45 il ötdü...
23-04-2026, 00:01

1920-ci ilin yanvar ayında hökumət və parlament üzvlərinin xeyir-duası ilə Bakı vağzalından təntənəli şəkildə yola salınan Azərbaycan Cümhuriyyəti tələbələrinin taleləri tariximizin ən faciəli tərəflərindən biridir. Bu gənclər Avropa mühitinə də bələd olduqdan sonra peşəkar kadrlar kimi ön sıralarda yer tutacaqdılar. Təəssüf ki, Cümhuriyyət tələbələrinin dönüşü yarımçıq qaldı. Onların bir qismi mühacirətdə yaşadı, bir qismi repressiyaya məruz qaldı, az bir qismi isə bolşeviklərin məngənəsindən xilas ola bildi.
Bu gün Azərbaycan Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, kənd təsərrüfatı elmləri doktoru mühacir Mirzə Hacızadə və ya Mirzə Göygölün vəfat etdiyi gündür. Azərbaycan Milliyyətçilər Dərnəyinə başqanlıq etmiş, “Türk izi”, “Mücahid” kimi dərgilərin sahibi olmuş, onun çıxarılmasını təşkil etmiş, Azərbaycan Siyasi Mühacirətinin Türkiyədə gənc simalarının bir ideya, bir təşkilat ətrafında birləşməsinin əsas təşkilatıçılarından biri, dönməz istiqlalçı, düşüncəsi sağlam, böyük vətənpərvər, mücahid qələm sahibi olan Çingiz Göygölün qardaşıdır.
Mirzə Hacızadə və ya Mirzə Göygöl 17 sentyabr 1897-ci ildə Gəncədə doğulub. Gəncədə yaşayan Hacızadələr nəsli 1950-ci illərədək təqiblərlə üzləşmiş, bu nəslin onlarla nümayəndəsi sürgün həyatı keçirmiş, həmçinin Hacızadənin anası da Sibirə sürgün olunan insanların siyahısında olmuşdu. Sürgündən sonra anasına Gəncədə yaşamağa icazə vermədiklərinə görə Gədəbəydə yaşamış və orada da vəfat etmişdi.
Böyük şəxs olub. Ali məktəb tələbələri üçün dərslik kimi istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunub.
Mühaciət dövründə Məhəmmədəmin Rəsulzadə, Adil xan Ziyadxanov, Cahangir bəy Kazımbəyli, Mustafa Vəkilov, Nağı Şeyxzamanlı və Türkiyədə yaşayan başqa azərbaycanlı mühacirlərlə dostluq etmiş, evində müntəzəm toplantılar, müşavirələr keçirib. İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurub. Türkiyə vətəndaşlığını qəbul edən Mirzə bəy 17 dekabr 1934-cü ildə özünə “Göygöl” soyadı götürüb.
Mirzə Hacızadə 1915-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmiş, Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxumuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdir. O, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə etmişdi.
Təhsilini başa vurduqdan sonra Hacızadə bütün cəhdlərinə baxmarayaq, sovet işğalına məruz qalmış Azərbaycana dönə bilməmişdir. Bir müddət Almaniyada seleksiyaçı alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunmuş, 1961-ci ilədək İstanbulun Halkalı toxumçuluq stansiyasında işləmış, ali məktəblərdə dərs demişdir.
Hacızadə Azərbaycanı bütün varlığı ilə sevirdi. Sovet dövründə Türkiyəyə səfər edən Azərbaycan mədəniyyət xadimləri dəfələrlə onun qonağı olmuş, maestro Niyazi ilə tanışlığı ailəvi dostluğa çevrilmişdi. Hacızadə Niyazinin dəvəti ilə 1968-ci ildə həyat yoldaşı Zöhrə xanımla birlikdə Bakıya gəlmiş, respublika alimləri qarşısında mühazirələr oxumuşdur. O, doğma yurduna getmək istəsə də, SSRİ təhlükəsizlik orqanları ona Gəncəyə getməyə, Gəncə çinarları ilə pıçıldaşmağa, Göygöllə qucaqlaşmağa icazə verməmiş, hətta anasının qəbrini belə ziyarət etməyə icazə verilməmişdi...
83 yaşlı Mirzə Göygöl 1981-ci il aprelin 21-də vəfat edib və İsmayıl bəy Qaspıralının yanında dəfn olunub.
https://teleqraf.az/news/toplum/220208.html
https://525.az/.../148511-turkiz-goygol-ovladlarim-da...
https://edebiyyatqazeti.az/.../12593-yarim-esr-sonra...
Baba Allahnəzərov

