Yeni̇ Partiya yeni ümid ola biləcəkmi? Fürsətlər, risklər və Türkiyə müxalifətinin gələcəyi
Dünən, 16:44

Türkiyənin ən köklü siyasi təşkilatı — Cümhuriyyət Xalq Partiyası (CXP) Ədalət və İnkişaf Partiyasının 2002-ci ildə iqtidara gəlməsindən sonrakı ana müxalifət statusunu itirdi. Ərdoğan iqtidarının siyasəti hüququn əliylə dizayn etmə səyləri CXP daxilindəki bölünmüşlük və rəhbərlik mübarizəsi ilə birləşincə “Atatürkün partiyası”nın dağılması qaçılmaz oldu. Mayın sonunda iqtidarın əlaltı məhkəməsinin qərarıyla CXP başqanlığı ləğv edilən, partiyanın rəhbərliyindən uzaqlaşdırılan və yenidən qurultay keçirilməsi ilə bağlı tələbləri qulaqardına vurulan Özgür Özəl iyulun sonunda yeni siyasi təşkilatını — Yeni Partiyanı elan etdi.
TEREF yazır ki, CXP deputatlarının üçdə ikisi məhkəmə qərarını partiyanın iradəsinin qəsb olunması kimi qiymətləndirərək Özəlin yanında yer aldı. Yeni Partiya 91 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində əsas müxalifət partiyası statusunu qazandı. Kamal Kılıçdaroğlunun “kökündən etibarsız” qərarıyla yenidən formalaşdırdığı CXP rəhbərliyi isə 44 deputatla parlamentin beşinci partiyasına çevrildi. Beləliklə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaratdığı partiya hüquqi baxımdan mövcudluğunu qorusa da, parlament və seçici gücünün böyük hissəsini itirdi (Sözcü, 2026 a). .
Bu baş verənlər Türkiyə üçün sadəcə bir partiyanın bölünməsi və ya yeni bir təşkilatın yaranması hadisəsi deyil. CXP-nin bölünməsi və Yeni Partiyanın yaranması daha geniş siyasi kontekstdə dəyərləndirilməlidir.
Fövqəladə bir hadisə baş verməsə və ya iqtidar sürpriz bir növbədənkənar seçki qərarı verməsə, 2028-ci ildə Türkiyədə növbəti parlament və prezident seçkiləri keçiriləcək. 2002-ci ildən bəri iqtidarda olan və xüsusilə 2010-cu ildən sonra ölkədə avtoritar idarəetməni gücləndirən Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərdə növbəti qələbəsini təmin etmək üçün müxalifəti zəiflətmə və parçalama strategiyasını həyata keçirir. Türkiyə müxalifətinin uzunmüddətli məğlubiyyət silsiləsini 2024-cü ildəki bələdiyyə seçkiləriylə qıran Cümhuriyyət Xalq Partiyası son iki ildir iqtidarın nəzarətindəki məhkəmələrin də gücüylə total təzyiq altında saxlanılır.. CXP-nin bölünməsi və Yeni Partiyanın yaranması da bu strategiyanın nəticəsidir. Eyni zamanda paradoksal görünsə də, iqtidarın yaratdığl bu nəticə məhz onun özü üçün potensial təhlükə potensialı ehtiva edir. AKP iqtidarının güclənən avtoritarizminə qarşı müxalifətin daha əvvəlki uğursuz cəhdlərindən sonra ölkədəki narazı elektorat Yeni Partiyanı iqtidar dəyişikliyi ümidinin yeni siyasi ünvanı kimi görür.
Bu mövzunu aktual edən də məhz məsələnin bu aspektidir – Yeni Partiya bu ümidləri doğrulda, narazıların yeni ünvanı və Ərdoğan avtoritarizminə gerçək alternativ ola biləcəkmi? Əkrəm İmamoğlunun prezidentliyə namizədliyinin qarşısının alınması, müxalif bələdiyyə sədrlərinin həbsi, CXP qurultayının məhkəmə vasitəsilə etibarsız sayılması və seçilmiş rəhbərliyin vəzifədən uzaqlaşdırılması Türkiyədə hakimiyyət dəyişikliyinin adi demokratik yollarla mümkün olub-olmadığı sualını daha da aktuallaşdırıb. Bu baxımdan Yeni Partiyanın uğuru və ya uğursuzluğu yalnız bir siyasi təşkilatın gələcəyini müəyyən etməyəcək. Bu proses Türkiyədə müxalifətin yenidən təşkilatlanması, narazı elektoratın vahid mərkəz ətrafında birləşməsi, prezidentliyə alternativ namizədin qorunması və avtoritar hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi imkanına birbaşa təsir göstərəcək.
KHAR Center bu analizində Yeni Partiyanın hansı siyasi şəraitdə yarandığını, parlamentdə, bələdiyyələrdə və yerli təşkilatlarda nə qədər gücə sahib olduğunu, seçkilərdə iştirak, maliyyələşmə, kadr, siyasi kimlik və namizəd məsələlərində hansı çətinliklərlə qarşılaşacağını araşdırır. Eyni zamanda partiyanın narazı elektoratın səsinə çevrilmək, Ərdoğanın təhlükəsizlik və güclü lider üstünlüyünü sarsıtmaq, beynəlxalq avtoritar konyuktura daxilində demokratik dəyişiklik alternativi yaratmaq imkanlarını təhlil edir, CXP-dən ayrılan Yeni Partiya “Türkiyə siyasətində keyfiyyət dəyişikliyinə səbəb ola, narazı elektoratın siyasi ünvanına çevrilə biləcəkmi?” sualını cavablayır.
Arxa plan
Xüsusilə 2024-cü ildə CXP-nin uğursuzluqlar zolağından ciddi sıçramayla çıxaraq bələdiyyə seçkilərində qələbə qazanması və Ərdoğanın AKP-sini 22 ildə, ölkə üzrə ilk dəfə məğlub etməsi Türkiyənin avtoritar sisteminə yeni çalar əlavə etdi. Bu, hüquq yoluyla siyasəti dizayn etmə, ana müxalifət partiyasının seçkidə qazandıqlarını məhkəmələr vasitəsilə əlindən alma xəttiydi. AKP daha əvvəllər də məhkəmələrdən avtoritar nəzarəti gücləndirmə mexanizmi kimi istifadə etmişdi. Ancaq 2024-cü ildən sonra CXP-yə qarşı həyata keçirilən “hüquq hücumu” miqyas və xarakter etibarıyla yeniydi. Böyük hissəsi iqtidarın nəzarətində olan mediada etibarsızlaşdırma, qarayaxma kampaniyaları, seçilmiş bələdiyyə sədrlərinin korrupsiya, terrorçuluq kimi ağır ittihamlarla həbs edilməsi, bələdiyyələrə qəyyum təyin olması, bəzi bələdiyyə sədrlərinin hədə və şantajla CXP-dən ayrılmağa, iqtidar partiyasına keçməyə məcbur edilməsi kimi repressiv addımların əsas hədəfi qarşıdakı seçkilərdə CXP-nin və onun prezidentliyə namizədi Əkrəm İmamoğlunun “zərərsizləşdirilməsi” idi (KHAR Center, 2026). Bu repressiya dalğası Ərdoğanın rəqib olmağa hazırlaşan Əkrəm İmamoğlunun diplomunun ləğvi, həbs edilməsi, özü, ailəsi və komandası ilə bağlı heç bir ölçüyə sığmayan qarayaxma, aşağılama, etibarsızlaşdırma kampaniyasının aparılması, Ankara böyükşəhər bələdiyyəsinin CXP-çi sədri Mansur Yavaşın çox sayda cinayət işləri və komandasına yönəlmiş həbslərlə davamlı təzyiq altında saxlanması, CXP-çi bələdiyyə sədrləriylə bağlı intim məlumatların hüquq-mühafizə orqanlarının əliylə mediaya sızdırılması və bunlardan ana müxalifət partiyasına qarşı qara PR üçün istifadə olunması kimi addımlarla bütün qırmızı xətləri keçdi (Euronews, 2025 a, b, Birgün 2026, Sözcü, 2026 b, c).
Nəhayət mayın 21-də Türkiyə siyasətinin ən “olmaz” deyilən hadisələrindən biri baş verdi – yenə məhkəmənin əliylə CXP-yə qələbə qazandıran komanda “kökündən etibarsız” (mutlak butlan) elan edildi. Məhkəmə qərarı CHP-nin 2023-cü ilin 4-5 noyabrında keçirilən qurultayının “kökündən etibarsız” sayılmasını ehtiva edirdi. Ancaq məhkəmə sadəcə bununla kifayətlənmədi, qərarın tətbiqi üçün lazım olan qüvvəyə minmə müddətini gözləməmək məqsədilə ehtiyat tədbiri qərarına da əl atdı. Partiyanın başqanı Özgür Özəl və digər rəhbərləri vəzifələrindən uzaqlaşdırıldı. Keçmiş sədr Kamal Kılıçdaroğlu və 2023 qurultayından öncəki partiya orqanların əvvəlki vəzifələrinə geri qaytarıldı (KHAR Center, 2026). Qərardan bir neçə gün sonra Kamal Kılıçdaroğlunu dəstəkləyən deputatlar polisin qapıları qırıb boşaltdığı CXP-nin Ankaradakı baş qərargahına girdilər (Cumhuriyet, 2026a). Özgür Özəl və komandası isə binadan çıxaraq leysan altında parlamentə yürüş edərək xalqın dəstəyinə arxalandığını nümayiş etdirdi (Anka Haber, 2026). Bununla yanaşı, Özəl partiyada qalaraq mübarizəni davam etdirəcəklərini bildirdi və mübahisələri bitirmək üçün Kılıçdaroğlunu ən yaxın müddətdə yeni qurultay keçirməyə çağırdı: “Hörmətli Kılıçdaroğlunun bu səhvi etməyəcəyinə, bu məhkəmə qərarını iradə qəsbinə çevirməyəcəyinə, seçkiylə gəlmədiyi bir partiyanı idarə etməyə təşəbbüs göstərməyəcəyinə ümid edirik” (T 24, 2026a).
Hətta iyunun əvvəlində verdiyi açıqlamada yeni partiya variantını yalnız digər yolların hamısının bağlanacağı “fəlakət ssenarisi”nə qarşı ehtiyat tədbiri kimi düşündüklərini söylədi (Diken, 2026). Çünki tərəfdarları arasında da nümayəndələrin imzaları ilə fövqəladə qurultay çağırmaq, məhkəmə qərarından şikayət vermək və partiyanın seçilmiş orqanlarını hüquqi yolla yenidən geri qaytarmaq fikri üstünlük təşkil edirdi. Ancaq proseslər göstərdi ki, Kılıçdaroğlu qurultay çağırmaq fikrindən çox uzaqdır, əksinə, CXP daxilindəki gərginliyi artırmaqda qərarlıdır. Bu məqsədlə iyunun 9-da məhkəmə qərarından sonrakı ilk CXP fraksiya toplantısında iştirak etmək (fraksiyanı ələ keçirmək) üçün 1100 partiya üzvünün imzasıyla parlament rəhbərliyinə müraciət etdi. Ancaq fraksiya rəhbəri olan Özəl də parlamentə 4400 nəfərin adından müraciət təqdim edincə TBMM rəhbərliyi ziyarətçilərin girişini qadağan etdi. Özəl parlamentdə, Kılıçdaroğlu isə CXP qərargahında toplantı keçirdi. Özgür Özəl parlamentdəki toplantıda Kılıçdaroğlunu 111 deputatın daha əvvəl verdiyi imzayla iyulun 26-dan əvvəl qurultay keçirməyə çağırdı. 26 iyul tarixinin tələffüz edilməsinin səbəbi isə sadəydi – məhkəmə qərarıyla 2023-cü il qurultayı kökündən etibarsız sayıldığından və əvvəlki qurultay da 2020-ci ilin 25-26 iyul tarixlərində keçirildiyindən CXP iki qurultay dövrünü keçirmiş olacaqdı və bu da seçkidə iştirak edə bilməmə riski yaradırdı. Bəziləri məhkəməni vilayətlərdəki və qəsəbələrdəki qurultayları ləğv etməməsini əsas gətirərək seçkidə iştiraka maneə olmadığını iddia etsələr də, 111 millətvəkili Özəlin mövqeyini dəstəkləyərək 12 iyulda qurultay keçirilməsini tələb edirdi (Yetkin Report, 2026).
Ancaq Kılıçdaroğlu cəbhəsindən qurultayla bağlı hər hansı addım gəlmədi, eyni zamanda məhkəmə də kökündən etibarsız qərarıyla bağlı şikayəti nəticələndirmədi. Bölgə Ədliyyə Məhkəməsi apellyasiya şikayətini ölkədə ədliyyə tətilinin başladığı 20 iyuldan bir neçə gün əvvəl Yarğıtaya göndərdi. Bu isə prosesin daha da uzanması deməkdir.
Beləliklə, qurultay tələblərinə məhəl qoyulmaması və seçkilərə hazırlaşmaq üçün vaxt məhdudiyyətinin olması Özəli İmamoğlu həbsə atıldıqdan sonra ehtiyat variant olaraq hazırladığı ayrı partiya yaratma fikrini həyata keçirmək məcburiyyəti ilə qarşı-qarşıya qoydu. İyulun 21-də Özgür Özəl parlamentdə CXP fraksiya rəhbəri olaraq etdiyi son çıxışında Yeni Partiyanı yaratdıqlarını elan etdi. İyulun 24-də isə partiya rəsmən qeydiyyatdan keçdi.
Nə qədər yeni, nə qədər güclü?
Yeni Partiya siyasətə sıfır nöqtəsindən başlamadı, hətta əksinə, ciddi parlament gücünə sahib bir təşkilat kimi siyasi səhnəyə qədəm qoydu. Özgür Özəl və 90 millət vəkili CXP-dən istefa edərək Yeni Partiyanın Qurucular Şurasına daxil oldu. Bu, Yeni Partiyanı parlamentin ana müxalifət partiyasına çevirib.
CXP 135 mandatlıq ana müxalifət statusunu deputatların üçdə ikisinin Yeni Partiyaya keçməsiylə itirdi və beşinci parlament partiyası oldu. Hazırda AK Partinin 277, YENİ Partinin 91, DEM Partinin 56, MHP-nin 46, CXP-nin isə 44 deputatı var (Bianet, 2026a). CXP-nin seçilmiş parlament fraksiyasının böyük hissəsi, fraksiya rəhbərliyi və partiya rəhbərliyində təcrübəsi, eyni zamanda cəmiyyətdə nüfuzu olan şəxslərin böyük əksəriyyəti Özəlin yanında yer alıb. Bu baxımdan Yeni Partiya klassik bir yeni təşkilat deyil. Adı, hüquqi ünvanı, loqosu yeni olsa da, rəhbərliyi və parlament tərkibi Özəlin sədrliyi dövründəki CXP-nin davamıdır.
Hərçənd yerli idarəetmələrdə vəziyyət parlamentdəki qədər birmənalı deyil. Bunun əsas səbəbi isə bələdiyyələrin Özələ və Yeni Partiyaya dəstək verməməsi yox, iqtidarın bələdiyyələr üzərindəki təzyiqidir. 2024-cü il seçkilərində CXP 14 böyükşəhər, 21 vilayət və 314 qəsəbə bələdiyyə sədliyini əldə etmişdi. Yeni Partiyanın bu geniş yerli idarəetmə strukturunun dəstəyini nə qədər alacağı onun təşkilati gücünü müəyyən edən əsas göstəricilərdən biri olacaq. Özəl iyulun 27-də verdiyi açıqlamada 200-dən çox bələdiyyənin Yeni Partiyaya keçmək üçün iradə ortaya qoyacağını bildirib (T24, 2026 b). Yeni Partiyanın fraksiya sədrinin müavini Gökhan Günaydın isə artıq 200 bələdiyyə sədrinin CXP-dən istefa verdiyini açıqlayıb.
Hazırda yalnız bir böyükşəhər bələdiyyəsinin sədri – Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Bəsim Dutlulu – rəsmi olaraq Yeni Partiyaya keçdiyini açıqlayıb. Bundan əlavə, beş vilayət və 12 qəsəbə bələdiyyəsinin sədri də mövqeyini açıq şəkildə ifadə edib – Özəlin yanında yer alacağını bildirib (Bianet, 2026b). Bəzi vilayətlərdə (Adana, İzmir, Erzincan, Hatay kimi) də bələdiyyə sədrləri CXP-dən istefa verdiklərini açıqlaylblar, onlarla birlikdə bələdiyyə məclisi üzvləri və rayon təşkilatları da kütləvi istefa qərarları veriblər (Gazete Oksijen, 2026a). Ümumilikdə Yeni Partiyaya dəstəyini açıq ifadə edən bələdiyyə sədrlərinin sayı 40-ı keçib və bu rəqəm hər gün artır. Amma partiya üçün kritik olan böyükşəhər bələdiyyələrində qeyri-müəyyənlik davam edir. Burada əsas intriqalardan biri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın ətrafındadır. Yavaş Yeni Partiyanın yaradılmasını təbrik etsə də, hələ nə CXP-dən istefasını, nə də yeni təşkilata keçidini açıqlayıb (Dünya Gazetesi, 2026). Özgür Özəl Yavaşa xüsusi dəvət göndərmədiklərini və onun CXP-də qalmasını Kılıçdaroğluna dəstək kimi dəyərləndirmədiklərini bildirib (T24, 2026 b). İyulun əvvəlində – NATO sammiti bitər-bitməz Ankaranın ən böyük rayonu olan Çankayanın bələdiyyə sədrini həbs edərək Yavaşa və Özələ mesaj verən Ərdoğan iqtidarı Böyükşəhər Bələdiyyəsi ilə bağlı cinayət işlərini də Mansur Yavaşın üstündə “Domokl qılıncı” kimi asılı tutur. Bu səbəbdən paytaxtda Özəlin və Yeni Partiyanın Mansur Yavaşla bağlı “biz dəvət etmədik” mövqeyi Ankara Böyükşəhər Bələdiyyə sədrini qorumaq cəhdi kimi izah olunur. Bunun Yavaşı nə qədər qoruyacağını isə yaxın zaman göstərəcək.
İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuqay hələ iki ay əvvəl – məhkəmənin “kökündən etibarsız” qərarından sonra CXP-dən istefa versə də, hələlik Yeni Partiyaya keçməyəcəyini və bir müddət müstəqil fəaliyyət göstərəcəyini bildirib (Cumhuriyet, 2026 b). Tuqayın AKP-yə keçəcəyinə dair iddialar var, ancaq Yeni Partiya hələlik bu məsələdə ehtiyatlı davranır. Haqqında cinayət işi və məhkəmə prosesi olan və Daxili İşlər Nazirliyinin qərarıyla vəzifəsindən uzaqlaşdırılan Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar isə CXP-də qalacağını “54 illik CXP-çiyəm, mənim adlarla işim yoxdur, mübarizə Atatürken iki böyük əsərindən biri olan CXP-də davam etdirilməlidir” sözləriylə açıqlayıb (T24, 2026 c). Cəmil Tuqayla problemlərinin olmadığını, qərarın zamanlama məsələsi olduğunu vurğulayan Özəl Zeydan Karaların haqqındakı cinayət işini və yaxında haqqında qərar veriləcəyini söyləyərək “Kimsə Zeydan başqanla arama girə bilməz” deyib (T24, 2026 a).
Ümumiyyətlə, əldə edilən məlumatlara görə, Yeni Partiya bələdiyyə sədrlərini və bələdiyyələrdəki gücünü qorumaq üçün bu mərhələdə onlara açıq üzvlük çağırışı etməyi planlaşdırmır. Bunun isə iki əsas səbəbi var. Birinci səbəb Yeni Partiyaya keçəcəyini açıq ifadə edən bələdiyyə sədrlərinin yeni hüquqi və inzibati təzyiq dalğası ilə qarşı-qarşıya qalacaqlarına dair narahatlıqlardır. İkinci səbəb isə bələdiyyə məclislərində ola biləcək bölünmələrin yerli idarəetmələrdə rəhbərlik böhranı yarada biləcəyi ehtimalıdır. Bu səbəbdən də yalnız öz iradəsiylə gəlmək istəyənlər qəbul ediləcək, digərlərinin qarşısında belə bir tələb olmayacaq (BBC Türkçe, 2026).
Özgür Özəl və Yeni Partiya üçün hazırda ən mühüm olan isə yerli təşkilatları formalaşdırmaq olacaq. Mayın 21-də, hələ Ərdoğan məhkəməsinin “kökündən etibarsız” qərarından əvvəl CXP-nin 81 vilayət təşkilatının seçilmiş başqanı rəhbərliyə və Özgür Özələ dəstək verdiyini açıqlamışdı (Medyascope, 2026a). İyunun 16-da isə 74 vilayətdəki CXP təşkilat sədrləri 833 qurultay nümayəndəsinin imzasını toplayaraq fövqəladə qurultay çağırışı etdi və Özələ dəstəyini açıqladı (Cumhuriyet, 2026 c). Özgür Özəl daha sonra imza verən qurultay nümayəndələrinin sayının 1004 olduğunu və 81 vilayəti əhatə etdiklərini açıqladı. Ancaq Kamal Kılıçdaroğlunun rəhbərliyindəki komanda qurultay tələbini yerinə yetirmək əvəzinə Özələ dəstək verən təşkilat sədrlərinin partiyadanxaric edilməsinə qərar verdi (Sözcü, 2026b). Özəl Yeni Partiyanı elan etmədən bir gün əvvəl 74 təşkilat sədri və qalan 7 vilayətin rəhbərliyindən nümayəndələrlə görüşdü. Görüşdə yeni partiyanın bir ay ərzində 81 vilayətdə təşkilatlanması müzakirə edildi (Demokrat 32, 2026). Doğrudur, bunlar hələ sözügedən təşkilatların avtomatik olaraq CXP-dən Yeni Partiyaya keçməsi demək deyil – iqtidarın təzyiqi yerli təşkilatlara qədər uzanır və bu səbəbdən keçidi əngəlləmək üçün yeni repressiya dalğasının gəlməyəcəyinin təminatı yoxdur. Ancaq Özəlin yerlərdə böyük bir dəstəyə ümid etdiyni söyləmək üçün kifayət qədər əsas var.
Nə qədər hazır?
Özgür Özəl və komandası yeni təşkilatı elan edərək faktiki olaraq iqtidarın “kökündən etibarsız” məhkəmə oyununu boşa çıxartı – artıq başlarının üstündə belə bir hüquqi təhdid olmadığı kimi, Kamal Kılıçdaroğlu və ətrafı ilə mübarizəyə də izafi enerji xərcləməyəcəklər. Ancaq bu avtomatik olaraq Yeni Partiyanın siyasət yollarının hamarlaşacağı mənasına gəlmir. Özəlin partiyasını qarşıdakı aylarda gözləyən ciddi texniki, təşkilati və siyasi çətinliklər var.
Seçkidə iştirak məsələsi
Bunlardan birincisi partiyanın seçkidə iştirak hüququ qazanmasıdır. Yeni Partiyanın 91 deputata sahib olması onun parlamentdə qrup yaratması üçün kifayət edir, hətta onu ana müxalifət partiyasına çevirir. Ancaq seçkilərdə iştirak üçün yetərli deyil – bu qayda 2022-ci ildə dəyişdirilib. İndiki seçki qanunvericiliyinə görə, bir partiya seçkidə iştirak edə bilmək üçün səsvermə günündən ən az altı ay əvvəl vilayətlərin ən az yarısında təşkilatlanmalı, böyük qurultayını keçirməlidir. Bir vilayətdə təşkilatlanmaq üçün isə mərkəzə bağlı rayon da daxil olmaqla vilayətin rayon-qəsəbələrinin ən az üçdə birində şöbəsini yaratmalıdır. Yəni Yeni Partiyanın qarşısındakı ən təxirəsalınmaz vəzifə ən az 41 vilayətdə təşkilatlanmaq və qurultay keçirmək olacaq. Seçkilər normal vaxtında keçirilərsə, bu, Özəl və komandası üçün problem yaratmaya bilər, amma iqtidar anidən növbədənkənar seçkiyə qərar verərək Yeni Partiyanı ofsayt vəziyyətinə salmağa da çalışa bilər. Özəl və komandası bu ehtimala qarşı seçkidə iştirak hüququ olan başqa bir siyasi partiyanı ehtiyatda saxlayır (BBC Türkçe, 2026).
Maliyyə problemi
Özəl və komandasını gözləyən ikinci çətinlik maliyyə məsələsidir. Yeni Partiya 2023-cü ilin parlament seçkilərində iştirak etmədiyi üçün dövlət büdcəsindən siyasi partiyalara verilən maliyyə yardımını ala bilməyəcək. Çünki qanunvericiliyə görə, partiyalara xəzinədən verilən yardım parlamentdəki deputatlarının sayına görə deyil, son seçkidə aldığı səslərə görə verilir – ən az 3 faiz səs almaq şərtilə. Bu səbəbdən də CXP dövlət xəzinəsindən verilən 1,8 milyard lirəni almağa davam edəcək. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı CXP-nin bu yardımından Yeni Partiyaya deputatların sayı nisbətində pay verməsinin etik olacağını bildirsə də, bunun reallaşması gözlənilən deyil (Gazete Oksijen, 2026 b). Bu səbəbdən Yeni Partiya ilk mərhələdə üzvlərdən və deputatlardan toplanan üzvlük haqları, ianələr və qanunda nəzərdə tutulan məhdud imkanlarla maliyyələşməsini təmin etməli olacaq.
Digər tərəfdən, CXP-nin binaları, daşınmaz əmlakı, nəqliyyat vasitələri, texniki infrastrukturu və maliyyə vəsaitləri hüquqi olaraq Kılıçdaroğlu komandasına qaldığı üçün Özəl və komandasının yerlərdə və mərkəzdə bu problemləri də həll etməsi lazım gələcək. Başqa bir maneə isə iqtidarın Özələ yaxın bələdiyyələri, biznesmenləri, siyasətçiləri – partiyaya maliyyə gətirə biləcək bütün kanalları təzyiq altında saxlamasıdır. “Pul ”butlan”da qaldı” deyən Özgür Özəl partiyaya ianələr üçün çox sayda müraciətlər olduğunu bildirib (Medyascope, 2026 b). İyulun 29-da isə Özəl rəsmi olaraq ianə kampaniyasını başlatdıqlarını açıqlayıb (Cumhuriyet, 2026 ç).
Kadr-komanda çətinliyi
Yeni Partiyanı gözləyən üçüncü çətinlik kadr məsələsidir. Çünki təkbaşına Ərdoğan əleyhdarlığı Türkiyədə sistemin dəyişməsi üçün kifayət etmir – doğru struktur və doğru kadrlar xüsusilə Türkiyədəki seçici üçün mühüm faktordur.
Türkiyədəki bir çox analist Özəlin xüsusilə son prosesdə doğru davrandığını, xalqın dəstəyini aldığını, ancaq buna baxmayaraq kadrlarının çox uğurlu olmadığını bildirir (Khar Center, 2026). Digər tərəfdən yeni qurulan təşkilat xüsusilə də maliyyə azadlığına sahib deyilsə, partiya quruculuğu əsnasında bir çox insanın imkanından asılı vəziyyətə düşür. Bu insanlar isə pullarının və əməklərini əvəzini partiya rəhbərliyində təmsil olunaraq almaq istəyirlər. Bu da çox vaxt güclü kadr sistemi qurmağa mane olur – İyi Partiya bunun nümunələrindən biridir (T24, 2026 ç). Başqa bir məsələ – yuxarıda qeyd etdiyimiz iqtidarın təzyiqi faktoru Mansur Yavaş nümunəsində olduğu kimi Yeni Partiyaya açıq kadr dəstəyini məhdudlaşdıra bilər ki, bu da seçicidə xəyal qırıqlığına səbəb olma riski daşıyır. Özgür Özəl və komandası bu riskləri minimuma endirmək üçün hələlik diqqətli davranır, ancaq şərtlər onları nələrə məcbur edəcək, demək çətindir. Ən ümidverici fakt hakimiyyətin CXP üzərində oynadığı oyunun partiyanın öz içində kifayət qədər mühafizəkar olan üzvləri və seçicində ciddi etiraz doğurmasıdır. “Kökündən etibarsız” qərarından sonra ölkədə keçirilən bütün nüfuzlu rəy sorğuları CXP seçicisinin artıq partiya adına, köhnə mühafizəkar “nə olursa olsun, CXP bizimdir” düşüncəsinə deyil, aparılan siyasi xəttə və mübarizəyə dəstək verdiyini göstərir.
Yeni siyasi kimlik məsələsi
Yeni Partiyanın qarşısındakı digər bir vəzifə isə yeni siyasi kimlik formalaşdırmaqdır. Partiyanın 41 səhifəlik proqramı böyük ölçüdə Özəlin sədrliyi dövründə yenilənən 130 səhifəlik CXP proqramının qısaldılmış variantından ibarətdir. CXP-nin Altı Ox, Atatürk dəyərləri, çağdaş sosial demokratiya, sosial dövlət, parlament sisteminə dönüş, bərabər vətəndaşlıq və dövlətçi iqtisadi siyasət kimi ənənəvi prinsip və yanaşmaları Yeni Partiyanın proqramında böyük ölçüdə qorunub. Yəni Özəl və komandası CXP-nin əsas prinsiplərindən qopmağı deyil, onları yeni siyasi anlayışla davam etdirməyi vəd edir (T24, 2026 ç). Yeni Partiya elektoratının əsas hissəsini CXP seçicisinin təşkil edəcəyi nəzərə alındığı zaman bu, anlaşılandır.
Ancaq eyni zamanda Yeni Partiyanın sadəcə CXP elektoratının bir hissəsi ilə (əzici hissəsi olsa da) kifayətlənmə lüksünün olmadığını nəzərə alsaq, Özəl və komandası ondan yeni kimlik və yeni yanaşma gözləyən daha geniş bir seçici kütləsinin tələblərini də yerinə yetirməlidir. Bu kütlə Özəldən CXP-nin cəmiyyətin bir hissəsində qarşılığı olmayan, hətta əks təsiri olan baqajından, CXP mühafizəkarlığından xilas olmasını gözləyir. Yeni Partiyanın CXP-nin 107 illik tarixində cəmiyyətin bir hissəsində kodlanan bu mənfi baqajdan qurtulmaq üçün şansı var – CXP əleyhdarı, mərkəz sağa yaxın və qərarsız seçiciləri səfərbər edərək öz ətrafinda birləşdirmək.
Ümidi seçkiyə daşımaq vəzifəsi
İqtidarın yaratdığı böhran Özəl və ona yaxın olan şəxsləri istər-istəməz CXP daxili konfliktin tərəflərindən birinə çevirmişdi. Yeni Partiya Özgür Özələ və tərəfdaşlarına bir tərəfdən CXP daxili davanın tərəfi olmayan, ölkədəki avtoritar nizamın dəyişməsinə dair fikri, proqramı və planı olan siyasi fiqur və təşkilat olma imkanı yaradır. Digər tərəfdən bu imkandan uğurla istifadə edilə bilmədiyi təqdirdə ümid dalğasının sönməsi və siyasi enerjinin itməsi riskini daşıyır. Yeni Partiya indi yalnız “kökündən etibarsız” qərarına qəzəbli, CXP-ni işğal edənlərdən narazı, iqtidar təzyiqlərindən bezmiş CXP-çilərin deyil, eyni zamanda Ərdoğan avtoritarziminin sona çatmasını istəyən daha geniş elektoratın ümididir. KONDA, MetroPOLL, AREA kimi şirkətlərin apardığı rəy sorğuları Kılıçdaroğlunun məhkəmə tərəfindən CXP-nin rəhbərliyinə təyin olunmasının həm partiya daxili elektoratda, həm də ümumi seçicidə ciddi qırılma nöqtəsi yaratdığını göstərir. Eyni zamanda bu sorğular (Yeni Partiya elan olunmadan əvvəl keçirilib) başqa bir ciddi nəticəni də ortaya qoyur – bu da yeni partiyanın ən az 33-37 faiz civarında səs alacağına dair proqnozdur. Özəl və İmamoğlunun daxil olduğu bir partiyanın seçkidəki nəticəsi isə 46 faiz olaraq proqnozlaşdırılır (Gazete Oksijen, 2026 c).
Yeni Partiyanın qarşısında bu ümidi strukturlaşdıraraq seçkiyə daşımaq vəzifəsi durur. Özəl və komandası bunun üçün “qara düzəni dəyişdirəcək”, “sosial demokratlar, mühafizəkar demokratlar, milliyyətçi demokratlar, kürd demokratlar, sosialist demokratlar və liberal demokratlar”ın daxil olduğu Türkiyə İttifaqı yanaşmasını təklif edir (T24, 2026 ç). Ancaq sadəcə bu təklif narazılığı seçki enerjisinə və qələbəyə çevirmək üçün kifayət etmir. Yeni Partiya həm bir-biri ilə ziddi mövqelərdə olan bu seçici qruplarının maraqlarını uzlaşdırmağı bacarmalıdır. Rəy sorğuları yeni partiyanın CXP seçicilərinin 69 faizindən başqa, İYİ Partiya seçicilərinin 39, DEM Partiya seçicilərinin 20, MHP seçicilərinin 18 və AKP seçicilərinin 9 faizindən də dəstək ala biləcəyini göstərir (T24 d, 2026). Bu, siyasi baxımdan olduqca həssas koalisiya deməkdir. Ancaq Yeni Partiyanın Ərdoğan rejiminə qarşı mübarizəni qazanmaq üçün bu riski gözə almaqdan başqa yolu da yoxdur. Digər tərəfdən, seçkilərə iki ilə yaxın vaxt qalır və Türkiyənin olduqca sürətlə dəyişən siyasəti üçün bu az vaxt deyil, Yeni Partiya uzun müddət “butlan qurbanı” pozisiyasında qala bilməz, cəmiyyət haqsızlığa qarşı Özələ və tərəfdarlarına dəstək versə də, seçki yaxınlaşdıqca onlardan daha konkret fəaliyyət gözləyəcək. Çünki Türkiyədə seçicinin narazılığı yalnız avtoritarizm, məhkəmələrin siyasəti dizayn etməsi, İmamoğlunun və digər müxaliflərin həbsi ilə bağlı deyil. Narazılığın böyük hissəsi gündəlik məişət qayğıları ilə bağlıdır – iqtisadi çətinliklər, gəlirlərin və satınalma gücünün kəskin şəkildə azalması, işsizlik, yoxsulluq, təhsil sisteminə etimadsızlıq, iqtidarın indiyə qədər öyündüyü səhiyyə sistemindəki çoxsaylı problemlər kimi. Bunun üçün Yeni Partiya iqtisadiyyat, yoxsulluq, əmək bazarı, təhsil, mənzil, miqrasiya, təhlükəsizlik və dövlət idarəçiliyi ilə bağlı inandırıcı həll yollarını ortaya qoymalı və bunu həyata keçirəcək komanda təqdim etməlidir – yəni CXP-nin indiyə qədər edə bilmədiyini etməlidir (Medyascope, 2026 c).
