Almaniyada film kimi olay - Bankın divarını deşib 30 milyon oğurladılar
31-12-2025, 09:18

Almaniyada oğrular Sparkassanın seyf otağına böyük deşik açdı: Ziyan çəkmiş qəzəbli müştərilər bankı mühasirəyə aldı
Bu, filmlərdəki kimi bir hadisədir: naməlum şəxslər Milad bayramı günlərində Gelsenkirşendə yerləşən bir bankın seyf otağına qazma yolu ilə daxil olublar. Həmin otaqda müştərilərin pul və qiymətli əşyalar saxladığı təhlükəsizlik seyfləri yerləşirdi. Deşik yalnız bazar ertəsi səhər aşkar edilib.
Gelsenkirşendə (Şimali Reyn–Vestfaliya) baş verən hadisə ilə bağlı polis bildirib ki, oğrular “Milad günlərinin sakitliyindən istifadə edərək” bankın seyf otağını deşiblər və qiymətli əşyalar saxlanılan seyfləri axtarıblar. Oğurluğun dəqiq nə vaxt baş verdiyi və cinayətkarların binada nə qədər qaldığı hələ məlum deyil. Hadisə həm Milad bayramı günlərində, həm də ötən həftəsonu baş vermiş ola bilər.
3200 seyf zərər çəkib, istintaqçılar qəniməti 30 milyon avro dəyərində qiymətləndirirlər. Polis açıqlayıb ki, neçə seyfin sındırıldığını müəyyənləşdirmək üçün araşdırmalar davam edir. Buna görə də Buer rayonundakı Sparkasse filialı növbəti xəbərdarlığa qədər bağlı qalacaq.
Buna baxmayaraq, çoxsaylı narahat müştərilər məlumat almaq və seyflərini yoxlamaq üçün banka gəliblər. Lakin buna icazə verilməyib. Bir polis əməkdaşı bildirib ki, bank yaxın günlərdə zərərçəkmiş müştərilərlə özü əlaqə saxlayacaq. Nəticədə filialın ön zalı polis tərəfindən boşaldılıb.
İlkin məlumata görə, oğru və ya oğrular bitişik parkinqdən bankaya daxil olublar. Böyük bir qazma aləti ilə seyf otağının divarında deşik açaraq, sonradan qənimətlə birlikdə həmin deşikdən qaçıblar. Polis sözçüsü deyib: “Bu cür qazma alətini adi tikinti mağazasında almaq mümkün deyil.”
Oğurluq bazar ertəsi səhər tezdən yanğınsöndürmə xidmətinin müdaxiləsi zamanı üzə çıxıb. Polis sözçüsünün “Bild” qəzetinə verdiyi məlumata görə, “ehtimal ki, qazma zamanı yaranan toz yanğın siqnalını işə salıb”. Yanğınsöndürənlər binanı yoxlayarkən divardakı deşiyi aşkar ediblər. Bildirilir ki, oğrular tozu azaltmaq üçün su ilə işləyiblər. Bu isə onların “texniki biliklərə malik olduqlarını” göstərir. Daha sonra hüquq-mühafizə orqanları bank binasında axtarış aparıb, zirzəmidəki deşiyi aşkar ediblər. Polis əməkdaşları izləri toplayır və son günlərdə şübhəli səslər eşidən və ya qeyri-adi müşahidələr edən şahidləri axtarırlar.
Sarvan Səmədoğlu
TEREF

