Nəsiminin “Ənə əl həqq”i bəşər dilində deyil, Allahın kəlamında söylənmişdi.
30-01-2026, 17:18

Rəfiqlər bu gün mənə bir qısa video yolladılar. Orada danışan möhtərəm buyururdu ki, bəs İmadəddin Nəsiminin "Ənə əl həqq!" söyləməyə ixtiyarı yoxmuş.
"Nəsimi deyirdi: “Ənə əl həqq”. Amma bu söz hər kəsin ağzına yaraşmaz. Çünki “Həqq” demək üçün insan o boyda olmalıdır. Nəsimi bu sözü deyəndə, o, həqiqətən də o dərəcədə idi - dərisini soyanda da o həqiqətdən dönmədi. Çünki o, Həqqi özündə görmüşdü.Boyumuza görə danışmalıyıq, çünki boyundan yuxarı söz deyənin dərisini soyarlar".
Gerçəkdən belədirmi?
Əvvəlcə anlamalıyıq ki, “Ənə əl həqq” sadəcə bir söz deyil, bir idrak halıdır. Bu kəlamı dilə gətirmək üçün yalnız ağıl deyil, ruhun yanması, qəlbin əriməsi lazımdır. “Ənə əl həqq” - ilahi təcəllinin insanda kamil şəkildə zühur etməsidir.
Nəsimi “Ənə əl həqq” deyəndə, o artıq İmadəddin Nəsimi deyildi. O, “mən” deyəndə öz bədənini, adını, kimliyini nəzərdə tutmurdu. Onun “mən”i – “nəfs mən”i yox, “həqq mən”i idi. O mərtəbədə artıq “mən” və “O” arasında sərhəd yoxdur. Orada iki varlıq deyil, yalnız biri var - Həqqin özü.
Qurani-Kərimdə Allah buyurur: “Hər şey fani olacaq, yalnız Rəbbinin zatı qalacaq” (ər-Rəhman, 26–27). Bu ayə “Ənə əl həqq”in mahiyyətidir. Nəsimi bu faniliyin dərinliyinə enmiş, Həqqin zatını öz varlığında hiss etmişdi. O, fani “mən”i yandırıb, Bəqa “Mən”inə çevrilmişdi.
Həllac Mənsur “Ənə əl həqq” dedikdə, onun da dərisini soyaraq edam etdilər. Amma o, son nəfəsində dedi: “Mənim qanım yerdən "Ənə əl həqq" deyəcək”.
Bu söz Nəsiminin taleyinə sanki əvvəlcədən yazılmışdı. Çünki hər iki şəxs eyni yolun yolçuları idilər - bu yolun adı “vəhdəti-vücud”dur, yəni varlığın birliyi.
İbn Ərəbi deyirdi: “Allahdan başqa varlıq yoxdur. Biz Onun adlarının təcəllasından ibarətik”.
Deməli, insan Allahın adlarının aynasıdır. Bu aynanı nəfsin tozundan təmizləsən, orada yalnız Həqq görünər. Nəsimi öz iç aynasını o qədər təmizləmişdi ki, orada yalnız “Həqq”in surəti əks olunmuşdu. Buna görə də o, haqqla danışırdı.
Əgər Həzrət Əli (ə) deyibsə: "Ənə əvvəl, ənə axır, ənə zahir, ənə batin" (“Mənəm əvvəl, mənəm axır, mənəm zahir, mənəm batin”) bu sözün mənası Nəsiminin “Ənə əl həqq” kəlamında təcəlla tapır.
Hər iki fikir eyni sirri ifadə edir: insan Allahın təcəllasının aynasıdır. Amma o mərtəbəyə çatmaq üçün “özünü” itirmək lazımdır. Əli (ə) bu halı yaşayıb və onun “mən”i artıq İlahi “Mən”lə birləşib. Nəsimi də həmin sirri dərk etmişdi - onun “mən”i artıq Həqqin varlığında ərimişdi.
Əgər bir su damlası dənizə düşürsə, onun “mən”i qalırmı? Qalmır. Amma o damla yox olurmu? Xeyr, o, dəniz olur. Nəsimi bu damlanın halını dərk etmişdi. O, “Ənə əl həqq” deyərkən, “mən dənizəm” demirdi, “məndə dəniz var” deyirdi.
Əbu Yəzid Bistami demişdi: “Mənim varlığım yox oldu, Allahın varlığı mənim varlığımda təcəlla etdi”.
Bu təcəlla halına “fəna fillah” - Allahda yox olmaq deyilir. Nəsimi “Ənə əl həqq” dedikdə, o artıq “fəna” mərhələsini keçib “bəqa billah” - Allahla qalmaq halına çatmışdı. Bu, sufinin ən uca mərtəbəsidir.
Bu kəlamın mənasını zahirən oxuyanlar düşünürlər ki, Nəsimi “mən Allaham” dedi. Amma bu böyük yanlışlıqdır. O, “Allah mənim içimdədir, mən Onun aynasıyam” dedi. Əgər bu fikri küfr adlandırırlarsa, onda Qurandakı bu ayə nədir?
“Biz ona Öz ruhumuzdan üfürdük” (Sad, 72).
Əgər Allah Öz ruhundan insana üfürübsə, o zaman insanın içində İlahi nəfəs var. Bəs o nəfəs “Ənə əl həqq” deməyə layiq deyilmi?
Hər kəs öz boyuna görə danışmalıdır?
Doğrudur, amma məzkur boy nə ilə ölçülür? Parça iləmi, libasla, əmmamə iləmi, yoxsa ruhun dərinliyi iləmi?
Bəli, hər kəs “Ənə əl həqq” deyə bilməz. Amma o kəlamın dəyəri o qədər böyükdür ki, onun qarşısında zahidin libası, vaizin kürsüsü, ruhaninin təmtərağı heç nəyə çevrilir. Nəsiminin boyu Allahın eşqi qədər idi. O, zahirin ölçüsü ilə deyil, batinin dərinliyi ilə ölçülürdü.
Əgər Əli (ə) “mənəm batin” demisə, o batin qapısını kim bağlaya bilər? Nəsimi o batinə daxil olmuşdu. Onun dərisini soydular - bəli, amma batinindən Həqqin səsini necə soyaydılar?
Sabir demişdi: “Zahida, gəl soyunaq bir kərə paltarımızı”. Bu, bədən paltarı deyil, riyanın, ikiüzlülüyün, qorxunun paltarıdır.
Nəsimi o paltarı çoxdan soyunmuşdu.
İslamın zahirində qanun var, batinində eşq. Peyğəmbər (s.ə.s.) buyurub: “Allah sizin surətlərinizə və mallarınıza baxmaz, qəlblərinizə və əməllərinizə baxar”.
Nəsiminin qəlbi təmiz idi. O, qəlbini “Qəlbinə heç kəsi buraxma” prinsipinə uyğun yaşamışdı. Amma fərq ondadır ki, o, qəlbində Həqqi yerləşdirdi. O qəlbdə artıq nə şeytan vardı, nə nəfs.
Həzrət Əli (ə) buyururdu: “Mən qapıda dayandım, qoymadım Allahdan başqası ora girsin”.
Nəsimi də həmin qapını qoruyurdu. Ona görə o “Ənə əl həqq” dedikdə, bu sözü dil ilə deyil, ruh ilə söylədi.
Nəsiminin dərisinin soyulması fiziki bir işgəncə deyildi - bu, rəmz idi. O, bu dünyada cismini itirib, ruhunu Həqqə qovuşdurdu. Dərisini soymaqla onun “zahiri”ni məhv etdilər, amma “batini” daha parlaq oldu.
Bu hadisə əslində Qurandakı “öldürülənlər ölü sayılmaz” (Bəqərə, 154) ayəsinin təcəssümüdür. Allah yolunda öldürülənlər diridirlər. Nəsimi də diridir. Onun sözü yaşayır, çünki o sözün sahibi Həqqin özüdür.
“Zahid, gəl soyunaq bir kərə paltarımızı, çıxaraq zahirə batindəki əfkarımızı”...
Nəsimi bu işi etdi. O, batinindəki fikri zahirə çıxardı. “Ənə əl həqq” - o zahirə çıxmış batindir.
İbn Sina yazırdı: “İnsanın kamilliyi ondadır ki, onun ağlı İlahi ağlın surətini alsın”.
Deməli, kamil insan artıq Həqqin surətidir. O zaman “Ənə əl həqq” demək iddia yox, etirafdır.
Nəsimi “Ənə əl həqq” deyərkən, kainat danışdı. Çünki hər varlıq “Subhanallah” deyir.
Quranda deyilir: “Göylərdə və yerdə olan hər şey Allahı təsbih edir.” (əl-Cümə, 1)
Daş da, ağac da, su da “Ənə əl həqq” deyir - amma səssiz. Nəsimi sadəcə o səssiz zikri səsə çevirdi.
Ona görə Nəsimi haqlı idi. Çünki o, səsini Həqqin nəfəsindən aldı. Onun “Ənə əl həqq”i bəşər dilində deyil, Allahın kəlamında söylənmişdi.
Hər kəs öz halına görə danışmalıdır?
Doğrudur. Amma Nəsimi öz halını danışırdı. O hal isə – Həqqin halı idi. Ona görə də biz, Nəsimi kimi deyə bilmirik. Çünki biz “özümüzü” qoruyuruq, o isə “özünü” yandırdı. Biz “mən”i saxlayırıq, o “mən”i Həqqə təslim etdi.
Və bu səbəbdən, min il keçsə də, Nəsiminin “Ənə əl həqq” səsi hələ də havadadır. Çünki Həqqin səsi susmaz.
Nəsimi “Ənə əl həqq” deyərkən Allaha iddia etmirdi - O, Allahın dilində danışırdı.
Və kim Allaha qulaq asmağı bacarırsa, o bilir: bu səs hələ də içimizdə səslənir...
Elçin Alıoğlu

