Azərbaycan dəyər yaradacaq və o dəyəri böyüdüb, öz adına yazacaq bir ölkə deyil.
Bu gün, 00:04

Bunun niyə belə olmasının çox dərində olan səbəbləri var. Bir yazıya sığacaq məsələ deyil. Nəticə bundan ibarətdir ki, biz nə millət, nə cəmiyyət ola bilmədik. İndi də ona cəhd etmirik və yaxın gələcəkdə ola bilməyəcəyik də.
Toplumsal təfəkkürümüz və potensialımız buna imkan vermir. İçimizdəki "mən" bütün "biz"lərin önünü kəsir. Biz kiminsə ölkəmizdə alqışını tutmağı, onu yüksəltməyi arzu edirik, amma içimizdən kiminsə uğurlu olmasını istəmirik. Bu milli, ictimai şüur yoxdur bizdə.
Sosial-psixoloji çevrəmizin sərhədləri öz tayfamızla, qəbiləmizlə məhdudlaşır. Məsələn, mən bir naxçıvanlı, lənkəranlı, gəncəli, bakılı, qərbi azərbaycanlı, qarabağlı məmurun gözündə Azərbaycan övladı, soydaş, vətəndaş yox, şəkiliyəm. Bəli, biz bir-birimizin gözündə fərqli tayfaların üzvləriyik. Eyni sosial populyasiyaya aid deyilik.
Bilirəm, kimsə gəlib, sual verəcək ki, bəs Qarabağ savaşı? Qarabağ savaşı mədəniyyətin birləşdirdiyi cəbhə deyil, kültürün birləşdirdiyi cəbhədir. Mentalitet, namus, ana-bacı təəssübkeşliyi və.s. Bu dəyərlər ölkənin hər yerində eyni səviyyədə mövcuddur. Üstəlik, savaş yaşamağın yox, ölümün savaşıydı. Yeganə hadisədir ki, burada azərbaycanlı yerlibazlıq, qohumbazlıq, tayfabazlıq edə bilmir. Bir də arxa cəbhəyə baxaq, o vətənpərvərliyi görə bilirsinizmi? Xeyr. Arxa cəbhədə sonu "bazlıq"la bitən məlum bazlıq xaricində bütün məhəlli bazlıqlar mövcuddur.
Bir də alt şüurumuzda dərin müstəmləkə travması və xanlıq ideyası var. Bu səbəbdən də öz məktəbimizi, ocağımızı, dəyərimizi, dəyərlimizi, modelimizi, komandamızı, birliyimizi yarada bilmirik. Aramızdan biri çıxıb, nəsə etmək istəyəndə ya ayağına badalaq gılib, ya qolundan tutub, ya da onu tək buraxıb, dəstəyimizi əsirgəyib, yıxmağa çalışırıq. Kimsə bu maneələrdən qurtulub, uğur qazananda da inana bilmirik ki, bizdən kimsə bunu edib.
İllər öncə bir iş adamı məni axşam yeməyinə dəvət etmişdi. Bakıda restoranlardan birindı görüşdük, xeyli söhbətləşdik. Dedi, həmişə yazılarında, çıxışlarında maarifçilikdən, milli, ictimai birlikdən dəm vurursan. Və güc sahiblərinə işarə edirsən. O güc sahibinin biri mən. İki min işçiyə çörək verirəm. Rayonda nə qədər işsiz qohumum var, işlə təmin etmişəm. Və onların nəzərində bir qəhrəmanam. Mən niyə sənə kömək etməliyəm? Mən niyə hansısa kitabı çap etməliyəm? Hansısa tələbənin təhsil ödənişini ödəməliyəm? Siz mənim nəyimsiniz? Bu sualları ard-arda verdikcə, mən susuram. Bir yerdə ofisiantı çağırıb, qulağına pıçıldadım ki, hesab çekini çıxar, masaya gətirmə. Ayaqyolu adıyla ayağa qalxdım, kassaya yaxınlaşıb, hesabı ödədim. Masaya yaxınlaşıb, sağollaşdım, dedim, bəy, mən gedirəm, bir gün görüşəcəyik. Sizə bu sualların cavabını verəcəyəm.
Müharibənin ilk günləri idi. Adam bir gecə zəng etdi. Açdım, başladı vətənpərvərlik nağılları danışmağa, qürur belə, sevinc elə. Dedim, inciməyin, mən də sevinirəm, amma sizlə eyni hissi yaşamıram. Dedi, bu, nə deməkdir? Dedim, bu sevinci sizə yaşadan oğullar sizin heç nəyinizdir. Mənim isə soydaşlarımız. Siz ayrı xanlığın vətəndaşısınız. Şirkətinizdə isə yalnız öz qohumlarınız çalışır. Heç Aarabağln da sizə aidiyyatı yoxdur. Heç nə demədi.
Bəli, biz nə milli, nə ictimai birliyin üzvləriyik. Hərəmiz öz tayfamıza, qəbiləmizə, rayon, kənd adı verdiyimiz tayfa ittifaqlarına aidik. Kəndimizin, rayonumuzun, tayfamızın adamı vəzifəyə təyin olunanda alqış edib, atılıb-düşürük. Çünki o, bizdən biridir. "Biz" isə bu rayondan, kənddən, tayfadan ibarətdir...
Sahib Altay

