Peşəkarlar niyə dövlət sektorundan uzaqlaşdırılır? - Acı reallıqlar...
Bu gün, 00:04

Uzun illərdir Azərbaycanda qəribə və düşündürücü bir tendensiya hökm sürür. Yeni vəzifəyə təyin edilən nazir, agentlik rəhbəri, icra başçısı və ya digər yüksək vəzifəli şəxs adətən özü ilə birlikdə öz komandasını da gətirir. Bundan sonra isə bir növ "təmizləmə siyasəti" həyata keçirilir. Mövcud əməkdaşlar əvvəlki rəhbərin adamları kimi təqdim olunur və onların peşəkarlığı, təcrübəsi, uzun illər ərzində topladıqları bilik və bacarıqlar arxa plana keçir.
Nəticədə, bir çox hallarda insanlar heç bir əsaslı izahat verilmədən, fəaliyyətlərinə obyektiv qiymət verilmədən işdən uzaqlaşdırılırlar. Halbuki dövlət qurumları şəxslərə görə deyil, peşəkarlıq prinsiplərinə əsaslanaraq fəaliyyət göstərməlidir.
Bizimesr.com bildirir ki, bu siyasətin ən ağır nəticələrindən biri isə peşəkar kadrların itirilməsidir. Haqsızlıqla üzləşən mütəxəssislərin bir qismi ölkəni tərk edir, digər qismi isə özəl sektora üz tutur. Beləliklə, dövlət illərlə formalaşdırdığı insan kapitalını itirmiş olur.
Bu vəziyyət tanınmış iş adamı İsfəndiyar Axundovun səsləndirdiyi fikirləri xatırladır. O, müsahibələrinin birində alimləri və peşəkar mütəxəssisləri öz şirkətlərinə cəlb etdiyini, onlara yüksək əməkhaqqı verməklə bilik və bacarıqlarından faydalandığını, nəticədə milyonlarla qazanc əldə etdiyini bildirmişdi. Bu yanaşma bir daha göstərir ki, peşəkar insan hər zaman dəyərlidir və ona şərait yaradan tərəf onun potensialından yararlanmağı bacarır.
Bu gün yüzlərlə xarici ölkələrdə təhsil almış, yüksək ixtisaslı həkimlərimiz ya başqa ölkələrə üz tutub, ya da özəl klinikalarda çalışmağa üstünlük verirlər. Halbuki həmin mütəxəssislər dövlət xəstəxanalarında fəaliyyət göstərərək daha geniş imkanlar yarada, minlərlə insanın sağlamlığının qorunmasına töhfə verə, ölkə səhiyyəsinin inkişafında mühüm rol oynaya bilərlər.
Acı reallıq isə ondan ibarətdir ki, bir çox hallarda məhz belə peşəkarlar dövlət tibb müəssisələrindən uzaqlaşdırılırlar.
Məsələn, əldə olunan məlumata görə, bir ay əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad edilən tanınmış pediatr Azər Əhmədova yeni vəzifə verilib. Məlumata əsasən, o, "Universal Hospital"da Tibb Xidmətləri üzrə direktor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Azər Əhmədov mayın 12-də Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdi. O, bundan əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində çalışıb və pediatriya sahəsində tanınmış mütəxəssislərdən biri hesab olunur.
Müşahidələr göstərir ki, TƏBİB-in yeni rəhbəri Anar Bayramovun vəzifəyə gəlməsindən sonra bir sıra təcrübəli həkimlər, o cümlədən tanınmış pediatr Azər Əhmədov da vəzifəsindən uzaqlaşdırılıb.
Daha bir fakt. Tanınmış plastik cərrah Mübariz Məmmədli artıq Azərbaycanı tərk edib və hazırda Avropada fəaliyyət göstərir. “Hazırda Avropada plastik cərrah kimi işləyirəm, beynəlxalq tibbi tədbirlərə, elmi konfranslara, tədris proqramlarına qatılıram. Peşəkar fəaliyyətim beynəlxalq səviyyədə davam etdiyi halda, Azərbaycanda həkimlərə qarşı aparılan qeyri-şəffaf və mübahisəli qərarlar ölkənin tibb sisteminin nüfuzuna mənfi təsir göstərir”.
Əlbəttə, hər bir rəhbərin öz idarəçilik prinsipləri və komanda formalaşdırmaq hüququ var. Lakin dövlət sektorunda əsas meyar şəxsi yaxınlıq deyil, peşəkarlıq, təcrübə və nəticələr olmalıdır. Əks halda dövlət qurumları özlərinin ən dəyərli resursu olan insan kapitalını itirməkdə davam edəcəklər.
Baş nazir Teymur Musayevi kollektivə təqdim edib
Bu gün dövlət xəstəxanalarında insanlara daha böyük dəstək verə biləcək, illərlə formalaşmış təcrübəyə malik həkimlərin özəl sektora keçməsi təsadüfi deyil. Dövlətin və cəmiyyətin maraqları baxımından əsas sual budur - peşəkarları itirmək kimə sərf edir?
Qeyd edək ki, rəsmi və qeyri rəsmi məlumatlara görə, son beş il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb. Səhiyyə naziri Teymur Musayev isə heç də narahat görünmür...
Bizimesr.com

