Səs-küyün Satışı

27-01-2026, 10:10           
Səs-küyün Satışı
Sosial mediada tez-tez məşhurların xəbərlərini görürük: "Üzüyümün qiyməti 100mindir", "7ci evimi alıram","Mənə 200 minlik maşın almayan kişiyə kişi demərəm!" və ya "Mən səhər yeməyində qızıl tozlu kürü yeyirəm." Siz əsəbiləşirsiniz və "Bu millət hara gedir" deyib həmin videonu dostunuza göndərib, altına da qəzəbli bir şərh yazırsınız. Təbriklər. Siz indicə həmin müğənninin tələsinə düşdünüz və ona pul qazandırdınız.
Xoş gəlmisiniz müasir şou-biznesin mətbəxinə. Burada səsin gözəlliyi ikinci dərəcəlidir, əsas olan səs-küydür.
Müasir dünyada ən bahalı valyuta dollar və ya avro deyil, insan diqqətidir. Şou-biznes nümayəndələri çox gözəl bilirlər ki, sənətin nə qədər yüksək olursa olsun, əgər gündəmdə deyilsənsə, deməli, bazarda yoxsan. Azərbaycan reallığında müğənninin əsas gəlir yeri toylar və korporativ tədbirlərdir. Toy sahibi isə adətən ən məşhur, adı dillərdə gəzən müğənnini çağırmaq istəyir. Sakit, mədəni, yalnız sənəti ilə məşğul olan müğənni hörmət qazanır, amma çox vaxt reytinq qazanmır. Qalmaqallı, qıcıqlandırıcı bəyanatlar verən müğənni isə hər gün efirdədir. Sosial mediada ən çox tənqid və təhqirə məruz qalanlar, adətən, ən məşhur simalardır. Buna görə də, efirdəki o absurd ifadələr əslində bir biznes planın tərkib hissəsidir. Buna PR (Public Relations) dilində "Outrage Marketing" (Qəzəb Marketinqi) deyilir. Onlar sizin qəzəbinizi nağd pula çevirirlər. Buna Diqqət İqtisadiyyatı deyilir və qızıl qanunu: Unuduldunsa, öldün.
Əvvəllər sənətçilər adlarının ləkələnməsindən qorxardılar. İndi isə ləkə – diqqət çəkmək üçün bir vasitədir.
Efirdə lux həyatından danışan ifaçı, real həyatda bəlkə də kreditini güclə ödəyir və ya tamamilə fərqli, təvazökar bir həyat sürür. Amma o bilir ki, cəmiyyətin həssas nöqtələri var: Maddi çətinlik çəkən insanların qarşısında lüks həyat nümayiş etdirmək. Mühafizəkar cəmiyyətdə əxlaqi dəyərlərə zidd fikirlər səsləndirmək.
Bu düymələrə basılan kimi sosial şəbəkələr partlayır. Minlərlə şərh, paylaşım, müzakirə. Alqoritm bu aktivliyi görür və həmin şəxsi daha çox insanın qarşısına çıxarır. Nəticə? Həmin müğənninin toy qiyməti qalxır.
Şou-biznesdə gördüyünüz parıltının böyük bir hissəsi butaforiyadır (teatr dekorasiyası). Efirdə nümayiş olunan o bahalı brend geyimlər çox vaxt kirayə götürülür və ya replikadır (saxta). "Sevgilim mənə hədiyyə etdi" deyilən o nəhəng gül buketləri, bahalı avtomobil bəzən elə müğənninin özü tərəfindən sifariş edilir ki, rəqiblərinə acıq versin. Bəzən efirdə bir-birini təhqir edən iki məşhur, veriliş bitdikdən sonra pərdə arxasında birlikdə çay içib gülürlər. Bu, sadəcə razılaşdırılmış bir ssenaridir.
Bəs biz niyə buna baxırıq? Niyə kanal 100-cü dəfə eyni qalmaqalı göstərir? Çünki tələb təklifi doğurur. Psixoloji olaraq insanlar öz həyatlarının bozluğundan qaçmaq üçün başqalarının parlaq və ya rüsvayçı həyatını izləməyə meyllidirlər. Kimisi həsəd apararaq baxır. Kimisi "şükür ki, mənim ailəm belə deyil" deyib özünü təsdiq etmək üçün baxır.Kimisi isə sadəcə gülmək üçün. Kimisi qınamaq üçün. Çünku insan kimisə qınayanda psixoloji olaraq məmnunluq hiss edir.
Məşhurlar da bizim bu zəifliyimizi bilir və bizə istədiyimiz sirki təqdim edirlər.
Dr. Benjamin Karimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]