Eyni zamanda nəzərə almaq lazımdır ki, Yeni Partiyanın mümkün seçki uğuruna dair bütün proqnozlar Özgür Özəl-Əkrəm İmamoğlu-Mansur Yavaş kombinasiyasına hesablanıb. Hazırda partiyanın prezidentliyə namizədi Əkrəm İmamoğlu həbsdədir, Mansur Yavaş CXP-dən ayrılmağı gözə ala bilmir, Özəl isə prezidentliyə namizəd olmayacağını – Kılıçdaroğlunun etdiyi səhvi təkrarlamayacağını bildirir: “Uduzacaq şəxsi namizəd göstərməyəcəyik, hətta partiya sədri olsa belə. 2023-cü il seçkilərində Əkrəm İmamoğlu və ya Mansur Yavaş namizəd olsaydı, hazırda bu vəziyyətdə olmazdıq”. Özəl hazırda namizədlərinin15 milyondan çox namizədin səsini alan İmamoğlu olduğunu bildirib, ancaq onun namizədliyinin qarşısı alınacağı təqdirdə də yeni namizədin yenə xalq tərəfindən seçilməsinə dair planlarının olduğunu bildirib (Medyascope, 2026a). Namizədin kim olmasından asılı olmayaraq, Yeni Partiyanın gələcəyini müəyyən edəcək əsas məsələlərdən biri Özəl-İmamoğlu-Yavaş ittifaqını qorumaq olacaq. Çünki hazırda seçici Yeni Partiyanı lider partiyası kimi deyil, üç güclü siyasi aktorun ittifaqı kimi görür və qələbə ehtimalının yüksəkliyi məhz bu faktora bağlanır. Hələlik bu birlik institusional deyil, siyasi və simvolik xarakter daşıyır. Aydın məsələdir ki, qarşıdakı aylarda iqtidarın əsas hədəflərindən biri məhz məhkəmə və media əliylə bu birliyin pozulması olacaq – çünki məhz bu görüntü ümidini Yeni Partiyaya bağlayan narazı və qəzəbli elektoratı xəyal qırıqlığına uğrada bilər.
Ərdoğanın təhlükəsizlik gündəmi və beynəlxalq konyuktura
Yeni Partiyanı yalnız təşkilatlanma, maliyyə, kadr, siyasi kimlik, namizədin kimliyi kimi məsələlərin həlli gözləmir. Özəl və komandası Ərdoğanın uzun illər ərzində formalaşan “təhlükəsizliyi qoruyan güclü lider” obrazına qarşı da mübarizə aparmalı və xalqı bu vəzifəni icra edə biləcəyinə inandırmağı bacarmalıdır. İqtisadi böhran, yoxsulluq, ədalətsizlik, avtoritar idarəçilik xalqın AKP iqtidarını qarşı qəzəbini artırsa da, hələ da xarici siyasət, təhlükəsizlik, müdafiə sənayesi və böhran idarəçiliyi kimi məsələlərdə Ərdoğanın üstünlüyünə dair bir qənaət mövcuddur. MetroPOLL-un bu ilin martında apardığı araşdırmaya görə, Türkiyənin regional müharibənin ortasında qalacağı ehtimal olunan ssenaridə seçicilərin 45 faizi böhranı Ərdoğanın idarə etməsini daha təhlükəsiz hesab edir. Özgür Özəli seçənlərin faizi isə 29-dur. Eyni araşdırmada Ərdoğanın xarici siyasətdəki liderliyini Türkiyə üçün fürsət hesab edənlər 51, risk kimi görənlər isə 40 faiz təşkil edib. Ərdoğanın xarici siyasətini fürsət hesab edənlər arasında İYİ Partiya və DEM Partiya seçicilərinin təxminən üçdə birinin olması bu üstünlüyün yalnız iqtidar blokuyla məhdudlaşmadığını göstərir (T24, 2026e)
Türkiyə elə ölkələrdəndir ki, iqtisadi narazılıq çox yüksək olsa belə, təhlükəsizlik gündəmi seçicinin davranışını dəyişdirə bilir. Çünki Türkiyə seçicisi dövləti müqəddəs varlıq olaraq görür və bu varlığa təhlükə onun üçün bütün məsələlərdən əvvəl gələ bilir (KHAR Center, 2026). Ölkənin coğrafiyası da bu cür təhlükələrin, eyni zamanda bu cür təhlükələrlə bağlı manipulyasiyaların aktuallığını təmin edir. Bu şəraitdə AKP iqtidarı olduqca asanlıqla ölkə daxilindəki dəyişiklik tələblərini təhlükəsizlik riski kimi təqdim edə bilər. Bu baxımdan Yeni Partiyanın əsas vəzifələrindən biri seçicini Ərdoğanın avtoritar olduğuna inandırmaq deyil (bu məsələdə kifayət qədər konsolidasiya var), əsas məsələ cəmiyyətin böyük hissəsini Ərdoğansız Türkiyənin daha zəif, daha gücsüz, daha təhlükəli olmayacağına inandırmaqdır. Seçkinin Yeni Partiya üçün obyektiv çətinliklərindən biri məhz bu olacaq. Bu çətinlik sadəcə Ərdoğanın güclü lider obrazıyla da bağlı deyil. Hazırda dünyada siyasi konyukturanın heç də demokratikləşmə istiqamətində olmaması Türkiyə müxalifəti üçün xüsusilə ciddi maneədir. Çünki əvvəlki illərdən fərqli olaraq Türkiyənin avtoritarlaşması artıq Avropa İttifaqını, ABŞ-ı demək olar ki, narahat etmir. Avropa İttifaqının üzvlüklə bağlı müəyyən təsir mexanizmləri və Qərbin sanksiyaları əvvəlki illərdə Türkiyə iqtidarının üzərində məhdud da olsa təsir yaradırdı. Son illərdə bu təsir demək olar ki, sıfırlanıb. Hətta əksinə, Qərbdə formalaşan qənaətə görə, Türkiyənin demokratik ölkə olması mühüm deyil, mühüm olan Türkiyənin sistem aktorlarının yaxından tanıdığı və asanlıqla bazarlıq edə bildiyi güclü adamın liderliyi altında funksionallığını davam etdirməsidir. Bu güclü adam isə onlar üçün Ərdoğandır (Khar Center, 2026). Bu yanaşma Türkiyədə keçirilən son NATO sammitində də açıq şəkildə nümayiş etdirildi. ABŞ prezidenti Donald Trump Ərdoğana ən çox lazım olan “ən yaxın dost” görüntülərini səxavətlə verdi. Aİ liderləri isə demokrartik geriləmə, avtoritar idarəçilik, həbslər, müxalifətə təzyiqlər, medianın ələ keçirilməsi kimi məsələlərə heç toxunmadan Türkiyənin təhlükəsizlik, miqrasiya, terrorla mübarizə, ticarət və enerji tərəfdaşı pozisiyasını tərifləməklə kifayətləndilər. Hətta NATO sammiti ərəfəsində həyata keçirilən kütləvi həbslər də bu ritorikaya təsir etmədi, əksinə, NATO Ərdoğan iqtidarı üçün “arzuolunmaz” media orqanlarını akkreditasiya etməyərək avtoritar Türkiyə rejiminə dəstək göstərmiş oldu.
Türkiyə müxalifəti, indiki halda Yeni Partiya bu ciddi qlobal maneə ilə də mübarizə aparmaq məcburiyyətindədir. Bu vəziyyətdə Özəl və komandasının yeganə yolu qalır – xalqı, Türkiyə seçicisini doğru alternativ olduğuna inandırmaq.
NƏTİCƏ
Hazırda Türkiyədə müxalif elektorat iqtidara qəzəblidir, ancaq bu qəzəbin Macarıstan nümunəsində olduğu kimi səfərbərlik faktoruna çevrilməsi üçün güclü siyasi aktora ehtiyac var. Türkiyənin narazı elektoratı kimə səs verməyəcəyini bilir, ancaq kimsə səs verəcəyi məsələsində axtarışları hələ sona çatmayıb. İndiyə qədər müxalifətin apardığı siyasət və göstərdiyi səylər (ki bir çoxunun sonradan iqtidarın planı olduğu ortaya çıxdı) narazı elektoratın ümidini doğrultmayıb. Bu səbəbdən də xalq artıq güclü, qazanma ehtimalı olan struktur axtarışındadır. Bu strukturun seçiciyə ideoloji baxımdan nə dərəcədə yaxın olması artıq əvvəlki seçkilərdəki qədər böyük rol oynamır. Ərdoğana qalib gəlmə ehtimalı hansı təşkilatda olacaqsa, seçici ona yönələcək. Bu baxımdan Yeni Partiyanın yolu çox uzun, yükü çox ağır, mübarizəsi isə çox çətin olacaq.
Yeni Partiya Türkiyə siyasətinə sıfırdan başlayan təşkilat deyil. Parlamentin əsas müxalifət fraksiyası, CXP-nin yerli təşkilatları, bələdiyyələr, CXP seçicisi və CXP xaricindəki narazı elektoratın bir hissəsinin avans dəstəyi ilə fəaliyyətə başlayan güclü bir strukturdur. Şübhəsiz ki, bu üstünlüklər onun Türkiyədə hakimiyyət dəyişikliyi istəyən elektoratın ən güclü siyasi ünvanına çevrilməsi üçün fürsət yaradır.
Ancaq bu fürsətin mövcudluğu uğurun birbaşa təminatı deyil. Əksinə, Yeni Partiyanı arxasındakı bu dəstəyi stabil siyasi qüvvəyə çevirmə, repressiya qurbanı olaraq xalqdan aldığı avansı təşkilatlanaraq, ciddi proqram və kadr siyasətiylə alternativ yaradaraq ödəmə sınağı gözləyir. Türkiyə siyasətində keyfiyyət dəyişikliyi yaratmaq üçün Özəl və komandası CXP-nin ənənəvi sərhədlərini aşmalı, bölünməməli, əksinə, narazı elektoratı birləşdirməli, iqtidardan uzaqlaşan mühafizəkarları, milliyyətçiləri, kürd seçiciləri, siyasətdən ümidsizləşən gəncləri və iqtisadi böhrandan əziyyət çəkən geniş kütlələri alternativ ola biləcəyinə inandırmalı, təhlükəsizlik və böhran situasiyalarında Türkiyə gəmisini limana çıxarda biləcəyinə dair ümid verməli, olduqca mürəkkəb beynəlxalq konyukturada özünə həm də xarici müttəfiqlər tapmalıdır.
Bütün çətinliklərə baxmayaraq Yeni Partiyanın yaranması Türkiyə müxalifəti və cəmiyyəti üçün keyfiyyət dəyişikliyi mərhələsi olaraq qəbul edilməlidir. CXP kimi mühafizəkar sol partiyadan həm böyük kadr ordusunun, həm də elektoratın qopması cəmiyyətin dəyişiklik ümidinin təkanverici qüvvəsinə çevrilə bilər. Yeni Partiya şübhəsiz ki, hazırda Türkiyədə dəyişiklik istəyən elektorat üçün ən real ümidlərdən biridir; ancaq onun həqiqi alternativə çevrilib-çevrilməyəcəyini qarşıdakı aylarda nümayiş etdirəcəyi siyasi, sayıqlıq, qabiliyyət və performans müəyyən edəcək.
Mənbə: kharcenter.com

