Yenə boykot?

Bu gün, 16:56           
Yenə boykot?
“Avroviziya 2027” mahnı müsabiqəsinə də boykot kölgəsi düşməsi ehtimalı var. İlkin xəbərlər 2026-cı ilin yarışına qatılmamış boykotçu ölkələrin tərəddüd içində olduğunu, yenə qıraqda qala biləcəklərini göstərir.

Novator.az bildirir ki, mayda Avstriyanın paytaxtı Vyanada keçirilmiş “Avroviziya”nı İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya boykot edib. Onlar Fələstinin Qəzza bölgəsində qanlı hərbi əməliyyatlar aparan İsrailin yarışdan çıxarılması tələbi qoyublar, ancaq istəkləri qəbul olunmayıb.

İsrail “Avroviziya 2027”də də iştirak etmək niyyətindədir. İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniyadan isə hər hansı rəsmi müraciət yoxdur.

Qəzza bölgəsi 2000-ci illərin ortalarından Fələstinin hərbi-siyasi təşkilatı HƏMAS-ın (İslami Müqavimət Hərəkatı) nəzarətində olub. 2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, böyük savaş başlanıb. İki il çəkən qanlı müharibədə dinc fələstinlilərin kütləvi qırğını bir çox ölkənin İsraillə münasibətlərini pisləşdirib.

Yenilənmiş hesabata görə, 20 ölkə “Avroviziya 2027” mahnı müsabiqəsində iştirakını təsdiqləyib: Albaniya, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Danimarka, Finlandiya, İsrail, İsveçrə, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Malta, Norveç, Rumıniya, San Marino, Şimali Makedoniya, Yunanıstan.

Bolqarıstanın Burqas şəhərinin ev sahibliyi edəcəyi yarışın birinci yarımfinalı mayın 11-nə, ikinci yarımfinalı 13-nə, finalı 15-nə təyin olunub.

İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsi olan müsabiqədə 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan, Portuqaliya və Bolqarıstan 1 dəfə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru