Azərbaycan-İtaliya münasibətlərində strateji tərəfdaşlıq və gələcək perspektivlər

6-05-2026, 00:03           
Azərbaycan-İtaliya münasibətlərində strateji tərəfdaşlıq və gələcək perspektivlər
İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq münasibətlərinin inkişafında mühüm mərhələ hesab olunur. Dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlər, mətbuata birgə bəyanatları ölkəmizlə Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar açdı.
Bu gün Azərbaycan və İtaliya arasında mövcud olan dostluq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edir. Ümumiyyətlə, Azərbaycanla İtaliya arasında sıx mədəni, siyasi və iqtisadi əlaqələrin əsası Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub. 1997-ci ilin sentyabrında Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün mühüm addım oldu. Səfər nəticəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Məhz həmin tarixi səfərdən sonra qarşılıqlı münasibətlər artan dinamika ilə inkişaf etməyə başladı.
İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri isə əlaqələrimizin inkişafında xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin fevralında isə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri baş tutdu. Səfər çərçivəsində siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və digər sahələri əhatə edən 28 sənəd imzalandı. Roma şəhərində imzalanan "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" xüsusi qeyd olunmalıdır.
2022-ci ilin sentyabrında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri də geniş gündəmlə keçdi. Romada Azərbaycan Səfirliyinin yeni binası açıldı, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyənləşdirildi, ADA Universiteti ilə İtaliyanın aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlıq sazişləri imzalandı.
2024-cü il 4 sentyabr tarixində Prezident İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə Romaya növbəti işgüzar səfəri gerçəkləşdi. Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" mövzusunda çıxış edən dövlət başçımızın səfəri İtaliya mətbuatında və akademik çevrələrdə xeyli müzakirə olundu.
2025-ci ilin oktyabrında isə İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri baş tutdu, səfər çərçivəsində həm də İtaliya-Azərbaycan Universitetinin açılışı keçirildi.
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında bu səfərin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağına əminliyini bildirib. Qeyd edilib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
Ümumilikdə, Avropa ölkələri arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ölkəmizin daxili işlərinə qarışmayan, qarayaxma kampaniyası aparmayan azsaylı ölkələrdən biri də İtaliyadır. Biz bunu hər zaman İtaliyanın mövqeyində görmüşük, Azərbaycan da bu mövqeyi çox yüksək qiymətləndirir. Ümidvarıq ki, İtaliyanın Baş naziri Corciya Meloninin ölkəmizə səfəri əlaqələrimizin daha da inkişafına ciddi töhfələr verəcək. Dövlətlərimiz arasında əlaqələr növbəti illərdə daha da inkişaf edəcək və Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq.
İki dövlət arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Görüşlər zamanı bu barədə də danışılıb. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər müzakirə edilib.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, ölkəmiz İtaliyaya təkcə qaz deyil, digər milli məhsulları da ixrac edir. Eyni zamanda, İtaliyadan da bir çox məhsullar Azərbaycana ixrac edilir. Hesab edilir ki, bu səfər əlaqələrimizin möhkəmlənməsinə növbəti bir töhfə olacaq və öz müsbət təsirini göstərəcək. Azərbaycan İtaliya əlaqələri davamlı olaraq inkişaf etməlidir və bunu bu gün cənab Prezident edir. Beləliklə, Corciya Meloninin bu səfəri Azərbaycan-İtaliya münasibətlərinin çoxşaxəli, intensiv və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyən önəmli hadisə oldu.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru