Adana kababı necə hazırlanır? — RESEPT
Bu gün, 00:11

Türkiyə mətbəxinin ən sevilən ləzzətlərindən biri olan Adana kababı sobadan yayılan xoş ətri və yumşaq teksturası ilə süfrələrdə əsl ziyafət yaradır.
Demokrat.az xəbər verir ki, pide, közlənmiş pomidor və bibər, həmçinin sumaxlı soğan salatı ilə birlikdə təqdim edildikdə dadı daha da zənginləşir. Ev şəraitində hazırlanması nisbətən asan olan bu resept xüsusilə qonaqlı süfrələr üçün uyğundur.
Bəs Adana kabab necə hazırlanır?
İnqrediyentlər
* 500 qram quzu qabırğa qiyməsi
* 50 qram quyruq yağı
* 1 ədəd quru soğan
* 1 ədəd qırmızı bolqar bibəri
* 1 çay qaşığı duz
* 1 xörək qaşığı pul bibər
* 1 xörək qaşığı qırmızı toz bibər
Servis üçün:
* 2 ədəd quru soğan
* 2 çay qaşığı sumax
* yarım dəstə cəfəri
* 6 ədəd yaşıl bibər
* 4 ədəd pomidor
* lavaş və ya pide
Hazırlanma qaydası
1. Qarışığın hazırlanması
Soğan və bolqar bibəru blenderdən keçirilir. Quyruq yağı xırda doğranır. Qiymə və quyruq yağı bir qaba alınır, üzərinə duz və ədviyyatlar əlavə edilir. Təxminən 10 dəqiqə yoğrulur və üzəri örtülərək soyuducuda 30 dəqiqə saxlanılır.
2. Forma verilməsi
Hazırlanan qarışıqdan mandarin böyüklüyündə hissələr götürülür, əllə yastılaşdırılır. Şiş çubuğu ortadan keçirilir və ət şiş boyunca yayılır. Eyni proses bütün qarışıq bitənə qədər təkrarlanır. Kabablar yağlı kağız sərilmiş soba qabına düzülür. Aralarına yaşıl bibərlər yerləşdirilir, pomidorlar isə yarıya bölünüb kənarlara qoyulur.
3. Bişirilmə
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 25–30 dəqiqə bişirilir.
4. Servis
Soğanlar incə doğranır, cəfəri və sumaxla qarışdırılır. Süfrəyə lavaş və ya pide qoyulur, üzərinə kabablar əlavə edilir. Yanında sumaxlı soğan salatı, közlənmiş bibər və pomidor ilə isti şəkildə təqdim olunur.

