Stiv Cobsun liderliyinin sirri nə idi? - "Hər axşam mənə zəng edirdi"
Dünən, 16:44

Bir çoxları "Apple" şirkətinin həmtəsisçisi Stiv Cobsu hər detalı nəzarətdə saxlamağa çalışan və bütün proseslərə müdaxilə edən rəhbər kimi qəbul edir. Lakin "Apple Store" mağazalar şəbəkəsinin yaradılmasına cavabdeh olmuş şirkətin keçmiş rəhbəri Ron Conson hesab edir ki, əslində Cobs ən yaxşı idarəçilərdən biri olub və bunu məhz səlahiyyətləri düzgün bölüşdürmək bacarığı sayəsində əldə edib.
Valyuta.az xəbər verir ki, Conson bu barədə sentyabr ayında işıq üzü görəcək "Buy Different: How Retail Reinvented Apple's Genius" adlı yeni kitabı ilə bağlı "Business Insider"ə verdiyi müsahibədə danışıb.
Keçmiş top-menecerin sözlərinə görə, bir çox insan səhvən Cobsun həddindən artıq detallara bağlı olduğunu düşünür: "O, detallara diqqət yetirirdi. Amma mən heç vaxt səlahiyyətləri ondan daha yaxşı bölüşdürən biri ilə işləməmişəm".
O izah edib ki, "Apple"ın qurucusu əvvəlcə aydın baxış və yüksək standartlar müəyyənləşdirir, daha sonra isə komandaya müstəqil qərarlar qəbul etmək üçün etibar edirdi.
"Apple"a keçməzdən əvvəl Ron Conson pərakəndə satış sahəsində çalışırdı və "Target" şirkətinin məşhur dizaynerlərlə əməkdaşlığa başlamasına kömək etmişdi. Onun sözlərinə görə, məhz bu təcrübə "Apple" öz mağazalar şəbəkəsini yaratmaq qərarına gəldiyi zaman Stiv Cobsun diqqətini çəkib.
2000-ci ildə şirkətə qoşulduqdan sonra Conson "Apple Store" konsepsiyasının hazırlanmasına rəhbərlik edib. Təxminən 12 illik fəaliyyəti ərzində o, 350 mağazanın açılmasına və daha təxminən 50 mağazanın inkişafına nəzarət edib. Bu, "Apple"ın hazırkı mağaza şəbəkəsinin əhəmiyyətli hissəsini təşkil edir.
Consonun "Apple" şirkətinə gəlişindən qısa müddət sonra onunla Stiv Cobs arasında qeyri-adi iş münasibətləri formalaşıb. Keçmiş rəhbərin sözlərinə görə, təxminən bir il ərzində "Apple"ın qurucusu ona demək olar ki, hər axşam zəng edib. Bu söhbətlərdə onlar yalnız iş məsələlərini deyil, həmçinin ailə, inanc, maraqlar və şəxsi dəyərlər barədə də danışırdılar.
"O, məni həqiqətən tanımaq istəyirdi", deyə Conson bildirib.
Təxminən bir il davam edən bu söhbətlərdən sonra Cobs ona tam etibar etdiyini söyləyib. Bundan sonra hər hansı qərarla bağlı tərəddüd yarananda Conson məsləhət almaq üçün ona müraciət edə bilirdi. Digər hallarda isə "Apple"ın qurucusu ondan sadəcə işini mümkün qədər yaxşı görməsini istəyirdi.
Liderliyin sirri nə idir?
"Apple"ın keçmiş top-meneceri vurğulayıb ki, Cobs heç vaxt səlahiyyətləri düşünmədən başqalarına ötürməyib. Əvvəlcə o, əməkdaşların şirkətin əsas məqsədini və qərar qəbul edərkən rəhbər tutulmalı prinsipləri başa düşdüyünə əmin olurdu.
Consonun fikrincə, məhz bu xüsusiyyət həqiqi liderləri adi rəhbərlərdən fərqləndirir. Onlar yalnız istedadlı insanları işə götürmür, həm də komandanı ortaq baxış və böyük məqsəd ətrafında birləşdirirlər.
"Bu, liderlik sənətidir", - deyə Ron Conson fikrini yekunlaşdırıb.

