"Hörümçək adam: Yeni gün" qlobal kassa gəlirləri ilə sensasiyaya imza atdı

Bu gün, 00:12           
"Hörümçək adam:
"Marvel" və "Sony" studiyalarının yeni filmi "Hörümçək adam: Yeni gün" qlobal kassada böyük uğur qazanıb.

Qaynarinfo xəbər verir ki, "Variety" nəşrinin məlumatına görə, ekran əsəri Şimali Amerikada ilk həftəsonunda 355 milyon ABŞ dolları gəlir əldə edərək ABŞ kino tarixində ikinci ən uğurlu debütə imza atıb. Rekord hələ də 2019-cu ildə ilk həftəsonunda 357 milyon dollar qazanan "Qisasçılar: Final" filminə məxsusdur.

Piter Parker haqqında yeni film "Qisasçılar: Final"dan sonra ilk ekran əsəri olub ki, bir həftəsonunda 300 milyon dollardan çox gəlir əldə etməyə nail olub. Yekun hesablamalardan sonra filmin rekord göstəricini də yeniləmək şansı qalır.

Film beynəlxalq bazarda da böyük maraqla qarşılanıb. ABŞ-dan kənarda 573 milyon dollar gəlir əldə edən ekran əsərinin ümumdünya kassa yığımı 927 milyon dollara çatıb. Beləliklə, "Hörümçək adam: Yeni gün" dünya üzrə də "Qisasçılar: Final"dan sonra ikinci ən uğurlu açılış nəticəsini göstərib. "Qisasçılar: Final" ilk həftəsonunda 1,2 milyard dollar gəlir toplamışdı.

"Marvel Studios"un prezidenti Kevin Fayqi filmin startını "həqiqətən fenomenal" adlandıraraq bildirib ki, nəticələr tamaşaçıların "Marvel" qəhrəmanlarına marağının hələ də yüksək olduğunu göstərir.

Son illərdə Hollivudda "Marvel"in əvvəlki populyarlığını bərpa edə biləcəyinə dair şübhələr yaranmışdı. "Qisasçılar: Final"dan sonra superqəhrəman filmlərinə maraq azalmış, studiyanın bir neçə layihəsi kassada gözlənilən nəticəni verməmişdi.

Təxminən 225 milyon dollarlıq büdcə ilə çəkilən film həm tənqidçilərdən, həm də tamaşaçılardan müsbət rəylər alıb. "Rotten Tomatoes" platformasında film 90 faiz reytinq qazanıb, "CinemaScore" isə ona ən yüksək "A" qiymətini verib.

Film "IMAX" formatında nümayiş olunmasa da rekord nəticə göstərib. Buna səbəb həmin zalların Kristofer Nolanın "Odisseya" filmi üçün ayrılması olub.

"Sony Pictures" kinodivizionunun rəhbəri Tom Rotman hesab edir ki, filmin uğuru təkcə məşhur franşiza ilə deyil, həm də dostluq və insani münasibətlər kimi universal mövzuların ön plana çıxarılması ilə bağlıdır.

Bu arada Kristofer Nolanın "Odisseya" filmi də uğurlu nümayişini davam etdirir və dünya üzrə artıq 911 milyon dollardan çox gəlir əldə edib. Gözlənilir ki, hər iki film yaxın vaxtlarda 2026-cı ildə milyard dollarlıq gəlir həddini aşan ekran əsərləri siyahısına daxil olacaq.

Hollivud ümid edir ki, bu filmlər, eləcə də qarşıdan gələn "Dune 3" və "Qisasçılar: Qiyamət günü" kimi premyeralar sayəsində kino sənayesi pandemiyadan sonra ilk dəfə illik 10 milyard dollarlıq kassa gəliri həddini bərpa edə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru