Su itkilərin kəskin azaldılması qarşıda duran əsas məsələlərdən biridir
12-01-2026, 17:48

Ölkənin su təhlükəsizliyinin təmin edilməsi msələləri hər zaman Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olub. Son 22 il ərzində bu istiqamətdə bir sıra əhəmiyyətli işlər görülüb, layihələr həyata keçirilib. Bu illər ərzində “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarları, Oğuz-Qəbələ-Bakı su kəməri inşa edilib, Samur-Abşeron su kəməri yenidən qurulub, əksər şəhər və rayon mərkəzləri içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilib.
Dünyada baş verən qlobal iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması öz növbəsində su çatışmazlığını şərtləndirir. Ölkə üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir.
Bu məsələlər ölkə başçısı İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının müzakirəsi zamanı qeyd edilib, bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb.
Müşavirədə vurğulanıb ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Ölkənin su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Ölkənin digər əsas su mənbələri isə Kür, Araz və Samur çayları isə xaricdə formalaşdəğından bu həssas məsələ nəzərə alınmalıdır.
Son beş il ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quraşdırma, bərpa və yenidənqurma işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib. Ölkənin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsindən sonra həmin ərazilərdəki su ehtiyatlarımız üzərində də nəzarət bərpa edilib, bu da ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 20 faizinə bərabərdir.
Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları, o cümlədən “Sərsəng” su anbarı əsaslı təmir edilib. Bu işlər çərçivəsində “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir.
Müşavirədə müzakirə edilən Dövlət Proqramının icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcəkdir. Hazırda ölkə əhalisinin 70 faizə qədəri fasiləsiz içməli su ilə təmin olunur və Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Həmçinin Proqramda sayğaclaşdırmanın 100 faizə çatdırılması nəzərdə tutulub. Proqramın icrası nəticəsində Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaqdır.
Bu gün qarşıda duran problemlərdin biri su itkiləri ilə bağlıdır. Əhalinin artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii ki, suya olan tələbatı artırır. Bununla əlaqədar görə hazırda 40-45 faiz təşkil edən itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir və proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır.
Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə kanalizasiya xidməti göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, “yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.
Prezident İlham Əliyev müşavirədə Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinin gələcək inkişaf məsələlərinə xüsusi olaraq toxunub. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırılması üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu imkan verəcək ki, Bakı və Abşeron yarımadasına gələn suların həcmi artırılsın. Ölkə başçısı deyib: “Duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır”.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

