Venesuela + İran
28-01-2026, 17:04

Mənim fikrimcə, hazırkı böhranın hekayəsi siyasətçilərin kabinetlərində deyil, Venesuelanın Orinoko qurşağının dərinliklərində başlayır. Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malikdir, lakin bu neft ÇOX AĞIRDIR. Konsistensiyasına görə qatı qətrana bənzəyir, borularla axmır və standart zavodlarda ilkin emal olmadan emal oluna bilməz.
"Venesuela bitumu"nu kommersiya məhsuluna çevirmək üçün onu yüngül xammal (kondensat) ilə seyreltmək lazımdır. Uzun illər Karakas üçün belə seyrelticilərin əsas tədarükçüsü İran olub. Cənub qonşumuz ultra-yüngül kondensat tədarük edərək Venesuelaya neft hasil etməyə və ixrac etməyə imkan verirdi. Venesuela da bunun müqabilində öz ağır nefti ilə haqq-hesab çəkirdi, İran isə bu nefti "kölgə donanması" vasitəsilə Asiyaya satırdı. Birlikdə onlar ABŞ-ın sərt sanksiyaları altında illərlə sağ qalmağa imkan verən "enerji qalxanı" yaratmışdılar.
2026-cı ilin əvvəlində bu uzun illər davam edən sxem iki əks proses səbəbindən dağıldı: ABŞ-ın 2026-cı il yanvarın 3-də Karakasda rəhbərliyi dəyişdirmək üçün həyata keçirdiyi qətiyyətli əməliyyatdan sonra Venesuela sürətlə Vaşinqtona tərəf yönəlməyə başladı. Yeni keçid hökuməti Amerika texnologiyalarına və seyrelticilərə çıxış əldə etdi. İranın köməyinə ehtiyac demək olar ki, dərhal aradan qalxdı, bu da Tehranı əsas təsir bazarlarından və "boz" gəlir mənbələrindən məhrum etdi.
Eyni zamanda, İran daxili partlayışla üzləşdi. Hiperinflyasiya və iqtisadi tükənmənin səbəb olduğu genişmiqyaslı etirazlar Tehran rejimini sağ qalmaq həddinə çatdırdı. Əvvəllər "sanksiya müttəfiqlərini" (o cümlədən Venesuelanı) dəstəkləməyə sərf olunan resurslar indi daxili təhlükəsizliyə yönəldilib. İranın artıq kondensat ixrac etməyə vaxtı yox idi – ölkə öz küçələrindəki xaosla mübarizə aparırdı.
Bir çoxlarına Trampın İran etirazları fonunda Tehrana qarşı birbaşa hərbi əməliyyatlar keçirməməsi qəribə görünür. Lakin bunun arxasında soyuq hesablamalar durur: Venesuela neftinə nəzarəti ələ keçirərək (hansı ki, indi ABŞ neft emalı zavodlarına axacaq), Tramp artıq əsas məqsədə — ABŞ daxilində benzin qiymətlərinin sabitliyini təmin etməyə nail olub.
Donald Tramp başa düşür ki, Venesuela tərəfdaşlığı olmadan və ölkə daxilində yanan küçələrlə İran rejimi öz-özünə zəifləyir. Birbaşa hərbi müdaxilə iranlıları "xarici düşmənə" qarşı birləşdirə bilərdi, amma gözləmə taktikası rejimin öz səhvlərinin ağırlığı altında dağılmasına imkan verir.
Venesuela neftinin ABŞ nəzarəti altında dünya bazarına qayıtması dünyanın Yaxın Şərq tədarüklərindən asılılığını azaldır, bu da İranı strateji cəhətdən daha az təhlükəli edir.
Biz "qovulmuşlar ittifaqının" sonunu müşahidə edirik. Venesuelanın yüngül neftdən texnoloji asılılığı, hansı ki, əvvəllər onu İrana bağlamışdı, indi onun ABŞ orbitinə qayıtması üçün körpü rolunu oynayır. İran isə təcrid olunmuş vəziyyətdədir: Latın Amerikasında əsas müttəfiqini itirib və öz xalqının qəzəbi ilə üzləşərək, Tramp üçün birbaşa hücum hədəfi olmaqdan çıxıb – indi Ağ Ev sadəcə bəhrənin öz-özünə düşməsini gözləyir.
Müəllif: Ağayar Samir
Азербайджанский Тюрок

