SƏRHƏD HƏRƏKATI İLƏ BAĞLI FAKTLAR
28-01-2026, 10:14

1989-cu il dekabrın 31-də Naxçıvanda başlanan sərhəd hərəkatı Azərbaycan xalqının müstəqillik arzularının təcəssümü idi. Bu addım sonradan, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi üçün keçilən yolun başlanğıcı kimi dəyərləndirilir.
Bakıda Azərbaycan Xalq Cəbhəsi qeydiyyatdan keçəndən sonra Naxçıvanda 1989-cu ilin noyabrın 10-11-də Respublika Sarayında təsis konfransı keçirildi. Təsis konfransı zamanı 1100 yerlik salon tam dolmuşdu. Gərgin keçən toplantını Arif Rəhimov aparırdı. Bakıdan Əbülfəz Elçibəy və Nemət Pənahlı da toplantıya qatılmışdılar. Təsis konfransından sonra keçirilən Məclisdə ( (Məclisdə Nemət Pənahlı iştirak etməyib ) sərhəddə aksiya keçirmək məsələsi müzakirəyə çıxarıldı və qərar qəbul edildi. Asəf Quliyevi Sərhəd hərəkatına rəhbər seçdilər. Təşkilatın İdarə Heyətinə və Məclisinə səsvermə yolu ilə üzvlər seçildi. Seçilənlərin içində mən də var idim.
O günün axşamı Naxçıvan Cəbhəsinin fəalları Əbülfəz Bəylə Cəbhənin gələcək fəaliyyəti ilə bağlı onun fikirlərini öyrənmək istəyirdilər. Əbülfəz Bəy burada Cəbhənin gələcək fəaliyyəti və görüləcək işlər haqqında Cəbhəçilərə məlumat verdi. Sonra söhbət Naxçıvan MR-nın Müdafiə Komitəsinin sədri Oqtay Baxşəliyevin qərargah kimi istifadə etdiyi və “ Kümbəz “ adlandırıldığı Yusif ibn Küseyir türbəsində davam etdi. Naxçıvan Cəbhəçiləri Bəydən xahiş etdilər ki, O, Neymət Pənahlı ilə barışsın. Bəy biraz fikirləşdikdən sonra razılıq verdi və dedi: “ Kim gedib onu razı salıb gətirəcək ?” Asəf Quliyev: “ Bəy, mən gedib onu Sənin hüzuruna gətirəcəm!” – dedi və getdi. Xeyli vaxtdan sonra Asəf Bəy hirsli halda gəlib dedi ki: “Bu adamın başı xarab olub, deyir ki, Bəy gəlsin mənim ayağıma”. Bəy dedi, hardadı, gedim görüm, dərdi nədi ? Bütün Cəbhəçilər qəti etiraz edərək bir ağızdan: “ O kimdir ki, Siz onun ayağına gedəsiniz, Bəy ?! Elə şey ola bilməz! “ Bundan sonra bütün Naxşıvan Cəbhəçiləri sona qədər Neymətdən üz döndərdilər.
Bəy Azərbaycan Xalq Cəbhəsinin sədri seçiləndən sonra Naxçı- van Vilayət Təşkilatının üzvlərinin hamısı Bəyi özlərinin lideri qəbul edərək onun mərkəzdən gələn bütün tapşırıq və göstərişlərini yerinə yetirməyə başladılar. Artıq Respublikanın Bakı da daxil hər yerində olduğu kimi Naxçıvan şəhəri başda olmaqla Muxtar Respublikanın da bütün rayonlarında Azərbaycan Xalq Cəbhəsinin yerli təşkilatları və demək olar ki, əksər kəndlərində dayaq dəstələri yarandı.
Bütün Azəbaycanda olduğu kimi Naxçıvandakı Xalq Hərəkatı da erməni təcavüzünə qarşı müqavimət hərakatı olmaqla yanaşı, impe- riya buxovlarından xilas olmaq və milli müstəqilliyə nail olmaq üçün geniş vüsət alan Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının tərkib hissəsi idi. Bu Hərəkatın ilkin dövründə əsas etiraz vasitəsi və formaları mitinqlər. nümayişlər, tətillər idi. Əbülfəz Bəyin təşəbbüsü ilə etiraz mitinqləri bütün Azərbaycanı bürümüşdü.
