Savanna beyni, Alqoritm dünyası: peşəkar pislər, həvəskar yaxşılar, ruhdan düşmüş səyahətçilər..

Bu gün, 07:24           
Savanna beyni, Alqoritm dünyası: peşəkar pislər, həvəskar yaxşılar, ruhdan düşmüş səyahətçilər..
Sosial mediada niyə neqativ xəbərlər, mənasız "reels"lər, əsassız fikirlər, boş adamlar daha çox izlənir?
Çünki, onlar cəmiyyətə qorxu, qalmaqal, dedi-qodu pompalayır, boş vədlər verir.
Beyin isə hələ də özünü savannada hesab edir.
Min illər əvvəl insanın həyatda qalması üçün təhlükəni hamıdan tez hiss etməsi lazım idi. Kolda xışıltı eşidəndə bunun külək yox, yırtıcı ola biləcəyini düşünənlər sağ qaldı. Beynimiz də həmin dövrlərin mirasını bu günə qədər daşıyır.
Ona görə də dava, təhqir, qalmaqal, qorxu və nifrət diqqətimizi cəlb edir.
Amiqdala aktivləşir.
Diqqət ora yönəlir.
Enerjimiz ora axır.
Bu, qüsur deyil. Bu, biologiyadır.
Amma biz artıq savannada yaşamırıq.
Ətrafımızda yırtıcılar deyil, alqoritmlər var.
Onlar insanı dəyişmirlər. Sadəcə insanın ən qədim instinktlərini güzgü kimi qarşısına qoyurlar. Nəyə daha çox baxırıqsa, nəyə daha çox reaksiya veririk, onu daha çox görürük.
Beləcə qalmaqal görünür, səssiz zəhmət görünmür.
Səs-küy görünür, dəyər görünmür.
Dağıdanlar görünür, quranlar görünmür.
Bu səbəbdən də bəzən peşəkar pislər cəmiyyətə peşəkar yaxşılardan daha çox təsir edə bilir.
Çünki onlar insan diqqətinin necə işlədiyini öyrəniblər.
Yaxşılar isə çox vaxt yalnız haqlı olmağın kifayət etdiyini düşünürlər.
Halbuki tarix göstərir ki, həqiqətin qalib gəlməsi üçün onun sadəcə doğru olması kifayət etmir.
Həqiqətin görünməsi, eşidilməsi və hiss etdirilməsi də lazımdır.
Bizim problemimiz çox vaxt həqiqətin olmaması deyil.
Həqiqəti danışanların onu çatdırmaq gücünün zəif olmasıdır.
Peşəkar yaxşılar daha çox çalışmalıdır.
Daha aydın danışmalıdır.
Daha təsirli anlatmalıdır.
Çünki dünya artıq yalnız kimin haqlı olduğuna baxmır.
Dünya kimin daha yaxşı anlatdığına da baxır.
Əgər dəyər yaradanlar təsir yaratmağı öyrənməsələr, təsiri dəyər yaratmayanlar idarə edəcək.
Bəlkə də bu dövrün ən böyük mübarizəsi yaxşı ilə pisin deyil;
Diqqəti idarə edənlə, diqqəti itirənin mübarizəsidir.
Rəşad Cabirli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru