Bombalara dirənən Vyetnam dollara təslim olub – arada 2 milyon vyetnamlı ölüb.

29-01-2026, 12:54           
Bombalara dirənən Vyetnam dollara təslim olub – arada 2 milyon vyetnamlı ölüb.
Ən yeni tarix. Maraqlı faktlar.
ABŞ-nin Qrenlandiyanı ilhaq etmək planları kəskin xarakter alıb. Artıq prezident Donlad Tramp adı yaşıl, özü buz olan adaya görə yaxın müttəfiqlərini əlavə gömrük rüsumu ilə hədələyib.
ABŞ liderlərinin dünyanı dollarla hədələməsi ilk hal deyil. Bu ölkənin rəhbərləri əvvəllər də dünyanın bir çox ölkələrində dolların gücüylə çox üstünlüklər əldə edib, hətta bir çox cinayətlərini dollar hesabına ört-basdır ediblər.
Qırılan Vyetnam
16 mart 1968-ci ildə “Çarli” bölüyündən olan Amerika əsgərləri Milay kəndinə girəndə Fam Than Konq 11 yaşında olub. Silah səslərini eşidən ana qızlarını, Konq və kiçik oğlunu dərədə gizlədib. Ancaq amerikalılar onları da tapıblar.
Hər kəsə çölə çıxmağı əmr etsələr də, yenidən kəndliləri dərəyə itələyib və ardınca qumbara atıblar.
“Qana bulanmış halda və ailəmin parçaları içində oyandım. Mənim baş, qol və ayağıma qəlpə dəymişdi”, - deyə Fam Than hadisəni xatırlayıb.
Amerikalılar uşağın öldüyünü güman ediblər və cəsədi digərlərinin arasına atıblar.
“Songmi qırğını” kimi tanınan bu “təmizləmə əməliyyatı”nda ABŞ qoşunları 173 uşaq da daxil olmaqla, kəndin 504 silahsız sakinini öldürüblər.
Sonradan yalnız bir nəfər - leytenant Uilyam Kelli məhkəmə qarşısına çıxarılıb və o, üç il yarım ev dustaqlığından sonra azadlığa buraxılıb.
Eyni zamanda amerikalılar meşələrdəki partizanları öldürmək və ərazidən qovmaq üçün “Agent Orange” adlı məhlulu cəngəlliyə püskürdüblər. Zəhər 400 000 vyetnamlını öldürüb və bir milyon insanı şikəst edib.
Müharibənin bitməsindən illər sonra Vyetnamda ciddi anadangəlmə xəstəliklərlə uşaqlar dünyaya gəlməkdə davam edib. Bunlar “Agent Orange”ın spesifik nəticələridir.
1972-ci ildə hər iki qolu olmadan doğulan Ngo Trinh Le deyib ki, “Orange Qurbanları Cəmiyyəti” ABŞ-yə kompensasiya üçün müraciət edib: “Lakin onlar bundan imtina ediblər. Amerika heç vaxt Vyetnama etdiklərinə görə rəsmi olaraq üzr istəməyib”.
Ölkənin qısa tarixçəsinə gəlincə. Fransa müstəmləkəsi olan Vyetnam on illərlə xarici müdaxilədən azad olmağı arzulayıb. Ölkə 1946-cı ildə müstəqillik qazanıb, lakin misyölər bundan məmnun olmayıb. Təkbaşına partizanlarla mübarizə apara bilməyən Fransa ABŞ-dən kömək istəyib.
1954-cü ildə Cenevrə sazişlərinə əsasən, Vyetnam 17-ci paralel boyunca Şimala (SSRİ-dən dəstək alan kommunistlərə) və Cənuba (ABŞ tərəfdarı olanlara) bölünüb.
Sonuncuda sərt diktatura quraraq öz hökumətini yaradan ABŞ ölkədə partizan müqavimətinin yaranmasına səbəb olub.
1965-ci ilin mart ayına qədər ABŞ hərbi hava qüvvələrinin Vyetnamı bombalaması müntəzəm hala gəlib və ilin sonuna qədər əslində vətəndaş müharibəsi olan bu qarşıdurmada iştirak edən ABŞ qoşunlarının sayı 185 000-i keçib (1967-ci ilə qədər bu rəqəm 500 mini ötüb).
Lakin illərlə davam edən münaqişədən yorulan Cənubi Vyetnam artıq layiqli müqavimət göstərə bilməyib və getdikcə daha çox ərazi kommunistlərin nəzarəti altına düşüb.
Müharibə 30 aprel 1975-ci ildə Şimali Vyetnam qüvvələri Sayqonu ələ keçirməsi ilə başa çatıb.
Dollarla geri alınan ərazi
Sayqonun ələ keçirilməsindən və Vyetnam müharibəsinin bitməsindən cəmi bir neçə il sonra iki supergüc arasında münasibətlərin aydınlaşdırılması üçün yeni bir arena - Əfqanıstan yaranıb.
Bu isə tamam başqa mövzudur. Lakin illər sonra SSRİ dağılıb, ABŞ isə gücünü artırıb.
Amerikanın yavaş-yavaş atdığı siyasi və iqtisadi addımlar Vyetnamı Vaşinqtondan ciddi asılı edib.
Qırmızıların hakimiyyəti artıq Sem dayının sözünə qulaq asmağa başlayıb.
Məsələn, hazırda Hanoyda ABŞ-yə məxsus “Starbucks”da müştəri əlindən tərpənmək mümkün deyil.
İnsanlar bir fincan “Kapuçino” üçün yarım saat növbə gözləyirlər. Damağlarında Amerika siqareti və əynində Amerika cinsi olan vyetnamlı gənclər arasında ən populyar və arzulanan mobil telefon “iPhone”dur.
ABŞ Vyetnama hər il 10 milyard dollar dəyərində mal satır, Rusiya isə keçmiş müttəfiqi ilə 2 milyard dollardan az ticarət edir.
Vyetnamı parçalayan, ən azı 2 milyon mülki şəxsin ölümünə səbəb olan bir ölkə müharibədən 45 il sonra burada ticari əlaqələrini genişləndirməklə məşğuldur.
ABŞ ordusunun vurulmuş pilotlarının saxlanıldığı və Amerika hərbi əsirləri (ABŞ-də beşulduzlu otellər şəbəkəsi) tərəfindən “Hanoi Hilton” ləqəbi ilə tanınan “Hoa Lo” həbsxanası hazırda məşhur turistik məkandır və əcnəbilərin çoxu həmin yerə səfər edirlər. Burada amerikalı zabitlər üçün təkkameralı otaqlar və hətta pilot Con Makkeynin (sonradan məşhur senator olub) uçuş forması da mütəmadi nümayiş olunur.
Amerika sadəcə Vyetnamı satın alıb. Nəticədə istədiyini əldə etmək üçün dolların bombalardan daha asan olduğu üzə çıxıb. İndi Vyetnam iqtisadiyyatı ABŞ-dən asılıdır.
Çünki qırmızlar hər il ABŞ-dən 42 milyard dollar dəyərində mal almağa məcburdurlar. Bu rəqəm isə ehtiyacların fonunda artmağa davam edir.
İlkin Nəcəf.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]