İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
Dünən, 16:09

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın taleyi ilə bağlı yayılan məlumatlardan sonra məsələ ilə bağlı yeni açıqlama verilib.
Tendensiya.com-un əvvəlki yazısında gimnaziyanın uzun müddətdir təmirə dayandırılması, məktəbin ərazisinin və stadionunun gələcək taleyi ilə bağlı müxtəlif iddiaların ortaya çıxması barədə məlumat verilmişdi. Həmin materialda gimnaziyanın stadion və həyətyanı sahəsinin başqa məqsədlər üçün istifadə olunacağı, ərazinin satılması ilə bağlı planların olduğu iddiaları da səsləndirilmişdi.
Yazıdan sonra məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında münasibət bildirilib.
İcra Hakimiyyətinin açıqlamasında gimnaziyanın yerləşdiyi ərazinin satılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Qeyd olunub ki, ərazi satılmayıb və məktəbin təmiri həyata keçiriləcək.
Beləliklə, ən azı bu istiqamətdə səsləndirilən iddialara rəsmi qurum tərəfindən aydınlıq gətirilib. Lakin məsələ bununla tam bağlanmış hesab olunmur.
Çünki əvvəlki yazının hazırlanmasına səbəb olan əsas suallardan biri gimnaziyanın ərazisində son vaxtlar aparılan dəyişikliklərlə bağlı idi. Xüsusilə məktəbin stadionunda və ətrafında bir neçə tikinti köşkünün quraşdırılması ərazinin gələcək taleyi ilə bağlı müxtəlif ehtimalların yaranmasına səbəb olmuşdu.
Maraqlıdır ki, Tendensiya.com-un yazısından sonra həmin tikinti köşklərinin ərazidən götürüldüyü müşahidə olunub.
Bu hal isə istər-istəməz yeni suallar yaradır: Əgər ərazi satılmayıbsa, həmin köşklər hansı məqsədlə quraşdırılmışdı? Onların ərazidə yerləşdirilməsinə kim və hansı əsasla icazə vermişdi? Köşklərin sonradan ərazidən götürülməsi hansı qərarla bağlıdır?
Digər mühüm məsələ isə gimnaziyanın təmiridir.
İcra Hakimiyyəti məktəbin təmir olunacağını açıqlasa da, təmir işlərinin nə vaxt başlayacağı, hansı müddətdə başa çatdırılacağı və bir ildən artıqdır davam edən fasilənin səbəbi barədə məlumat verilməyib.
Təhsil müəssisəsinin müəllim və valideynləri üçün əsas məsələ də məhz budur. Çünki söhbət Sumqayıtın tanınmış təhsil ocaqlarından birindən gedir və məktəbin uzun müddət təmirsiz qalması təhsil prosesinə və məktəbin ümumi vəziyyətinə təsirsiz ötüşə bilməz.
Hazırda ortada iki mühüm fakt var: rəsmi qurum gimnaziyanın ərazisinin satılmadığını bildirir və məktəbin təmir olunacağını açıqlayır. Digər tərəfdən isə əvvəlki günlərdə ərazidə quraşdırılan köşklərin sonradan götürülməsi diqqət çəkir.
Bu baxımdan, ictimaiyyət üçün ən doğru variant məsələnin yalnız “ərazi satılıb, yoxsa satılmayıb” sualı ilə məhdudlaşdırılmaması, həmçinin ərazidə hansı işlərin aparıldığı və gimnaziyanın təmirinin konkret nə vaxt başlayacağı barədə məlumatların açıqlanmasıdır.
Tendensiya.com məsələni diqqətdə saxlayacaq və gimnaziyanın təmirinin başlanması ilə bağlı rəsmi məlumatları, eləcə də ərazidəki dəyişiklikləri oxucularına çatdıracaq.
Yazıda adı çəkilən dövlət qurumlarının və digər tərəflərin mövqeyini dərc etməyə, təqdim olunacaq əlavə açıqlamalara yer verməyə hazırıq.

