ABŞ-ın Apple şirkəti iPhone istifadəçiləri üçün kamera keyfiyyətini artırmağa yönəlmiş yeni funksiyanı istifadəyə verib. CNET nəşrinin məlumatına görə, iOS 26 sistemində təqdim olunan bu xüsusiyyət kamera obyektivinin çirkli olub-olmadığını avtomatik müəyyən edir.
Yeni funksiya çəkilişdən əvvəl kamera linzasının vəziyyətini analiz edir. Əgər obyektivdə barmaq izi, toz və ya digər çirklənmə aşkarlanarsa, istifadəçiyə ekranda xəbərdarlıq göstərilir və kameranın təmizlənməsi tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, smartfon istifadəçiləri çox vaxt fərqində olmadan kamera obyektivinə toxunur və bu da şəkillərin keyfiyyətinə təsir edir. Yeni sistem isə bulanıq və keyfiyyətsiz fotoların qarşısını almağa kömək edəcək.
Qeyd olunur ki, yenilik bütün cihazlarda əlçatan deyil. Bu xüsusiyyət yalnız iPhone 15 seriyası və daha yeni modellərdə işləyir.