Nəsimi: sözə görə diri-diri soyulan şair
Dünən, 12:58

Azərbaycan ədəbiyyatında elə bir ad yoxdur ki, sözlə bu qədər ağır bədəli eyni anda ödəsin. Nəsimi şair kimi yox, sözün son həddini keçən insan kimi tarixə düşüb. O, yazdıqlarına görə tənqid olunmadı, sürgün edilmədi, sadəcə susdurulmadı. O, sözə görə diri-diri soyuldu. Bu, metafora deyil. Bu, tarixdir.
İmadəddin Nəsimi üçün söz sadəcə ifadə vasitəsi deyildi. Söz varlığın özüdür. O, insanı kiçik və günahkar varlıq kimi yox, ilahi həqiqətin daşıyıcısı kimi görürdü. Hürufilik də məhz buradan başlayırdı. Hərf müqəddəs idi, çünki insanın üzündə, səsində, nəfəsində Tanrının izi vardı. Nəsimi bunu açıq dedi. Gizlətmədi. Simvol arxasına sığınmadı. Elə buna görə də bağışlanmadı.
Onun məşhur misrası təsadüfən məşhur olmayıb:
“Məndə sığar iki cahan, mən bu cahana sığmazam.”
Bu misra şeir deyil, iddiadır. Nəsimi deyir ki, kainat insana sığır, amma insan bu dar dünyaya sığmır. Bu fikir orta əsrlər üçün təkcə cəsarətli yox, təhlükəli idi. Çünki bu, ruhani iyerarxiyanı dağıdırdı. İnsan Tanrıya yalnız itaət edən yox, Tanrını dərk edən varlıq kimi təqdim olunurdu. Hakim dini strukturlar üçün bu, bağışlanmaz idi.
Nəsimi sözün gücünü bilirdi və geri çəkilmədi. Ona “imtina et”, “tövbə et”, “sus” dedilər. O isə susmadı. Çünki Nəsimi üçün susmaq ölməkdən betər idi. O, sözünü geri alsaydı, bəlkə də yaşayardı. Amma artıq Nəsimi olmazdı.
Onun edamı-diri-diri soyulması-sadəcə fiziki işgəncə deyildi. Bu, sözə qarşı nümayişkaranə zorakılıq idi. Hakimiyyət demək istəyirdi ki, bu həddən artıq sözdür. Bu söz cəzalandırılmalıdır. Amma paradoks buradadır: Nəsimini öldürdülər, sözünü yox.
Nəsimi bu gün ona görə yaşayır ki, o, sözün axırına qədər getdi. Yarımçıq demədi. Yumşaltmadı. Geri addım atmadı. Onun poeziyası rahat deyil. Çünki o, oxucuya sığal çəkmir. O, oxucunu silkələyir. Deyir: əgər insan deyilsənsə, sus. Əgər insansansa, qorxma.
Nəsimi ilə Nizami arasında böyük fərq var. Nizami sistemi qurur, Nəsimi sistemi dağıdır. Füzuli ağrını danışır, Nəsimi ağrının üstünə gedir. Nəsimi üçün söz bəzək deyil, hökmdür. Ona görə də o sözə görə yaşamadı, sözə görə öldü.
Və bəlkə də buna görə Azərbaycan ədəbiyyatında ən bahalı söz Nəsiminin sözüdür. Çünki o söz qanla yazılıb.
Nəsimi göstərdi ki, bəzən bir misra bütöv bir dövlətdən, bütöv bir ideologiyadan daha təhlükəli ola bilər. Ona görə də onu diri-diri soydular. Amma tarixdə bir həqiqət dəyişmir: sözü soymaq olmur...
Elbeyi Hesenli
TEREF

