Uqandalı həkimdən qorxulu xəbərdarlıq: Ebola malyariya ilə səhv salına bilər
Bu gün, 11:37

"Ebolanın simptomlarını malyariya ilə səhv salmaq olar".
Bu barədə uqandalı həkim Elayca Kiiza "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
Bundibuqio virusunun səbəb olduğu Ebola xəstələrinin müalicəsində təcrübəsi olan həkim qeyd edib ki, xəstənin vəziyyəti və simptomları malyariya ilə qarışdırıla bilər.
Ebola qızdırması tez-tez ölümlə nəticələnən ağır virus xəstəliyidir. Simptomlar qəfil başlayır və iki əsas mərhələdə inkişaf edir.
Erkən mərhələdə bədən temperaturu kəskin şəkildə 38-40 dərəcəyə qədər yüksəlir, güclü zəiflik, ümumi halsızlıq və əzginlik müşahidə olunur. Həmçinin əzələ, oynaq və baş ağrıları, boğaz ağrısı, angina və ya xoralı faringit, ürəkbulanma, qusma və diareya yaranır. Xəstənin xarici görünüşü də dəyişir: gözlər çökür, üz ifadəsi isə sanki kədər və ya aqressiyanı əks etdirən maskaya çevrilir.
Xəstəliyin başlanmasından 5-7 gün sonra vəziyyət daha da ağırlaşır. Dəridə səpgilər, döş qəfəsində ağrılar və təngnəfəslik yaranır. Dərinin yüngül zərbə və sıxılma yerlərində göyərmələr əmələ gəlir, gözlərin, burnun, ağzın və cinsiyyət orqanlarının selikli qişalarında qansızmalar müşahidə olunur.
Bundan əlavə, iynə vurulan yerlərdən uzun müddət dayanmayan qanaxmalar, nəcisdə və qusma kütləsində qan, burun və diş ətlərindən qanaxmalar baş verə bilər. Hamilə qadınlarda isə öz-özünə düşük halları mümkündür.
Həkimin sözlərinə görə, xəstələrdə şüurun dumanlanması, lənglik, qıcıqlanma, aqressivlik, məkanda və zamanda çaşqınlıq müşahidə edilir, ağır hallarda isə koma baş verə bilər.

