İranı 15 ildən artıq idarə etmiş Kərim xan Zənd

6-02-2026, 15:04           
İranı 15 ildən artıq idarə etmiş Kərim xan Zənd
O, təxminən 1705-ci ildə Həmədan ətrafında, lək tayfasında anadan olub. Atası Zənd soyunun nüfuzlu liderlərindən idi, sonra başçısı oldu. 1730-cu illərdə hələ şah olmayan Nadir xan zəndləri indiki Türkmənistan və Xorasan ərazisinə sürgün etdi. Öz ordusuna cəlb etdiyi gənclər arasında Kərim xan da vardı.
Nadirin ölümündən sonra hakimiyyət zəiflədi, dövlətdə yüksək və aşağı səviyyələrdə daxili toqquşmalar vüsət aldı. Kərim xan da çəkişmələrdən kənarda qalmadı. O, Əlimərdan xan Bəxtiyari və Əbülfəth xan Bəxtiyari ilə qüvvələrini birləşdirdi və 1750-ci ildə İran taxtına Səfəvi soyundan Əbu Turabı (anası Səfəvi şahı Sultan Hüseynin qızı idi) III İsmayıl adı ilə çıxardı. Əlimərdan xan “vəkil əd-dövlə” (dövlətin vəkili, regent) kimi dövləti idarə edəcəkdi, Kərim xan qoşun sərdarı idi, Əbülfəth xan isə İsfahan canişini oldu.
Əksər hallarda olduğu kimi, bu dəfə də hakimiyyəti ələ keçirəndən sonra müttəfiqlərin münasibəti pisləşdi. İlk qeyri-dost addımı Əlimərdan xan atdı. O, Kərim xan səfərdə ikən İsfahana hücum etdi və Əbülfəth xanı öldürdü. İki nəfərin mübarizəsində isə Kərim xan qalib gəldi. O, 1751-ci ildə Əlimərdan xanı devirdi və özü dövlətin vəkili oldu. 1754-cü ildə Əlimərdan xan öldürüldü.
Lakin İranda daxili müharibələr bununla bitmədi. Daha üç nəfər - puştun Azad xan və azərbaycanlılar Məhəmmədhəsən xan Qacar, Fətəli xan Əfşar bütün dövləti öz hakimiyyəti altında birləşdirmək uğrunda mübarizə aparırdılar. Bu üç nəfərin mübarizəsi dəyişkən uğurlarla keçdi, amma sonda Kərim xan qalib gəldi. Məhəmmədhəsən xan 1759-cu ildə öldürüldü. Azad xan əvvəlcə Bağdada, sonra Gürcüstana qaçdı. 1762-ci ildə Kərim xana təslim oldu və fəxri əsir kimi Şirazda yaşadı. Fətəli xan 1763-cü ilin qışında əsir alındı və ilyarım sonra edam olundu.
Beləcə, Şahrux şahın hakim olduğu Xorasan istisna olmaqla, bütün dövlət Kərim xanın hakimiyyəti altına düşdü və onun 16 il davam edən təkhakimiyyətliliyi başladı. Bununla Səfəvilərin son illərində başlayan qarışıqlıq dövrü 1760-cı illərin əvəllərində başa çatdı. Ölkə bir müddət dinclik, asayiş qazandı. Buna baxmayaraq, Kərim xan özünü şah elan etmədi.
Tarixçilərin ən yaxşı İran hökmdarlarından biri saydıqları Kərim xanın 1779-cu ildə ölümündən sonra hər şey yenidən başladı. Onun varisləri hakimiyyət uğrunda dava edərkən Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan güclənməyə başladı.
Ağa Məhəmməd atasının ölümündən sonra Kərim xan Zəndin himayəsində Şirazda yaşadı. Vəkil əd-dövlə ona və qardaşlarına yaxşı münasibət bəsləyirdi. Amma Ağa Məhəmməd güclənəndə tamamilə əksinə davrandı.
Kərim xanın ölümündən sonra Şirazdan qaçan xan qüvvə toplayaraq hakimiyyət uğrunda mübarizəyə başladı. Bir-birləri ilə mübarizə aparan Zənd şahzadələrini məğlub etdi. 1785-ci ildə İsfahanı, 1791-ci ildə Şirazı tutaraq amansızlıqla dağıtdı. Şirazda Kərim xanın cəsədini məzardan çıxararaq Tehrana apardı və sarayının girəcəyində ayaq altında basdırdı.
Sonuncü Zənd hakimi Lütfəli xan 1794-cü ildə məğlub edildi. 14 nəfərə qarşı iki saat təkbaşına döyüşdüyü deyilən 25 yaşlı Lütfəli xan əsir alındı. Ağa Məhəmməd şah onu amansız işgəncələrə məruz qoydu, gözlərini çıxardı. Onun başına gətirilənlər o dövrün qəddarlıqlarına alışmış adamları belə heyrətləndirdi. Sonda ya öldürüldü, ya da işgəncələrdən öldü. Oğlu axtalandı. Beləliklə, Zənd soyuna son qoyuldu.
Yadigar Sadıqlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru