Mərkəzi Asiyada prezidentlər: kim neçə dəfə seçilib?
Bu gün, 00:06

Qırğızıstanın dövlət başçısı Sadır Japarov 2027-ci ilin yanvarında keçiriləsi prezident seçkisində namizəd olacağını açıqlayıb. Novator.az bildirir ki, Sadır Japarov 2020-ci il oktyabrın 6-dan noyabrın 14-dək baş nazir postunu tutub, oktyabrın 15-dən prezident səlahiyyətlərini də icra edib, 2021-ci il yanvarın 10-da 6 il müddətinə dövlət başçısı seçilib.
Hazırda prezidentin səlahiyyət müddəti 5 ildir. Heç kim iki dəfədən artıq dövlət başçısı seçilə bilməz. Bu məhdudiyyət 2021-ci ildən hesablanır.
Mərkəzi Asiyada ən stajlı rəhbər İmaməli Rəhmandır. O, 1992-ci il noyabrın 27-də Tacikistan parlamentinin sədri postuna gətiriləndən dövlət başçısı sayılıb, 1994-cü ildə 5 il müddətinə, 1999, 2006, 2013 və 2020-ci illərdə 7 il müddətinə prezident seçilib.
Konstitusiya iki dəfədən artıq prezident seçilməni yasaqlayır, ancaq bu müddəanı İmaməli Rəhmana şamil etmir.
Şövkət Mirziyayev 2003-cı il dekabrın 12-dən Özbəkistanın baş naziri olub, 2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini də icra edib, dekabrın 4-də 5 il müddətinə prezident seçilib, 2021-ci ilin seçkisində də qalib gəlib.
2023-cü ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb, Şövkət Mirziyayev iyulun 9-da daha bir prezident seçkisini udub.
Konstitusiya ardıcıl iki dəfədən artıq prezident seçilməyə yasağı 2023-cü ildən hesablayır.
2019-cu il martın 20-dən Qazaxıstanın dövlət başçısı olan Qasım-Comərd Tokayev həmin il iyunun 9-da keçirilmiş prezident seçkisində qalib gəlib.
2022-ci il sentyabrın 17-də prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub, noyabrın 20-də Qasım-Comərd Tokayev yenidən prezident mandatı alıb.
Sərdar Berdiməhəmmədov 2022-ci il martın 12-də Türkmənistan prezidenti seçilib. Prezidentin səlahiyyət müddəti 7 ildir, seçilməyə müddət məhdudiyyəti yoxdur.

