Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir

Dünən, 17:58           
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir
Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Latviya ilə ikitərəfli və çoxtərəli əməkdaşlığın inkişaf etdirilməsi vacib istiqamətlərdən biridir. Azərbaycanla Latviya arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilir.
Latviya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. 1994-cü ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2005-ci ildə Azərbaycanın Baltikyanı ölkələrdə ilk səfirliyi Latviyada fəaliyyətə başlayıb. 2006-cı ildə isə Latviyanın Azərbaycandakı səfirliyi isə fəaliyyətə başlayıb.
Azərbaycan və Latviya dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Latviya Prezidenti G.Ulmanis arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Bu gün Latviya ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq, Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün vacibdir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarı kimi tanınıb.
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri bir daha bu kimi məqamlara işıq salır. Prezident İlham Əliyevin Latviya Prezidenti ilə keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşdə bir daha iki ölkənin münasibətlərinin dünəninə, bu gününə işıq salındı və qarşıdakı dövrün hədəfləri açıqlandı.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Mərasimdə iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib. Mərasim zamanı Azərbaycan və Latviya araında “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı” mübadilə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib: “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb.
İki ölkə başçısının görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb. Ağ Evdə Birgə Bəyannamənin imzalanmasından sonra bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb.
Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.
Öz növbəsində birgə mətbuat konfransında çıxış edən Latviya Prezidenti Edqars Rinkeviçs ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edərək bildirib ki, bu gün Bakıda keçiriləcək biznes-forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru