Zelenski və Tramp son sutkada ikinci dəfə telefonla danışıblar

13-10-2025, 11:14           
Zelenski və Tramp son sutkada ikinci dəfə telefonla danışıblar
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla son sutkada ikinci dəfə telefonla danışıb.

Bu barədə V.Zelenski “Teleqram” səhifəsində məlumat verib.

“Mən indicə ABŞ Prezidenti Donald Trampla iki gündə ikinci dəfə danışdım və bu gün də çox məhsuldar söhbətimiz oldu”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, oktyabrın 11-də keçirilən danışıqlarda olduğu kimi eyni məsələlər – Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, habelə enerji sektorunun bərpasına köməklik müzakirə edilib. Ukraynanın uzaqmənzilli silahlarla təmin edilməsi də ayrıca müzakirə olunub.

“Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır. Söhbətimizi davam etdirməyə razılaşdıq və komandalar hazırlaşır. Təşəkkür edirəm!”, – deyə Prezident əlavə edib.

Qeyd edək ki, Zelenski oktyabrın 11-də ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyanın enerji sektoruna hücumları qarşısında Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə etdiyini bildirib.

ABŞ mediasının məlumatına görə, Ukraynanın yeni “Patriot” hava hücumundan müdafiə raket sistemləri ilə təchiz edilməsinin mümkünlüyü barədə müzakirələr gedir. Bununla belə, tərəflər Amerikanın “Tomaqavk” qanadlı raketlərinin gələcəkdə Ukraynaya mümkün tədarükünü də müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru