"Yaranan borclanma əksər hallarda seçim yox, məcburiyyət xarakteri daşıyır"

Dünən, 17:34           
"Yaranan borclanma əksər hallarda seçim yox, məcburiyyət xarakteri daşıyır"
İnsanların borclanma səviyyəsinin artması və xərcləmələrin nəzarətsiz şəkildə genişlənməsi son illər iqtisadi və sosial müzakirələrin əsas mövzularından birinə çevrilib. Mütəxəssislər bu tendensiyanın bir tərəfdən maliyyə savadsızlığı ilə bağlı olduğunu, digər tərəfdən isə müasir iqtisadi sistemin istehlakı stimullaşdıran təbiəti ilə əlaqələndirirlər. Kredit imkanlarının genişlənməsi, rəqəmsal ödənişlərin asanlaşması və istehlak mədəniyyətinin dəyişməsi bu prosesi daha da sürətləndirir. Nəticədə, fərdi maliyyə idarəçiliyi ilə iqtisadi mühit arasındakı balans getdikcə daha çox diqqət tələb edir.

İqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, məsələyə diferensial yanaşdıqda onu üç əsas kateqoriyaya bölmək mümkündür:

“Birinci kateqoriyaya 400-600 manat civarında gəliri olan, yəni minimum əməkhaqqı səviyyəsində yaşayan insanlar daxildir. Bu qrupda maliyyə savadsızlığından danışmaq bir çox hallarda real vəziyyəti tam əks etdirmir. Çünki həmin şəxslər aşağı gəlir səbəbindən yalnız gündəlik və aylıq zəruri xərcləri qarşılamağa çalışırlar. Kommunal ödənişlər, ərzaq, minimal geyim və kirayə kimi əsas ehtiyaclar çox vaxt gəlirlə üst-üstə düşmür və ya onu aşır. Nəticədə yaranan borclanma əksər hallarda seçim yox, məcburiyyət xarakteri daşıyır. İkinci kateqoriyaya 1500-2000 manat aralığında gəliri olan şəxslər daxildir. Bu qrupda problem daha çox gəlirin idarə olunması və planlaşdırma ilə bağlıdır. Bank və kredit təşkilatlarının müxtəlif təklifləri bu insanlara asanlıqla əlçatan olduğu üçün bəzən real maliyyə imkanları düzgün qiymətləndirilmədən, yalnız istehlak istəkləri əsasında qərarlar verilir. Bu halda əsas çətinlik riyazi biliklərin olmamasında deyil, şəxsi büdcənin düzgün idarə edilməməsində və maliyyə intizamının zəifliyində özünü göstərir”.

O bildirib ki, üçüncü kateqoriyada isə yüksək gəlirə malik olan, lakin xərclərini nəzarətdə saxlaya bilməyən şəxslər yer alır:

“Bu qrupda gəlir artdıqca xərclərin də paralel şəkildə yüksəlməsi, çox vaxt isə planlaşdırılmamış və emosional maliyyə qərarlarının verilməsi müşahidə olunur. Nəticədə borclanma dərinləşir və maliyyə sabitliyi pozulur. Uzunmüddətli perspektivdə bu vəziyyət ciddi maliyyə çətinliklərinə, hətta müflisləşməyə qədər gedib çıxa bilir. Yekun olaraq qeyd etmək olar ki, birinci kateqoriyanı istisna etməklə, ikinci və üçüncü qrupda müşahidə olunan problemlər daha çox maliyyə savadsızlığından deyil, şəxsi büdcənin düzgün idarə olunmaması və planlama çatışmazlığından qaynaqlanır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru