Tarixi bilmək vacibdir, amma millətin enerjisi yalnız tarixə baxmaqla deyil...
Bu gün, 11:14

Millət ideyasını yalnız tarixə bağlamaq, onu keçmişin qəhrəmanlıq hekayələri ilə məhdudlaşdırmaq doğru yanaşma deyil.
Millət ideyasını tarixilikdən, bəzən isə tarixin yükündən və zibilliyindən çıxarmaq lazımdır. Çünki millət yalnız keçmişdə yaşamır, o həm də bu gün və gələcək üçün mövcuddur.
Milləti yaşadan təkcə qədim tarix və mifologiya deyil, bu gün qurulan institutlar, iqtisadiyyat, təhsil və cəmiyyətin ümumi inkişafıdır.
Bu gün dünyada güclü və təsirli olan cəmiyyətlərin bir çoxu minilliklərə dayanan böyük tarixi mifologiyaya əsaslanmır. Məsələn, ABŞ kimi bir dövlət nisbətən qısa tarixə malik olsa da, bu gün dünyanın ən güclü siyasi, iqtisadi və texnoloji güclərindən biridir.
Sinqapur da qədim imperiya tarixindən çox müasir dövlət quruculuğu və idarəetmə modeli ilə dünya səviyyəsində nümunə sayılır.
İsrail isə tarixi yaddaşa malik olsa da, müasir gücünü daha çox texnologiya, elm və dövlət təşkilatlanması üzərində qurub.
Bu nümunələr göstərir ki, millətin gücü təkcə tarixində deyil, daha çox bu gün qurduğu sistemdə və gələcəyə yönəlmiş düşüncəsindədir.
Millət ideyasını yalnız keçmişin qəhrəmanları üzərində qurmaq onu bəzən romantik, emosional və mübahisəli bir sahəyə çevirir. Halbuki millət ideyası daha çox gələcək qurmaq ideyası olmalıdır.
Tarixi bilmək vacibdir, amma millətin enerjisi yalnız tarixə baxmaqla deyil, gələcəyi planlaşdırmaqla ortaya çıxır. Millətçilik də keçmişin hekayələrini təkrarlamaq yox, millətin gələcəyini qurmaq məsuliyyətinə çevrildikdə sağlam və faydalı ideyaya çevrilir.
Tarixi oxuyub, tarixii şəxsiyyətlərdən ilham alıb onlar kimi qəhraman olmaq istəyənlər millət ideyasını keçmişə sığışdırır. Tarixdə qalmaq istəyi isə bu dünyanın ən təhlükəli istəklərindən biridir. Bu elə bir istəkdir ki, çox zaman nə dostluq, nə doğmalıq, nə qardaşlıq, nə ata-ana, nə də başqa mənəvi və bəşəri dəyərləri tanıyır. Tarixdə qalmaq arzusu insanı elə bir nöqtəyə gətirə bilər ki, o, bütün dəyərləri düşünmədən görməzdən gəlsin.
Bəzən insan özünə elə bir “həqiqət” qurur ki, həmin həqiqət onun üçün bütün başqa dəyərlərdən üstün olur. O, bu inancın arxasında dayanaraq etdiklərini haqq kimi görür və nəticədə həm insanlara, həm də təmsil etdiyini düşündüyü ideyaya zərər verə bilir. Belə hallarda millət ideyasına xidmət etmək əvəzinə ona zərbə vurulur, onu gözdən salır və cəmiyyətə faşist, irqçi və ya ümidsiz bir ideya kimi təqdim olunmasına səbəb olur.
Tural Abasquliyev
TEREF

