Axundov, fahişə və araq...

Bu gün, 09:34           
Axundov, fahişə və araq...
Bu parça Mirzə Fətəli Axundovun 1869-cu ildə İranın Fransadakı səfiri olan Mirzə Yusif Xana yazdığı məktubdandır.
Yazılası təzə bir əhvalat yox idi. Ancaq bunu bildirirəm ki, 2–3 ay bundan əvvəl Tehrandan Tiflisə Əbdürrəsul xan adlı bir kişi gəlmişdi. O vaxtlar da mən əlifba haqqında Tehrana bəzi yazılar göndərmişdim. Buna görə də onun gəldiyini eşidən kimi görüşünə getdim. İran konsulu Əli xanın evində mənzil etmişdi. Hər tərəfdən söhbət düşdü.
Nəhayət, söz mənim əlifba haqqında Tehrana yazıb göndərmiş olduğum məsələlərə gəlib çatdı. Həmin şəxs çox israrla məndən xahiş etdi ki, həmin yazıların surətini sabahısı gecə gətirib, onun üçün oxuyam. Mən onun xahişini qəbul etdim və sabahısı axşam yazıları gətirdim və ona oxumağa başladım. Lakin həmin şəxs, fövrən, qabağına bir şüşə araq qoyub, noğul-məzə də gətirdib, dalbadal araq içməklə məşğul oldu. Belə ki, bir-iki dəqiqə ərzində ağlı başından getdi.
Mən qəlbən çox incidim, amma incikliyimi üzə vurmadım və o qədər dözdüm ki, konsulun nökərlərindən biri otağa daxil olub dedi ki: “Əbdürrəsul xanı bir nəfər o biri otaqda çağırır”.
Əbdürrəsul xan bu xəbəri eşidən kimi dərhal dik atılıb getdi. Mən bildim ki, onun üçün fahişə gətirmişlər. Halbuki, konsulxana ədalət məhkəməsidir və bir növ müqəddəs yer sayılır. Ona görə də belə bir yerə hər gedib-gələn üçün fahişə gətirmək mənim fikrimcə əcnəbi xalqlar gözündə çox çirkin əməllərdən sayılır.
Hər halda, mən yazıları oxumağı dayandırıb, əsəbi halda oturdum. Bir qədər sonra Əbdürrəsul xan pərişan və şaşqın halda qayıdıb dedi: “Filankəs, yazılarını oxu, qurtar!”
Mən dedim: “Mən yazılarımı ancaq elə bir adama oxuyaram ki, başında ağlı ola, qəlbində aramı. Sizin isə indi içdiyiniz arağın təsirindən nə başınızda ağlı var, nə də fahişənin gəlməsi münasibətilə qəlbinizdə aram”.
Konsul Əli xan dedi: “Filankəs, haqlısınız! Yazıları oxumaq başqa bir asudə vaxta qalsın. Əbdürrəsul xana icazə verin, aycamallı qızın yanına getsin!”
Mən dedim: “Buyursun!..”
Əbdürrəsul xan dərhal qalxıb, tərsa qızının yanına getdi. Bir neçə dəqiqədən sonra onların olduğu otaqdan qalmaqal səsi eşidildi. Məlum oldu ki, “şəni yüksək olan” xan, qızın üstünə qusmuş və onun paltarını bulamışdır. Qız şikayətə başlamış və min cür söyüş və nalayiq sözlərlə onun yanından qaçmışdır. Xanın isə nə özündən xəbəri var, nə də qızdan. Sərxoş və ağlı itmiş halda ölü kimi otağın fərşinə düşüb qalmışdı.
Elə ki mən bu əhvalatı gözümlə gördüm və evə qayıtdım; həmin gecə bu beytləri Əbdürrəsul xanın vəsfində yazdım.
Mirzə Fətəli Axundzadə “Əsərləri". 3 cilddə. III cild. səh. 94
Tural Cəfərov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru