“Bakıda doğulmuşam, azərbaycanlılarla ünsiyyətim olur” - Erməni deputat müxalifətə səsləndi

Bu gün, 12:48           
“Bakıda doğulmuşam, azərbaycanlılarla ünsiyyətim olur” -
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından yeni millət vəkili olan Vilen Qabrielyan Bakıda doğulub və türklərlə, azərbyacanlılarla ünsiyyəti var.

“AzPolitika” xəbər verir ki, bunu Qabrielyan özü dünən 9-cu çağırış parlamentin ilk iclasında çıxış edərkən deyib.

O, müxalifət üzvlərinin Azərbaycan və Türkiyə ilə bağlı hər şeyə etiraz etdiyinə eyham vuraraq deyib ki, müxalifətin ondan "niyə Bakıda doğulmusan" deyə, irad tutmayacağına ümid etdiyini bildirib.

Ermənistan mediasının məlumatına görə, Qabrielyan müxalifət deputatlarının parlament spikerliyinə namizəd Ruben Rubinyanın "Türkiyədə təhsil aldığı" məsələsini qaldırdıqlarını bildirib (Rubinyanın sözlərinə görə, o, Hrant Dink Fondunun proqramı çərçivəsində Türkiyədə türk dili kursu keçib - red.). Qabrielyan deyib ki, zaldakı istər müxalifət, istər iqtidardakı erməni deputatların təxminən 25-30%-i Türkiyəyə səfər edib. O, həmçinin özünün də Antalyada olduğunu bildirib: "Mən həm türklərlə, həm də digər ölkələrdəki azərbaycanlılarla ünsiyyətdə olmuşam".

Deputat müxalifəti bu mövzudan əl çəkməyə və "apokaliptik gündəm"dən imtina etməyə çağırıb, çünki onun fikrincə, bu, cəmiyyət tərəfindən qəbul edilmir.

Qabrielyan daha öncə təhlükəsizliyi təmin olunarsa, Bakıya köçmək istədiyini demişdi: "Əgər Azərbaycan təhlükəsizliyi təmin edərsə, mən də Bakıya köçüb orada yaşamaq istərdim". O hətta əlavə etmişdi ki, Ermənistan azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasını təmin etməlidir.

"Dünya yeni deyil; bir-biri ilə vuruşan və sonra sülh içində yaşayan bir çox dövlətlər var", - deyə o bildirib.

Qeyd edək ki, Qabrielyan 1983-cü ildə Bakıda anadan olub. 2006-cı ildə İrəvan Tibb Universitetini bitirən hazırkı deputat, Nikol Paşinyanın partiyasının qurucularından biri sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru