Azərbaycan – ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
11-02-2026, 12:34

Fevralın 10-11-də ABŞ vitse-prezidenti Ceyms Devid Vens regiona səfəri çərçıvəsində Bakıya gəlib. Azərbaycana səfər ərəfəsində cənab Vens İrəvanda müvafiq görüşlər keçirib. Bu ərəfədə Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Görüşdə “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “bp”, “Boeing Global”, “Mastercard” və s. kimi aparıcı şirkətlərin rəhbər şəxsləri iştirak ediblər. Qarşılıqlı səfərlər və görüşlərdə verilən mesajlar ABŞ-ın region ölkələri ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu göstərir. ABŞ-ın aparıcı 31 şirkətindən 60 nəfərdən çox nümayəndə heyətinin ölkəmizə səfəri və ölkə rəhbərliyi səviyyəsində müzakirələrin aparılması Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin uzunmüddətli perspektivlərindən xəbər verir.
Azərbaycan özünün iqtisadi inkişaf strategiyasının prioritetlərini dəfələrlə müxtəlif görüşlərdə - ABŞ-da keçirilən müzakirələrdə, Dünya İqtisadi Forumunda və digər müstəvilərdə səsləndirib və bu istiqamətdə beynəlxalq hüquq normalarına hörmətlə yanaşan bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Sevindirici haldır ki, regionda sülhün möhkəmləndirilməsində Azərbaycanın, eləcə də Ermənistanın iqtisadi inkişaf perspektivlərinin reallaşmasında dünyanın bir nömrəli dövləti olan ABŞ da maraqlıdır.
Təbii ki, ABŞ-ın regiona gəlişinin əsasını təşkil edən TRIPP layihəsi (Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu) beynəlxalq arenada da olduqca maraqla qarşılanır və perspektivli layihə kimi qiymətləndirilir. Bunun paralelində, aparıcı ABŞ şirkətlərinin ölkəmizin enerji, nəqliyyat, təbii qaz, turizm, süni intellekt, data mərkəzləri, müdafiə sənayesi kimi istiqamətlərlə maraqlanması Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərini ifadə etməklə, həm də iki ölkə arasında hazırlanmaqda olan Strateji Tərəfdaşlıq Xartiyasının ilkin müsbət nəticələri kimi də dəyərləndirilə bilər.
Azərbaycan-ABŞ əlaqələrinin özünəxsusluğu ondadır ki, burada siyasi münasibətlər biznes əlaqələrini qabaqlayır. 2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü iki ölkə arasında biznes münasibətlərinə, iqtisadi əlaqələrə xüsusi stimul verdi. Avqust görüşündən bir neçə ay sonra artıq ABŞ-ın aparıcı şirkətləri ölkəmizdəki əlverişli investisiya mühitini canlı olaraq görmək, investisiya yatırımı sahələrini konkretləşdirmək və uzunmüddətli biznes əlaqələri qurmaq üçün Bakıdadır.
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” imzalanıb. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.
Xartiyanın imzalanma mərasimindən sonra Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında bildirib ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
“Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəyanatda qeyd edilib ki, “bağlantılar, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik”. Dövlətimizin başçısı vurğulayıb. “Biz, eyni zamanda, əməkdaşlığın, həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifəsini açırıq. Süni intellekt mərkəzlərinin yaradılmasına gəldikdə, bu, bu gün bizim ikitərəfli gündəliyimizin bir hissəsidir. Bizim artıq Amerikanın aparıcı şirkətləri ilə ilkin nəticələrimiz var”.
Azərbaycan regionun lider dövlətidir, Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Ölkəmiz 25-30 il əvvəldən başlayaraq etibarlı nəqliyyat infrastrukturu formalaşdırıb, bütün növ yükləri daşımağa qadir mexanizmlər yaradıb. Bütün bunlar regiona maraq göstərən tərəflərin Azərbaycanla iqtisadi əlaqələrini zərurətə çevirir. Yəni regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. Bu baxımdan, dünyanın bir nömrəli dövləti də bunu dəqiqliklə bilir, yüksək qiymətləndirir və Azərbaycanla uzunmüddətli iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