Bu mitinqlərdən biri də 22 noyabrda Naxçıvan şəhərində keçi- rildi. Şəhərə gələn bütün yolların polis tərəfimdən bağlanmasına baxmayaraq Muxtar Respublikanın rayon və kəndlərindən gəlmiş 30-40 mindən çox insan təkidlə Vilayət Partiya Komitəsinin birinci katibi Nurəddin Mustafayevi mitinqə çağırırdılar. Lakin o, mitinqçilərlə dialoq əvəzinə onların üzərinə tanklar yeritdi. Yaralananlar oldu. Hiddətlənən mitinq iştirakçıları Vilayət Partiya Komitəsinin binasına hücum edərək ona ziyan vurdular. Nurəddin Mustafayev tiribunaya bizim yanımıza gəlməyə məcbur oldu. Elə bu vaxt Nehrəm kəndindən mitinqə gələnlər Naxçıvan körpüsündəki polis barrikadasını yararaq əllərində taxtaya taxılmış Heydər Əliyevin şəkli ilə mitinq meydanına daxil oldular. Onların bir neçəsi tribunanın qabağına gələrək əllərində tutduqları taxtaya taxılmış Heydər Əliyevin şəklini Nurəddin Mustafayevin ağzına yaxınlaşdıraraq bərkdən qışqırmağa başladılar: - Öp, öp ! Bütün mitinq iştirakçıları bir ağızdan qışqırdı :- Öp, öp ! Əlacsız qalan Vilayət Partiya Komitəsinin birinci katibi Nurəddin Mustafayev (1983–1988) şəkli 3 dəfə öpərək “ Ihı, Ihı, Ihı !” - dediyi an meydan guruldadı. Sonra xalq Nurəddin Mustafayevi təyyarəyə mindirib Bakıya yola saldı.
Yerinə Afiyəddin Cəlilov öncə Partiya Komitəsinin 1-ci katibi, sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (noyabr 1990 – aprel 1991) oldu O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, Muxtar Respublikada vətəndaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərdi. Azərbaycan Kommunist Partiyasının I katibi Ayaz Mütəllibovun təkidli tələbi ilə vəzifəsindən qanunsuz olaraq uzaqlaşdırılan Afiyəddin Cəlilovun yerinə Əkbər Fəttah oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi (1991). O da xalqın təzyiqi və təkidli tələbi ilə vəzifəsindən uzaqlaşdırılıb yerinə Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi.
70-ci illərdə yaranan gizli təşkilatların əsas məramlarından biri də Azərbaycanın birləşməsi idi. Xalq hərəkatı dönəmində bu istək daha da gücləndi. 16 iyul 1989-cu ildə Bakıda yarımleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Konfrans təşkilatın sədrini, 15 nəfərdən ibarət İdarə Heyətini və Mərkəzi Məclisin üzvlərini seçdi. Azərbaycan EA Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Əbülfəz Əliyev "Elçibəy" təxəllüsü ilə onun sədri seçildi. Konfransda AXC-nin proqramı və nizamnaməsi təsdiq edildi. AXC-nin tərkibində o dövrdə Naxçıvan Xalq Cəbhəsi kimi 40-dan çox bölgə xalq cəbhələri, özəklər yarandı. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alındı.
... Xalq hərəkatında sərhəd dirəklərinin və məftillərinin sökülməsi ideyası 1989-cu ilin noyabrında meydana gəlmişdi. Naxçıvanda bütün mitinqlərdə Güneylə bağlı fikirlər səslənirdi. Sovet zamanında çəkilmiş Naxçıvan-İran sərhəddində arxa tərəfdə əkinə yararlı böyük sahələr, Culfa şəhərində məzarlıq, Gülüstan məqbərəsi qalmışdı.
1989-cu ilin noyabrında bu məsələlər daha kəskin qoyuldu ki, o torpaqlar əhalinin istifadəsinə verilsin. Artıq bu durum ekoloji fəlakətə aparır. Camaat öz ölüsünü dəfn edə bilmir, otlaq sahələri çatmır. Bu proseslər 1989-cu ildə Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının məclisində gündəmə gəldi. Qərara alındı ki, “bu tələblərlə bağlı aksiyalar keçirilsin, dekabrın 4-də Güneydən görünən təpələrdə tonqallar qalansın”. Həmin gün təxminən 15 yerdə tonqallar qalandı. Bu, ilk aksiya idi və uğurlu keçdi. O zaman Sovet sərhədinə yaxınlaşmaq çox çətin olsa da, xalqın birliyi bu məsələni asanlaşdırdı.
İkinci aksiya dekabrın 12-də keçirildi. Güneyin 21 Azər Hərəkatı ilə əlaqədar olan bu aksiyada insanlar əl-ələ tutaraq bütün sərhədboyu 60-80 kilometr uzunluğunda düzüldü. Aksiyada “Yadlar bizi qırınca, türklər, haydı qılınca”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” tipli milli şüarlar səsləndi.
Üçüncü aksiyada artıq milli fəallar sərhədə tam yaxınlaşdılar. Naxçıvan ərazisində o günlərdə şaxta insanların iliyinə işləyirdi. Lakin biz oradan çəkilmirdik. Naxçıvanın Ordubad, Dəstə, Aza, Culfa, Yayıcı, Nehrəm, Şahtaxtı və digər sərhəd bölgələrində dekabrın 17-də çadırlar quruldu. Naxçıvan Xalq hərəkatının fəalları 20 gün çadırda qaldı. Biz Güneyli soydaşlarımızla səsli təmas yaratdıq. Onlar da bizimlə həmrəy olduqlarını bildirirdilər.
AXC sədri Əbülfəz Elçibəyin qərarı ilə sərhədlərin sökülməsi dekabrın 31-ə təyin edildi. Dekabrın 31-də biz elliklə sərhəd boyu bütün dəmir məftilləri söküb atdıq. Bu işdə təxribatların qarşısını almaq üçün rəhbərlik hər qrupa rəhbər təyin etdi. Beləliklə, dekabrın 31-də Naxçıvanda sərhəd boyu İranla arada olan bütün sərhəd dirəkləri sökülüb atıldı.
Sərhəd hərəkatı zamanı təkcə Güney və Quzey Azərbaycan arasında deyil, Türkiyə ilə aramızdakı Naxçıvanın 11 km-lik məsafədə Dilucu sərhəd məftilləri də sökülüb atılaraq iki qardaş ölkə arasında əlaqələr yenidən bərpa edildi. Bu 11 km-lik sərhəd ərazisi Böyük Atatürk tərəfindən İrandan alınmış olub Türk dünyasını birləşdirən Turan yolu hesab olunurdu.
Həmin gün sərhəd dirəkləri dağıdıldıqdan sonra soyuq havada o taylı-bu taylı onlarla insan sevincindən özünü Araz çayına atdı. Təbiidir ki, içində milli ruhu olmayanlar bunu anlaya bilməzlər.
Əbülfəz Elçibəyin hakimiyyəti dövründə (1992-1993) sərhəd hərəkatı, SSRİ-nin dağılmasından sonra Azərbaycanın öz sərhədlərinin mühafizəsini müstəqil şəkildə həyata keçirmək və ölkənin suverenliyini tam təmin etmək məqsədi daşıyırdı. Bu çərçivədə Milli Ordu quruculuğuna başlanılıb, qismən səfərbərlik elan edilib və sərhəd zolaqlarında nizami mühafizə təşkil edilərək hərc-mərcliyin qarşısı alınıb.
Elçibəy dövrü sərhəd siyasətinin əsas xüsusiyyətləri:
Müstəqil Sərhəd Mühafizəsi: Azərbaycan yeni yaranan müstəqil dövlətlər arasında ilk dəfə olaraq öz sərhədlərinin qorunmasını birbaşa öz üzərinə götürən dövlət oldu.
Ordu Quruculuğu: Könüllü batalyonlardan nizami orduya keçid başladı, bu da sərhədlərin etibarlı qorunması üçün zəmin yaratdı.
İşğaldan Təmizləmə: Həmin dövrdə Ağdərə, Goranboy rayonları və Laçının bir çox kəndləri erməni işğalçılarından təmizlənərək sərhəd bölgələrində vəziyyət qismən sabitləşdirildi.
Bu addımlar Azərbaycanın dövlət müstəqilliyini real müstəviyə keçirmək və sərhədlərdə suverenliyi bərqərar etmək üçün atılan fundamental addımlar kimi xarakterizə olunur.
Aydın Qasımlı

