Adi insan kimi bitərəf, amma sənət insanı kimi gözümdə bu cür böyüyən insanların tərəfindəyəm - insanları belə böyüdən tərəfin yanındayam!

Dünən, 15:34           
Adi insan kimi bitərəf, amma sənət insanı kimi gözümdə bu cür böyüyən insanların tərəfindəyəm - insanları belə böyüdən tərəfin yanındayam!
Çoxdanın söhbətidir - hamımız şahid olmuşuq bu hadisəyə… hələ indiki böyük və məsuliyyətli vəzifəsini tutmayana qədər bir əməliyyatçımız o vaxt məşhur olan, qabağından yeməyən, yetənə-yetən, yetməyənə söz tullayan, dönməz, cəsur, bir az da daha artıq risk edən, sifəti olan müxalifətçi baş redaktorun (indi onun haqqında belə düşünülmür) qoluna qandal vurdu. Birlikdə evin önünə çıxdılar, əməliyyatçı ilə baş redaktorun boy-buxunlarındakı fərq də iqtidar ilə müxalifətin gücünün o vaxtkı göstəricisi idi.
Əməliyyatçı təsadüfi seçilməmişdi – xarakterindən tutmuş boy-buxun və baxışlara qədər hər şey nəzərə alınmışdı.
Baş redaktorun evindən silah çıxdı, sonra baxdılar ki, silahın içi boşdur, boşladılar.
Sonra bu hadisənin üstündən az keçmiş müxalifətçi baş redaktor ailəsi ilə restorana daxil olarkən həmin əməliyyatçı ilə (indi məşhur generalımızdır, öz sahəsində ad qazanandır, sözünü keçirəndir) rastlaşır və başlayır ağzına gələni danışmağa, əməliyyatçının yanında olan tanışı baş redaktorun cavabını vermək istəsə də, əməliyyatçı buna imkan vermir, baş redaktorun ailəsi ilə bir yerdə olduğunu xatırladır, heç nə demədən, etmədən, hörmətlə oradan uzaqlaşır, söhbəti başqa vaxta saxlamağı tövsiyə edir.
Sonradan bu hadisə haqda baş redaktor özü də yazdı və əməliyyatçının bu hərəkətini təqdir etdi.Əməliyyatçının bu hərəkəti hamı tərəfindən rəğbətlə qarşılandı, hətta qatı düşmənləri tərəfindən belə.
Bəlkə də, bu əməliyyatçını sonra çalışdığı sahədə daha böyük pillələrə daşıyan məhz bu xarakteri, bu hərəkəti, göstərdiyi bu nümunə oldu.
Elə dəyərlər var ki, hətta düşmənə qarşı da o dəyərlər qorunmalıdır, çünki ümumidir, hamı tərəfindən dəstəklənir, dəyişməzdir, dost-düşmən arasında fərqləndirilməməlidir.
Baxın, biz yenə də belə nümunənin, hərəkətin yanındayıq, tərəfindəyik, şəxsi mənada bizə heç bir yaxşılığı keçməmiş insanın başqasına etdiyi hərəkət səndə ona qarşı rəğbət yaradır, onu sənə doğma edir, onu özününki bilirsən və s.

Böyük bir sənətkarımız ağır xəstəliyə tutulub –hər zaman şəxsiyyəti ilə öndə olub, sənəti onsuz da öndə idi, xarakter insanıdır - ağır xəstəlik ilə üz-üzə olsa da, xaricdə müalicə imkanları olsa da, deyir – mən xalq artistiyəm, gedim xaricdə deyim ki, öz həkimlərimiz həkim deyil, ümidim sizədir, onlara inanmıram?!
Baxın –şəxsiyyət olmaq, nümunə olmaq yenə də budur, bu təkcə ondan gözlənilən idi, onu da etdi!
Ailə-uşaq yanında etik qaydaları aşmayan, adət-ənənələrə hörmət edən, qadın-uşaq yanında təmkin göstərən əməliyyatçının, ölüm ayağında belə öz həkiminin şərəfini düşünən, qoruyan sənət insanının, atasının qisasını alan oğulun, dostunun qisasını almaq istəyən dostun, qardaşının qisasını almaq istəyən və alan qardaşın yanındayam, çünki bunlar nümunədirlər, çox azdırlar, təkdirlər, təkrarsızdırlar.
Adi insan kimi bitərəf, amma sənət insanı kimi gözümdə bu cür böyüyən insanların tərəfindəyəm - insanları belə böyüdən tərəfin yanındayam!
Rza Drakon












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru