinə inteqrasiya olunan qabaqcıl süni intellekt (Al) modelləri proqram təminatlarında gizlənən yüzlərlə təhlükəsizlik boşluğunu aşkar edib. Lakin müəyyən edilən böyük həcmdə qüsurların aradan qaldırılması mühəndis komandaları üçün ciddi resurs çatışmazlığı yaradıb.

Valyuta.az xəbər verir ki, süni intellekt alətləri kibertəhlükəsizlik sahəsində daha geniş tətbiq olunduqca, proqram təminatı hazırlayan şirkətlərin üzərinə düşən iş yükü rekord həddə çatır. Təhlükəsizlik boşluqlarının aşkarlanması üçün istifadə olunan yeni nəsil süni intellekt modelləri proqramların dərinliklərində gizlənən yüzlərlə qüsuru qısa müddətdə üzə çıxarır. Ancaq bu boşluqları aradan qaldırmalı olan mühəndis komandaları artan iş yükü səbəbindən ciddi çətinliklərlə üzləşir.

"Anthropic" şirkətinin hazırladığı "Claude Mythos Preview" modeli proqram təminatının hazırlanması proseslərinə inteqrasiya edildikdən sonra "Microsoft" daxilində mühəndis resurslarının idarə olunması ilə bağlı problemlər daha da qabarıq şəkildə hiss olunmağa başlayıb.

Şirkətin məlumatına görə, kibercinayətkarları qabaqlamaq məqsədilə istifadə olunan sistem yalnız "SharePoint" platformasında aprel ayında 90 kritik və 141 mühüm təhlükəsizlik boşluğu aşkarlayıb. Bu vəziyyət resursların yenidən bölüşdürülməsinə səbəb olub. Rəhbərlik mühəndislərə ilk növbədə kritik boşluqların aradan qaldırılmasını tapşırıb, orta riskli problemlərin həlli isə sonrakı mərhələlərə saxlanılıb. Aşağı risk səviyyəli qüsurlar isə iş yükünün çoxluğu səbəbindən prioritet siyahısına daxil edilməyib.

Mütəxəssislər hesab edirlər ki, oxşar vəziyyət "Windows", "Teams", "Copilot" və "Microsoft 365" kimi digər platformalarda da yarana bilər. Bundan əlavə, orta riskli bir neçə boşluğun kibercinayətkarlar tərəfindən birlikdə istismar edilməsi daha ciddi təhlükəsizlik problemlərinə səbəb ola bilər.

Ekspertlər qeyd edirlər ki, hücum edən tərəfin də oxşar süni intellekt imkanlarından istifadə edə bilməsi təhlükəsizlik komandalarının işini daha da çətinləşdirir. Uzun illər ərzində toplanmış köhnə proqram kodları boşluqların aradan qaldırılması prosesini ləngidir.

"Microsoft" son təhlükəsizlik yeniləməsində 570-ə yaxın boşluğu aradan qaldırdığını açıqlayıb. Şirkət nümayəndələri bildiriblər ki, bu miqyasda yeniləmələr artıq yeni reallığa çevrilir.

Qabaqcıl aşkarlama sistemləri təhlükəsizlik qüsurlarını insan imkanlarından qat-qat sürətli müəyyən etsə də, onların təsdiqlənməsi, kod səviyyəsində düzəldilməsi və sınaqdan keçirilməsi hələ də mühəndislərin öhdəsində qalır. Bu isə iri texnologiya şirkətlərinin proqram təminatı hazırlama prosesində ciddi darboğaz yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru