Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu ilə bağlı iddialara cavab verdi: “81 yaşlı insan özünə toy etməz”, "əgər etsə də, gizli edər."

Bu gün, 17:46           
Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu ilə bağlı iddialara cavab verdi:
Xalq artistinin həyat yoldaşı Gülnarə Şıxəliyeva boşanma və Polad Bülbüloğlunun yenidən evlənməsi barədə yayılan xəbərlərə münasibət bildirib, bu mövzuda müzakirələri uzatmaq istəmədiyini deyib

Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı son günlər yayılan xəbərlər müzakirə olunmaqda davam edir.

Sənətkarın həyat yoldaşı Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu ilə boşandığı və Xalq artistinin üçüncü dəfə ailə qurduğu barədə yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.info-ya verdiyi açıqlamasında Şıxəliyeva bu məsələnin ətrafında geniş müzakirə aparmaq niyyətində olmadığını bildirib.

“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”, – Gülnarə Şıxəliyeva deyib.

“Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil”

Gülnarə Şıxəliyeva son günlər cəmiyyət içində görünməməsinin səbəbinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, səhhətində müəyyən yüngül problemlər olduğundan bu aralar müxtəlif tədbirlərdə iştirak edə bilmir.

“Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə iştirak edə bilmədim” – o bildirib.

Gülnarə Şıxəliyeva ailə həyatı ilə bağlı yayılan xəbərləri mütəmadi izləmədiyini də deyib:

“Mən ümumiyyətlə heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil"

“Heç vaxt qısqanclığa görə ailədə söz-söhbət yaratmamışam”

Xalq artistinin həyat yoldaşı bildirib ki, ailə həyatında qısqanclıq və xırda məsələlərə görə münaqişə yaratmağı düzgün hesab etməyib.

Onun sözlərinə görə, həyat yoldaşını uzun illərdir tanıyır və bu müddət ərzində onun ətrafında həmişə qadınların olduğunu müşahidə edib:

“Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və mehriban qadınam, heç vaxt xırda məsələlərə görə ailədə söz-söhbət, qısqanclıq yaratmamışam”.

Gülnarə Şıxəliyeva qeyd edib ki, onun üçün həyatda ən vacib məsələlərdən biri övladlarının tərbiyəsi və onların yaxşı böyüməsi olub:

“Mənim üçün əsas övladlarımı gözəl şəkildə böyüdüb ərsəyə gətirməkdir. Başqa şeylər maraqsızdır. Ona görə də bu mövzuda da heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm”.

Polad Bülbüloğlu da xəbərləri təkzib edib

Qeyd edək ki, bundan əvvəl bir sıra yerli media orqanlarında Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və üçüncü dəfə ailə qurduğu barədə xəbərlər yayılmışdı.

Lakin Polad Bülbüloğlu həmin məlumatların həqiqətə uyğun olmadığını bildirib. Hazırda Türkiyədə istirahətdə olan Xalq artisti “Novaya Vremya” qəzetinə açıqlamasında Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini deyib.

Sənətkar Azərbaycana qayıtdıqdan sonra ailə həyatı ilə bağlı təsdiqlənməmiş məlumatlar yayan bəzi media resurslarının fəaliyyəti ilə bağlı hüquqi addım atılması məsələsini də nəzərdən keçirəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]