“Laser Beauty Clinic” - Nigar Rüfəti himayə edən kimdir?
Bu gün, 00:08

Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən, “NNS Klinika” MMC-yə məxsus özəl tibb müəssisəsində apardığı plandankənar yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlayıb.
Bununla əlaqədar olaraq, müəssisənin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırıldı. Həmçinin məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də rəsmi müraciət ünvanlandı.
Bu məlumatı oxuyan hər kəs ilk baxışda dövlət qurumunun vətəndaşların sağlamlığının keşiyində dayandığını düşünə və belə prinsipial mövqeyi alqışlaya bilər. Lakin məsələni daha dərindən araşdırdıqda məlum olur ki, AEM-in bu prinsipiallığı bütün özəl tibb müəssisələrinə münasibətdə eyni şəkildə tətbiq edilmir. Buna misal olaraq “Laser Beauty Clinic”in “28 May” filialını göstərmək olar. Uzun illərdir həmin klinikada müvafiq tibbi ixtisas təhsili olmayan Nigar Rüfət adlı şəxs kosmetoloq kimi fəaliyyət göstərir və pasiyentlərə müxtəlif kosmetoloji prosedurlar tətbiq edir.
Qeyd edək ki, hələ bu ilin yanvar ayında Analitik Ekspertiza Mərkəzi Qaynarinfo-nun sorğusuna cavab olaraq Nigar Rüfətin Tibbi Kadrların Vahid Məlumat Reyestrində olmadığını təsdiqləmişdi (https://qaynarinfo.az/az/sehiyye-nazirliyi-qanunsuz-fealiyyet-goesterenlere-qarsi-niye-susur-3):
“Səhiyyə Nazirliyinin Tibbi Kadrların Vahid Məlumat Reyestrində Nigar Rüfətin adı yoxdur. Vətəndaş estetik (plastik) əməliyyat etdirməzdən əvvəl seçdiyi həkimin bu sahə üzrə praktik tibb fəaliyyətinə icazəsinin olub-olmadığını Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi siyahı vasitəsilə yoxlaya bilər”.
Bundan təxminən bir ay sonra – fevralın 20-də isə Analitik Ekspertiza Mərkəzi bu filialda apardığı yoxlama zamanı Nigar Rüfətin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi çalışdığını bir daha rəsmi şəkildə açıqlayıb (https://qaynarinfo.az/az/laser-beauty-clinic-de-qefil-yoxlama-nigar-rufet-hekim-kosmetoloq-isleye-bilmezmis).
Buna baxmayaraq, daha əvvəl də qanunsuz fəaliyyəti ilə bağlı adı hallanan bu şəxs fəaliyyətini heç bir maneə olmadan davam etdirir. Nigar Rüfət “Bynikol” adlı “Instagram” hesabında sözügedən ünvanda həyata keçirdiyi kosmetoloji prosedurlardan görüntülər paylaşır, müxtəlif endirim kampaniyaları elan edir və müştəri qəbul etdiyini açıq şəkildə nümayiş etdirir.
“Kosmetoloq”un sosial şəbəkə səhifəsində paylaşdığı əlaqə nömrəsi ilə də əlaqə saxladıq. Həmin nömrəyə cavab verən Nigar Rüfətin köməkçisi hazırda onun “Laser Beauty Clinic”in “28 May” filialında fəaliyyət göstərdiyini təsdiqlədi və kampaniya ilə bağlı ətraflı məlumat verdi.
Bu vəziyyət haqlı olaraq bir sıra suallar doğurur: Analitik Ekspertiza Mərkəzi nəyi gözləyir? Qanunsuz fəaliyyət göstərən bir şəxsin pasiyentlərdən birinə ciddi zərər vurmasınımı? Niyə digər klinikalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edən dövlət qurumu bu halda eyni prinsipial mövqe nümayiş etdirmir?
İstər-istəməz belə bir ehtimal yaranır ki, bəlkə də Nigar Rüfəti Səhiyyə Nazirliyində himayə edən müəyyən şəxslər var.
Qurumun az qala dövlət sirri kimi qoruduğu bu yoxlamanın nəticəsini isə məhkəmə instansiyası açıqlayıb. Xitab24.az-ın əldə etdiyi məlumata görə, “LBC” MMC-yə məxsus filialda yoxlama zamanı şəhadətnaməsi olmadan kosmetoloji iş üzrə praktik fəaliyyət aşkarlanıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddənin tələblərini pozan Rəna Soltanovanın şirkəti 6000 manat cərimələnib.
Qeyd edək ki, 2025-ci ildə Səhiyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında da nöqsanlar aşkar edilmişdi. Bu səbəbdən bu filialın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdu.
İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in Yasamal filial üzrə lisenziya əlavəsinin keçərliliyini müddətli dayandırmışdı.
Göründüyü kimi adı çəkilən klinikanın adı illərdir eyni mövzuda hallarda hallanır, amma hələ də fəaliyyətini davam etdirir. Elə isə sual yaranır, aidiyyatı qurumlar nəyi gözləyir, niyə yekun, həlledici addımlar atılmır?
Görəsən “Laser Beauty Clinic”ə belə isti və yumşaq münasibətin arxasında hansı maraqlar dayanır?
Bizimesr.com

