Nəzakət insanın görünməyən sərhədidir.
Bu gün, 08:24

Bizim cəmiyyət olaraq ən zəif halqamızdan biri də sərhəd, hədd bilmə hissidir. Yaxınlıqla yapışqanlığı, səmimiyyətlə isə ədəbsizliyi qarışdırırıq. Bu hədsizliyin ən geniş yayılmış formalarından biri tanımadığımız insanlara heç bir yaxınlığımız olmadan "sən" deyə müraciət etməkdir. Dilimizdə həm "siz", həm də "sən" müraciət forması təsadüfən yaranmayıb. "Siz" hörmətin, məsafənin və qarşı tərəfin seçim haqqının ifadəsidir. "Sən" isə yaxınlığın nəticəsi olmalıdır, başlanğıcı yox. Tanımadığın bir insana "sən" deyə müraciət etmək, onun ruhuna icazəsiz toxunmaqdır. Ən böyük həddi aşmaq isə tanımadığın bir insan haqqında hökm verməkdir. Bilmirsən, amma danışırsan. Anlamırsan, amma mühakimə edirsən.Bir paylaşımına, bir fotosuna və ya bir cümləsinə baxıb onun xarakteri, həyatı və niyyəti haqqında qəti nəticələr çıxarırsan.
Ən təhlükəlisi isə budur ki, bu davranışlar artıq bir çoxlarına normal görünür. Halbuki mədəni cəmiyyət insanın nə qədər danışması ilə deyil, harada dayanacağını bilməsi ilə seçilir.
Bəzən susmaq insanın göstərə biləcəyi ən zərif hörmət formasıdır.
Gunel Musa

