"Samsung" mənfəətinin bir hissəsini işçilərinə paylayacaq

Bu gün, 12:18           
"Samsung" mənfəətinin bir hissəsini işçilərinə paylayacaq
"Samsung Electronics" şirkəti işçilərin həmkarlar ittifaqı ilə razılıq əldə edərək Cənubi Koreyanın ixracına və yarımkeçirici istehsalına mənfi təsir göstərə biləcək böyük tətilin qarşısını alıb. Bu addımdan sonra texnologiya nəhənginin səhmlərində kəskin artım müşahidə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Əldə olunan razılaşmaya əsasən, işçilər ümumilikdə 416 min dollara qədər əlavə vəsait əldə edə biləcəklər. Şərtlərə uyğun olaraq, təxminən 48 min əməkdaşın iştirakı ilə planlaşdırılan 18 günlük kütləvi aksiya ləğv edilib. Hökumətin vasitəçiliyi sayəsində əldə edilən bu müqavilə mayın 22-dən 27-dək həmkarlar ittifaqı üzvlərinin səsverməsinə təqdim olunacaq. İttifaq rəhbərliyi sənədin təsdiqlənəcəyinə ümid edir.

Bu hadisələrin fonunda "Samsung Electronics"in səhmləri və ölkənin iqtisadi göstəricisi olan KOSPI indeksi səhər hərraclarında təxminən 10% bahalaşıb. "Samsung"un Cənubi Koreya ixracının dörddə birini təşkil etdiyini nəzərə alan investorlar, istehsalın dayanması riskinin aradan qaldırılmasını müsbət qiymətləndiriblər.

Eyni zamanda ekspertlər vurğulayırlar ki, sözügedən razılaşma şirkətin işçi heyəti üzrə xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Müqavilənin şərtlərinə görə, çip istehsalı bölməsinin işçiləri biznesin maliyyə nəticələrindən asılı olaraq dəyişən bonuslar alacaqlar. Şirkət yarımkeçiricilər departamentinin əməliyyat mənfəətinin təxminən 10.5%-ni işçilərə ödənişlər üçün ayıracaq.

Mükafatların böyük bir hissəsinin səhmlər şəklində verilməsi pul vəsaitlərinin hərəkətinə düşən qısamüddətli yükü azaltmağa kömək edəcək. Bu motivasiya proqramı ən azı on il müddətinə nəzərdə tutulub. Layihə yaddaş, eləcə də məntiq mikrosxemləri seqmentində müəyyən əməliyyat gəliri göstəricilərinə çatdıqda tətbiq ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru