"ABŞ süni intellekt nəhənglərinə nəzarəti sərtləşdirir" - İsrail mətbuatı
Bu gün, 12:24

ABŞ administrasiyası qabaqcıl süni intellekt modelləri üzərində nəzarəti əhəmiyyətli dərəcədə gücləndirib
ABŞ Ticarət Nazirliyi təhlükəsizlik riskləri səbəbindən "Anthropic" şirkətinin ən yeni modellərinin istifadəsini müvəqqəti dayandırıb, "OpenAI" isə hökumətin tələbi ilə GPT-5.6 modelinin ictimai təqdimatını qeyri-müəyyən müddətə təxirə salıb.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
Nəşr yazır ki, qərara Amazon tədqiqatçılarının "Anthropic"-in "Fable 5" modelində təhlükəsizlik boşluğu aşkarlamasından sonra gəlinib. Hesabata əsasən, model proqram təminatındakı zəiflikləri müəyyən etməklə yanaşı, kiberhücum üçün istifadə oluna biləcək kod da yarada bilib.
Vaşinqton bu texnologiyaların Çin, Rusiya və digər rəqib ölkələrin əlinə keçə biləcəyindən narahat olduğunu açıqlayıb. Üç həftə davam edən danışıqlardan sonra məhdudiyyətlər qismən aradan qaldırılsa da, "Anthropic" yeni təhlükəsizlik filtrləri tətbiq edib və gələcək süni intellekt modellərini bazara çıxarmazdan əvvəl ABŞ dövlət qurumlarının yoxlamasına təqdim etməyə razılaşıb.
Məqalədə qeyd olunur ki, prezident Donald Trampın imzaladığı yeni fərmana əsasən, ABŞ-də hazırlanan ən qabaqcıl süni intellekt modelləri rəsmi istifadəyə verilməzdən əvvəl 30 günədək hökumət tərəfindən yoxlanılmalıdır. Ekspertlər isə hesab edir ki, həddindən artıq dövlət nəzarəti ABŞ texnologiya şirkətlərinin inkişaf tempini zəiflədə və ölkənin süni intellekt yarışında Çindən geri qalmasına səbəb ola bilər.

