Həkim doğumların azalmasının səbəbini açıqladı
13-06-2026, 09:34

Qadın xəstəliklərinin artması demoqrafiyaya birbaşa və dolayı yollarla təsir göstərə bilər. Ən əsas təsir doğum səviyyəsində müşahidə olunur. Reproduktiv sistem xəstəliklərinin, hormonal pozuntuların və sonsuzluq hallarının artması nəticəsində hamilə qalma göstəriciləri azala bilər. Bu isə ümumi doğum sayının enməsinə gətirib çıxarır.
Mövzu ilə bağlı tanınmış həkim Rəşad Sultan Demokrat.az-a bildirib ki, qadın xəstəlikləri dedikdə qadının cinsiyyət və çoxalma sistemi ilə bağlı xəstəliklər nəzərdə tutulur və bunların çoxalmaya və demoqrafiyaya təsir etmədiyini demək nəzəri cəhətdən düzgün olmaz:
"Amma demoqrafiyanı əsasən xəstəliklər deyil, sosiopsixoloji amillər dəyişir. Yəni nəzəri baxımdan qadının reproduktiv sistemi çoxalmaya təsir edir, adından da göründüyü kimi, lakin praktik müstəvidə demoqrafik göstəricilərə həlledici təsir edən bu deyil.
Bununla yanaşı, ginekoloqların da demoqrafik proseslərdə və uşaq sayının azalmasında müəyyən rolu var. Ailə planlaması anlayışı mövcuddur və biz bunu hər yerdə təbliğ edirik. Abort və hamiləlikdən qorunma üsulları barədə məlumat veririk. Məqsədimiz uşaq sayını artırmaq və ya azaltmaq deyil, hamiləliyin arzuolunmaz şəkildə sona çatmasının qarşısını almaqdır. Hamiləlikdən qorunma təmin edilsin ki, sonradan aborta ehtiyac qalmasın. Əgər abort zəruri olarsa, bu tibb müəssisələrində həyata keçirilsin ki, ağırlaşmalar baş verməsin. Bizim işimiz məhz bundan ibarətdir, hər kəs öz funksiyasını yerinə yetirir".
Həkim deyib ki, uşaq sayının azalması birbaşa bizim xidmətimiz deyil:
"Bu prosesdə elmi yanaşmanın məqsədi insan sağlamlığını qorumaqdır, demoqrafik göstəriciləri tənzimləmək deyil. Bir vətəndaş kimi isə demək olar ki, əhali azalmasını yalnız problem kimi görmək düzgün yanaşma olmaya bilər. Bəlkə məsələyə daha geniş baxmaq, keyfiyyətli insan potensialının formalaşmasına diqqət yetirmək daha məqsədəuyğundur. Savadlı, cəmiyyətə və dövlətin inkişafına töhfə verən insanların artması da mühüm amil kimi dəyərləndirilə bilər", - deyə o qeyd edib.

