İstanbul Londondan bahadır — bu, artıq faktdır
Bu gün, 11:36

Türkiyədə ürək açan yeganə sahə hərbi sənaye kompleksinin sürətli inkişafıdır. Qalan sahələrə baxanda isə vəziyyət adamın qanını qaraldır. Çünki iqtisadi sistem ciddi problemlərlə üz-üzədir.
Sabah bu barədə daha geniş yazacam. Hələlik isə bir fakt:
Britaniyalı jurnalist Lizzie Porter İstanbul və London supermarketlərində qiymətləri müqayisə edib və müəyyən edib ki, eyni 19 məhsuldan ibarət səbət İstanbulda 62 faiz daha bahadır. Halbuki Türkiyədə minimum əmək haqqı Böyük Britaniyadakının təxminən dörddə biri qədərdir.
Bu, artıq iqtisadi absurd deyil — bu, sistemin çökməsinin göstəricisidir.
Amma məsələ təkcə Türkiyə ilə bitmir.
Eyni mənzərə Azərbaycanda da var.
Baxırsan ki, İsveçrədə 5 manata satılan məhsul Azərbaycanda 25 manata təklif olunur. Bu fərq nə logistika ilə izah olunur, nə vergi ilə, nə də bazar qaydaları ilə.
Bu, başqa şeydir.
Bu, sistemdir.
Çünki Azərbaycanda ticarət sahələrinin böyük hissəsi real rəqabət üzərində yox, monopoliya və kartel mexanizmləri üzərində qurulub. Rəqabət olmayan yerdə qiyməti bazar yox, maraqlar diktə edir.
Nəticə isə çox acıdır:
İnsanlar Avropadan qat-qat az qazanır,
amma Avropadan daha baha yaşayır.
Bu artıq bazar iqtisadiyyatı deyil — bu, vətəndaşın cibinə sistemli hücumdur.
Elbeyi Hesenli
TEREF

