Hərəyə biraz, hərədən biraz
28-11-2025, 07:34

Ölkədə bir yığın maskalanmış siyasətçi, partiya sədri, jurnalist, elm adamı, hər zümrədən özünü haqlı sayan, özünü haqq bilən "adamlar" var. Ölkədə heç kim səbəblərlə maraqlanmır, hər kəs nəticə üzərində baş sındırır, nəticə üzərindən insanları asır, kəsir, doğrayır. Gerçəklər ortaya çıxanda isə gec olur.
Kvadarat metrinə bəlkə ən çox həci düşən ölkə Azərbaycandır. Ancaq ölkə ateist ölkələr sırasında ilk sıralarda qeyd olunur. Düzdür, bəzi araşdırma mərkəzləri başqa rəqəmlər göstərir, açığı mən də ateist ölkələr sırasında ilk sırada olduğumuzu düşünmürəm, ancaq Allahsız ölkələr sırasında ilk yerləri heç kimə vermərik. Təsadüfi deyil ki, ən çox istifadə etdiyimiz "qansız", "vicdansız", "anasınız əmcəyini kəsən, əclaf" kimi sözlər, ifadələrdir. Əvvəl bu tip sözlər təkcə məmurlara xitab olunurdusa, indi bunun kateqoryası da genişlənib. Azərbaycanda sözdə kim nəyə və niyə inanır bilmirəm, ancaq dəqiq bildiyim bir şey var ki, böyük əksəriyyət pula tapırlar. Təsadüfi deyil ki, İslama qədərki dövrdə Kəbənin ətrafında sitayiş edilən ən məhşur bütlərdən birinin adı - Mənatdır. Bizdə də manata. Nədi, bir hərfin söhbətin edəcəksiniz?
Əvvəllər insanların şikayəti olanda onları işıqlandırırdım. Sonra özümə söz verdim ki, etməyəcəm. Niyə? Öz haqqını müdafiə edə bilməyən, haqsızlıq içərisində boğulan biri başqasının haqqını müdafiə etməyi nə qədər düzdür? Türkiyəlilərin bir sözü var - dövlətin malı dənizdir, yeməyən donuzdur. Ya biz axmaq adamlarıq, ya da dövlətin malını talayanlar əsil müsəlmanlardır, donuz olmamaq üçün çapıb-talayırlar. Haramla damğalanmış heyvana oxşamaq istəmirlər. Bu yaxınlarda məclislərin birində mənə dedilər ki, müharibədə ən çox qazanan jurnalist sən olmusan. Bunun səbəbini soruşdum. Məlum oldu ki, müharibə vaxtı cəbhəyə ezam olunan hər kəsin günü 150 manatdan hesablanırmış. Hələ bu harasıdır? Operativ Qərargahda oturaraq küləkləyən jurnalistlərə də bu məbləği verirmişlər. O puldan nəinki xəbərim olub, o pulun verilməyi barədə 5 il sonra məlumat almışam. Dostlarım mənə bandit deyir. Bandit kimdir, kimlərdir?
Ölkədə kimin başına nə gəlir ya dövlətinə xidmət edən olur, ya da vətənpərvər. Klaviaturasını hər cür murdarlığa fırlayan adamlar özünə yekə-yekə elə jurnalist deyir ki, adamın matı-qutu quruyur. Qələm fahişəsi, hansısa məmurun "killer domeni" olanlar düzlükdən, ədalətdən dəm vurur. Yazdığın oxuyub, dediyinə baxırsan, nəinki bu ölkədən, plantedən köçüb getmək istəyirsən. Bu tip adamlarla eyni havanı udmağın özü belə zərərlidir. Səbəb qalır kənarda, ölüsünün qəbrinə söydürməyə meyilli olanlar nəticə ilə hürür.
Ən zəhləm gedən şey rayonlara, bölgələrə getməkdir. İnsanlar bərbad halda yaşayır. İnsanların sabaha ümidləri yoxdur. O gün rayonlarımızdan birində idim. Tanışlardan biri zəng elədi. Dedi, hələ də rayondasan? Dedim, yox, getmişəm. Əslində getməmişdim. Sadəcə heç kimlə görüşmək istəmirdim. Adam dedi, üzürlü say, bəs gəldiyini bilirdim, sadəcə olaraq ona görə görüşə gələ bilmədim ki, ayın axırıdır, pulum-param qurtarmışdı. Əgər cavan bir adam 15 illik tanışını görməyə gəlmək üçün pulu yoxdursa, burda söz bitir. İnsanlar əllərində resept qapı-qapı gəzirsə, düşünməyə ehtiyac var. Düşünmək nədir, mən nə yazıram? Hərəkət etmək vaxtıdır. Növbə tutmaq üçün insanlar səhərin gözü açılmamış xəstəxanaların qapısını kəsdirir. Ölkədə kimi dindirirsən xərçəng xəstəsidir. Xərçəng demişkən, ölkədə xərçəng xəstəliyi qrip kimi yayılıb. Ancaq bu sahənin əsas adamlarından birinin yazısını oxudum, mövzusu beynəlxalq siyasət, tranzit yolları, Azərbaycanın dünya siaysətindəki rolundan idi.
"Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır" başlıqlı xəbər oxudum. Bakıda metro tikintisi 1949-cu ildə başlayıb, 1967-ci ilin 6 noyabrında istifadəyə verilib. İstanbulda isə müasir metro tikintisi 1992-ci ildə başlayıb, ilk xətt (M2 – Şişli–Taksim) 2000-ci ildə açılıb. Normalda, məntiq də onu deyir ki, İstanbul metropoliteni Bakıdan məsləhət almalıdır. Məntiqin bitdiyi yerdəyik. Mətbuatda tez-tez bu tip xəbər başlığına rast gəlirəm "Təhsil naziri təhsildəki problemlərdən danışdı", "Təhsil naziri təhsildəki vəziyyəti tənqid etdi". Qardaş, Təhsil naziri problemdən danışacaq, təhsildəki problemləri tənqid edəcək adam deyil. Təhsil naziri təhsil ekspertidir, jurnalistdir, blogerdir? Təhsil naziri problemi, tənqidləri araşdırıb, gerçəkdirsə, onları həll etməli olan şəxsdir. Müəllim də, valideyin də, qonşumuz Ələmşah dayı da təhsili tənqid etsin, nazir də. Nə bilim vallah.
Azərbaycan hərbi gücünü artırır, yeni-yeni silahlar alır. Çox gözəl! Böyük Britaniya, Almaniya, Fransa və bir neçə Avropa ölkəsinin müdafiə nazirlərinin ayrı-ayrı vaxtlarda açıqlamalarına baxırsan. Hamısı kadrlardan, kadrların önəmindən danışır. Avropa ölkələri üçün silah almaq da, istehsal etmək də iki vur ikidir. Ancaq onlar belə kadrlardan, kadrların önəmindən danışırsa, düşünmək lazımdır. Silah da önəmlidir. Ancaq kadrları qoruyub saxlamaq hər şeydən daha önəmlidir.
Çox deyindim. Hərədən biraz, hər şeydən biraz yazanda uzun alınır. Başqa nə var, nə yox? Özünüz yatıb, özünüz dura bilirsiniz, saallah?
Səxavət Məmməd

