Xocalıdan verilən mühüm mesajlar

27-02-2026, 11:28           
Xocalıdan verilən mühüm mesajlar
Xocalı faciəsinin 34-cü ildönümü ərəfəsində Prezident İlham Əliyevin bölgəyə səfər etməsi, sakinlərlə görüşməsi və aparılan quruculuq işləri ilə yerində tanış olması xüsusi əhəmiyyət daşıyır.
Bu səfər, həm siyasi, həm də mənəvi baxımdan mühüm mesajdır. Bu səfər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasını və yenidən məskunlaşdırılmasını prioritet hesab edir. Xüsusilə Xocalı faciəsinin ildönümündə dövlət başçısının həmin torpaqlarda olması simvolik məna daşıyır.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Açılış mərasimindəki çıxışında cənab Prezident xüsusi vurğuladı ki, Xocalı faciəsinin qurbanlarının xatirəsinin məhz Xocalının özündə əbədiləşdirilməsi böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu fikir əslində bir neçə mühüm məqamı ehtiva edir. Əvvəla, bu, Azərbaycanın öz suveren ərazilərində tam nəzarəti bərpa etdiyini nümayiş etdirir. Uzun illər işğal altında qalan ərazilərdə bu cür memorial komplekslərin yaradılması dövlətin ərazi bütövlüyünün real və faktiki təmin olunmasının simvoludur.
Digər tərəfdən bu addım tarixi yaddaşın coğrafi məkanla birləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yəni faciə artıq yalnız xatirələrdə deyil, məhz baş verdiyi məkanda əbədiləşdirilir. Bu isə milli yaddaşın daha dərin və təsirli şəkildə formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin çıxışının əsas ideoloji xəttlərindən biri də Azərbaycanın qazandığı Qələbənin Xocalı qurbanlarının ruhunun şad edilməsi kimi təqdim olunması idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Xocalının qisası döyüş meydanında alındı və Azərbaycan öz tarixi ədalətini təmin etdi. Bu yanaşma müasir Azərbaycanın siyasi ideologiyasında mühüm yer tutan "ədalətin bərpası" konsepsiyasının davamıdır. Burada Qələbə yalnız hərbi uğur kimi deyil, həm də mənəvi və tarixi ədalətin təmin olunması kimi təqdim edilir. Bu mesaj eyni zamanda cəmiyyətin milli birliyini möhkəmləndirmək və post-müharibə dövründə formalaşan yeni milli kimlik konsepsiyasını gücləndirmək məqsədi daşıyır.
Bu, həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir, həm də dünyaya verilən açıq mesajdır: bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır və xalq öz doğma yurduna qayıdıb.Uzun illər işğal altında saxlanılmış ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, infrastrukturun yenidən qurulması və həyatın dirçəldilməsi Azərbaycanın gücünü, iradəsini və qətiyyətini nümayiş etdirir. Bu proses təkcə regional deyil, beynəlxalq ictimaiyyət üçün də mühüm siyasi siqnal xarakteri daşıyır. Belə səfərlər göstərir ki, Azərbaycan nə çətin günlərdə, nə də zəfərdən sonra öz torpaqlarından geri çəkilib və çəkinməyəcək. Əksinə, ağır faciələrdən və itkilərdən sonra yenidən dirçəlmək, həmin torpaqları abadlaşdırmaq və gələcək nəsillər üçün yaşanılan məkana çevirmək dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, Xocalı faciəsinin ildönümü ərəfəsində həyata keçirilən səfər həm tarixi yaddaşın qorunması, həm də gələcəyə yönəlik quruculuq iradəsinin nümayişi kimi qiymətləndirilə bilər.

Türkan Cümşüdlü- YAP üzvü












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]