Cənub Qaz Dəhlizi qazın ixracatı və Yaşıl enerjiyə keçid üçün mühüm alətdir

3-03-2026, 17:28           
Cənub Qaz Dəhlizi qazın ixracatı və Yaşıl enerjiyə keçid üçün mühüm alətdir
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inkişafında və həyata keçirilməsində liderlik edib. Dövlətimizin başçısı dəfələrlə bu layihənin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bəyan edib.
Qeyd edilməlidir ki, beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirilib.
Ölkə başçısı tədbirdəki çıxışında bildirib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.
Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strtaegiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, “cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.
İclasda bildirilib ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. “Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik” –deyə ölkə başçısı əlavə edib.
Ölkə başçısı tədbirdəki çıxışında vurğulayıb ki, “qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq”.
Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və əvəzolunmaz layihədir. Ölkəmiz sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edir. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir.
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Cənub Qaz Dəhlizi gələcəkdə qazın ixracatı, dünya iqtisadiyyatına inteqrasiya olunması, hidrogen emerjisi və Yaşıl enerjiyə keçid üçün mühüm alətdir. İstisna deyil ki, perspektivdə Türkmənistan və digər ölkələr də birləşərək sözügedən dəhlizin əhəmiyyətini artıracaqlar.

Tufan Məmmədov – iqtisadçı ekspert













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru