Azərbaycan hələ də “turba”dan əl çəkmək istəmir.
Bu gün, 00:02

Uzun müddətdir ki, Azərbaycan iqtisadiyyatının bərbad vəziyyəti ilə bağlı həyəcan təbili çalıram. Nəhayət ki, hakimiyyətə yaxın mətbuat da bu barədə yazmağa başlayıb.
Belə davam etsə, yaxın zamanlarda Azərbaycan Cənubi Qafqazın ən geridə qalmış iqtisadiyyatına çevriləcək. Son illərin statistikası göstərir ki, Ermənistan və Gürcüstan bu yarışda Azərbaycanı üstələyir. 2020-ci ildə adambaşına düşən ÜDM üç ölkədə demək olar ki, eyni idi: Azərbaycanda 4 230 dollar, Ermənistanda 4 269 dollar, Gürcüstanda isə 4 301 dollar. Bu gün isə həm Ermənistan, həm də Gürcüstan bu göstəricidə Azərbaycanı qabaqlayıb və iqtisadiyyatlarını daha yüksək templə böyüdürlər. 2025-ci ildə Azərbaycanın iqtisadi artımı cəmi 1,4%, 2026-cı ildə isə faktiki olaraq 0% olub. Eyni dövrdə Ermənistan və Gürcüstanda artım 7%-dən yuxarı qeydə alınıb. Beynəlxalq Valyuta Fondunun proqnozları da yaxın illərdə bu fərqin davam edəcəyini göstərir. Mən hələ Azərbaycanın bu qədər neft-qaz resurslarına malik ola-ola necə bu vəziyyətə gəlib çıxması barədə danışmıram.
Ermənistan informasiya texnologiyalarını, Gürcüstan isə turizm, logistika və beynəlxalq xidmət sektorunu sürətlə inkişaf etdirərək daha rəqabətli iqtisadi model qurur. Azərbaycan isə hələ də "turba"dan əl çəkmək istəmir. Rəsmilər heç olmasa son illər ən çox inkişaf edən sahələrə baxsalar, görərlər ki, artıq neft-qaz sahəsi əvvəlki illərdəki səviyyəsində deyil. Bu gün iqtisadiyyat süni intellekt, logistika, turizm və s. kimi sahələr hesabına sıçrayış edir. Gürcüstan və Ermənistanda bu sahələrin sürətli inkişafından fərqli olaraq, Azərbaycan bu sahədə qış yuxusundadır.
Rəsmi statistikada qeyri-neft sektorunun artdığı göstərilsə də, bu artımın mühüm hissəsi dövlət xərcləri hesabına baş verir. Yol tikintisi, dövlət investisiyaları və iri dövlət layihələri iqtisadi aktivliyi saxlayır, lakin beynəlxalq bazarlarda rəqabət aparan, ixrac edən və yüksək əlavə dəyər yaradan özəl şirkətlər formalaşdırmır. Yeri gəlmişkən, dünən bizim xəbər saytları və səhifələri bəh-bəhlə məlumat paylaşırdılar ki, Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq. Azərbaycanda isə əksinə, ödənişli ixtisaslar üzrə təhsil haqları hər gün artır. Təkcə hüquq fakültəsində illik təhsil haqqı 7 600 manatdır. Bu isə artıq təhsili əhalinin əsas hissəsi üçün əlçatmaz edir. Məhz buna görə bu gün Azərbaycanda savadı və bacarığı olan hər kəs çıxış yolunu ölkədən getməkdə görür. Xaricə köçmək demişkən, bu yaxınlarda tanış bir gənc ailə ilə söhbət zamanı mənə dedilər ki, dayə axtarışı zamanı danışdıqları namizədlərin hamısı işlədikləri ailələrin xaricə köçməsi səbəbindən yeni iş yeri axtardıqlarını bildirirlər.
Digər ciddi problem rəqabət mühitidir. Bir çox sahələrdə bazar məhdud sayda iri şirkətlərin nəzarətindədir. Kiçik və orta biznesin maliyyəyə, dövlət sifarişlərinə və bazara çıxışı çətinləşir. Nəticədə sahibkarlıq əsasən ticarət, restoran və aşağı əlavə dəyərli xidmət sahələrində cəmləşir. Bu sahələrdə də orta və kiçik sahibkarlar yaradılan süni maneələrə görə sıradan çıxarılır. İri ticarət mərkəzlərinin inkişaf etməsi üçün şəhərin mərkəzinə giriş-çıxışın məhdudlaşdırılması hesabına, özü də şənbə və bazar günləri, yüzlərlə sahibkar müflis edilib. (Molokan, Torqovıy deyilən yerlərə diqqət yetirən hər kəs dediklərimin şahidi olar.)
İnnovasiya, texnologiya və ixracyönümlü istehsal isə yox dərəcəsindədir. Azərbaycanın böyük maliyyə ehtiyatları, enerji resursları və Orta Dəhliz kimi mühüm geosiyasi üstünlükləri var. Ancaq bu üstünlüklər yalnız güclü özəl sektor, sağlam rəqabət, etibarlı investisiya mühiti, keyfiyyətli təhsil və innovasiya ilə iqtisadi üstünlüyə çevrilə bilər. Əsas təhlükə iqtisadi böhran deyil. Əsas təhlükə odur ki, qonşularımız daha məhsuldar iqtisadiyyat quraraq vətəndaşlarının gəlirlərini daha sürətlə artırırlar, Azərbaycan isə zəifləyən neft hasilatı və korrupsiyada boğulan dövlət xərclərinə söykənən modeldən tam uzaqlaşa bilmir. İqtisadiyyatda gələcəyi müəyyən edən əsas göstərici bugünkü ölçü deyil, sabahkı inkişaf sürətidir.
Аслан Исмаилов

