ZƏNGƏZURUN İGİD OĞLU: BABA YÜZBAŞI MƏMMƏDOV
20-06-2026, 11:04

Baba Məmmədov 1887-ci ildə Zəngəzur mahalının Almalıq kəndində anadan olub. 6 yaşında anasını, 12 yaşında atasını itirən Baba, əmisi və qohumlarının himayəsində böyüyüb. Zəkalı, cəsur və qürurlu xarakteri ilə seçilən Baba 17 yaşında camaat tərəfindən Yüzbaşı seçilib. Rus məmurları da onun ağlına və nüfuzuna rəğbət bəsləyib, ona silah və rəsmi səlahiyyət veriblər.
MÜBARİZƏ və İDARƏÇİLİK
1905-ci il hadisələrində və sonrakı dövrlərdə o, erməni daşnaklarına qarşı öz dəstəsi ilə mübarizə aparıb. Xalqın haqqını müdafiə etdiyi, kimsəsizləri qoruduğu üçün xalq arasında böyük nüfuz qazanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzurdan parlamentə millət vəkili seçilib, Nuru Paşa ilə tanış olaraq bölgənin müdafiəsi üçün dəstək alıb.
BOLŞEVİK Təzyiqi və MÜHACİRƏT
Sovet hökuməti qurulduqdan sonra Baba Yüzbaşı yeni quruluşun qərəzli münasibəti ilə üzləşib. 1929-cu ildə həbs edilsə də, Hüsü Hacıyevin köməyi ilə azadlığa çıxaraq İrana, oradan da Türkiyəyə keçib. Məşəqqətli həyatına baxmayaraq, Vətən həsrəti onu heç vaxt tərk etməyib.
OSMAN ƏLİNİN hekayəsi
Baba Yüzbaşının fədakarlığına ən bariz nümunə Osman Əlinin xilasıdır. Döyüşdə şəhid olan türk əsgərinin 6 yaşlı oğlunu düşmən əlindən xilas edərək öz övladı kimi böyüdüb. Osman Əli də sonralar onun yolu ilə gedərək Türkiyəyə mühacirət edib və ömrünün sonuna qədər ona oğulluq borcunu ödəyib.
VƏTƏN HƏSRƏTİ İLƏ KEÇƏN ÖMÜR
Baba Məmmədov ömrünün sonuna qədər Vətənə qayıtmaq arzusu ilə yaşayıb. İstanbulda və Ərzurumda yaşasa da, hər zaman gözləri Qarabağa və Zəngəzura baxıb. 1974-cü ildə Türkiyənin Ərzurum vilayətinin Xorasan kəndində vəfat edib. Vəsiyyətinə uyğun olaraq məzarı Qarabağa doğru istiqamətləndirilib.
O, bütün ömrü boyu Vətənə olan sevgisini belə ifadə edib: "Doğma yurd! Sən nə şirin imişsən! Sənin şirinliyindən mənə ömrüm boyu zəhər dadızdırsalar da, səni yenə canım qədər sevirəm."
Bu yazı Hacı Nərimanoğlunun "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabından qaynaqlanır.
Bizim Qubadlı

